525.Az

Vətəni və sənəti Əlibaba Məmmədov kimi sevmək - Şahanə Müşfiq yazır


 

USTAD XANƏNDƏNİN VƏFATININ BİRİNCİ İLDÖNÜMÜ TAMAM OLDU

Vətəni və sənəti Əlibaba Məmmədov kimi sevmək - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

El tanınar çörəyilə,

Torpaq gülü çiçəyilə.

Nəbzi xalqın ürəyilə

Vuranları min yaşasın.

Ta uşaqlığımdan bu mahnının sözləri və musiqisi könül dünyamın ən gözəl yerində özünə məskən qurub. Həqiqətən də:

Öz adı var el yanında

Yaxşının da, yamanın da.

Hər bir kəsi öz donunda

Görənləri min yaşasın.

Bu və bu kimi onlarla mahnının, təsnifin müəllifi, görkəmli xanəndə Əlibaba Məmmədovun da ən layiqli qiymətini bu xalq özünün sonsuz sevgisiylə verdi. Axı o da "nəbzi xalqın ürəyiylə vuranlardan" idi...

Müsahibələrinin birində "Mən sənətimlə özümü daha xoşbəxt hiss eləmişəm" deyən sənətkarın xalqına olan sonsuz, ülvi eşqi də insanı heyrətə salır: "...Mən xalqımla nəfəs almışam, indi də xalqımla nəfəs alıram. Xalqım həmişə məni müdafiə edib, məni Əlibaba Məmmədov kimi sevib. Xanəndə olmaqla yanaşı, həm də musiqilər bəstələmişəm. O musiqilərin çoxu vətən haqqındadır. Bunun da kökündə xalqıma, vətənimə sevgi dayanır".

Bəli, o bu sevgisini, məhəbbətini musiqinin diliylə elə gözəl, bənzərsiz bir şəkildə ifadə etdi ki, yaşlısından cavanına - hər birimiz onun mahnılarıyla öyrəndik vətəni sevməyi, onun ifalarıyla musiqini qida bildik ruhumuza. Bəzən bir həzin layla kimi səsləndi qulağımızda, ana qucağına bənzər doğma hərarətiylə isindi bədənimiz, tilsiminə düşüb, unutduq zamanı da, məkanı da. Bir biz olduq, bir də onun ecazkar səsi.

Bəzən bir cəngiyə dönüb coşdurdu qanımızı. Sinəmiz altında ürəyimiz, damarda qanımız cövlana gəldi. Bircə göz qırpımında düşmən üzərinə yeriyib, yeri-göyü lərzəyə salacaq qüvvəti tapdıq qollarımızda.

Bəzən kövrək notlarla dilləndirdi ruhumuzu. Alıb götürdü bizi xəyallar aləminin ucsuz-bucaqsız ənginliklərinə. Sandıq ki, dünya elə budur, biz də onun aşiq bəndələri...

O, sənəti ilə bizə elə bir dərs keçdi ki, bir də baxdıq, onun "vətən eşqi" məktəbinin məzunları əldə silah əmin addımlarla irəliləyirlər düşmən üstünə. Bir də onda eşitdik ki, qəhrəman Xudayarlarımız "Vətən yaxşıdır" deyib hay salıblar "adı gəlcək könlümüz xəndan olan" Qarabağa. O qəhrəmanlar qəlbdə vətən sevgisi, üzdə təbəssüm, dildə Əlibaba Məmmədovun təsnifləriylə ucaldılar ən uca zirvəyə.

Ömrünün sonlarına doğru "qəlbimdə Qarabağdan başqa arzum qalmayıb" deyən xanəndənin Qarabağ həsrəti 30 ildən bəri mahnılarına, ifasına da hopmuşdu. Şükürlər olsun ki, ustad sənətkarımız Böyük Zəfərimizin canlı şahidi oldu, ömrünün son çağlarında ən fərqli, ən qutsal duyğuları da yaşamağı qismət elədi. Bu möhtəşəm zəfər hər bir azərbaycanlı kimi Əlibaba Məmmədova da sonsuz sevinc yaşatdı Vətən müharibəsi şəhidlərimizdən Xudayar Yusifzadənin silah yoldaşlarına son döyüşdən öncə oxuduğu "Vətən yaxşıdır" mahnısı yeni nəfəs, yeni anlam qazanaraq, bu hadisəylə sanki müqəddəslik zirvəsinə ucaldı. Bütöv bir xalq şəhid Xudayarın şirin səsinə qoşulub "Vətən yaxşıdır" dedi. Ulu sənətkar bir daha öz böyüklüyünü göstərərək bu nəğmənin "Xudayar təsnifi" adlandırılması üçün xeyir-duasını verdi.

Bu gün böyük xanəndə, yüzlərlə mahnıların müəllifi, öz şirin səsi, bənzərsiz ifası, sənət sevgisiylə Azərbaycan musiqisinə yarım əsrdən çox vicdanla xidmət etmiş Xalq artisti, professor, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli sənətkar Əlibaba Məmmədovun bu dünyaya gözlərini əbədi yummasından bir il ötür. Ölümü hər zaman adi qəbul edən, nə səsini, nə canını itirməkdən qorxan, "Allahın verdiyini yalnız Allah ala bilər" deyib təkcə Yaradanına sığınan sənətkar bir ildir ki, haqq dünyasındadır. Lakin xalqımız və Azərbaycan incəsənəti, musiqisi üçün o, dünya durduqca dipdiri yaşayacaq. Onun yazdığı, bəstələdiyi, ifa etdiyi mahnılar, təsniflər, muğamlar təkcə Əlibaba Məmmədov yaradıcılığını deyil, həm də böyük bir Azərbaycan musiqi sənətini əbədi yaşadacaq. 

 

 





27.02.2023    çap et  çap et