525.Az

Böyük Qayıdış yolunda atılan addımlar: ekoloji mənzərə də canlanır


 

Böyük Qayıdış yolunda atılan addımlar: ekoloji mənzərə də canlanır<b style="color:red"></b>

Azərbaycanın işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq həmin ərazilərdə bu ildən yerli mütəxəssislər işləri davam etdirəcək və 2026-cı ilin sonuna qədər proses yekunlaşdırılacaq. 2021-ci ildə qəbul edilən Azərbaycan-Türkiyə Qarabağ Tədbirlər Planına uyğun şəkildə, sözügedən ərazilərdə bir sıra ikitərəfli işlərin həyata keçirilməsinə başlanılıb. Ümumilikdə 105 ha ərazi ANAMA mütəxəssisləri tərəfindən mina va partlamamış sursatdan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribovun sözlərinə görə, Cəbrayılda "Ağıllı tingçilik" ərazisində meşə park kompleksinin salınması məqsədilə 200-dən artıq şam ağacı əkilib. Tinglikdə qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsal sahələri, kölgələndirmə, soyuducu, qablaşdırma və gübrə anbarları, ting tədarük mərkəzi, təlim zonası, maşın və traktor təlim parkları inşa ediləcək: "Burada il ərzində ümumilikdə yerli iqlim şəraitində uyğunlaşdırılmış 2 milyon müxtəlif tingin yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunun meşə fondu torpaqlarında meşələrin salınmasına və yaşıllaşdırılmasına dəstək məqsədilə istifadə edilməsi planlaşdırılıb".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, Cəbrayıl rayonunda ceyranların təbiətə buraxılması bu il də planlaşdırılır. Məqsəd ərazilərdə tarixən mövcud olmuş və yaxud düşmən tərəfindən nəsli kəsilmiş bəzi heyvan növlərinin ərazidə bərpasıdır: "Bu kimi tədbirlərin davamı olaraq, bezoar keçiləri, "Qırmızı kitab"a düşən nəcib maralların buraxılması nəzərdə tutulub. Hazırda olduğumuz ərazilərdə buraxılmış ceyranlar Füzuli rayonu ərazisində də artıq müşahidə olunur. Bu da ondan xəbər verir ki, əraziyə tam adaptasiya ola biliblər. Həmin ceyranlar Şirvan Milli Parkı ərazisindən gətirilib. Həm iqlimə, həm də qidaya öyrəşiblər".

F.Əliyev onu da qeyd edib ki, əlavə olaraq balıq buraxılışı tədbirləri davam etdirilir.

Xidmət rəisi söyləyib ki, 2023-cü ildə "Qırmızı kitab"a aid edilən qızıl xallı farelin, həm də çəki balıqlarının təbii su hövzələrinə buraxılması nəzərdə tutulur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının şöbə müdiri Raqub Mirzəyevin dediyinə görə, azad olunan ərazilərdə 2021-ci ildən başlayaraq 10 çay üzərində 11 avtomat hidroloji stansiyalar quraşdırılıb. Artıq o stansiyalar 2022-ci ildən fəaliyyətə başlayıb. Bu stansiyaların əsas məqsədi çaylar üzərində su sərfi, suyun səviyyəsinin və keyfiyyətinin, temperaturunun ölçülməsidir: "Məlumatlar bizim Milli Hidrometeorologiya Departamentinə göndərilir və orada təhlil olunur. Qeyd edim ki bunların hamısı müasir standartlara cavab verən yeni bir tipli stansiyalardır. Burda avtomat hidroloji stansiyalarla yanaşı radioekoloji stansiyalar da quraşdırılıb. Bunun da əsas məqsədi radiasiya məlumatlarının erkən olaraq mərkəzə ötürülərək təhlil olunmasıdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Şükürov qeyd edib ki, Laçında 40 faydalı qazıntı yatağı mövcuddur və faydalı qazıntıların istismarı zamanı təbiətə dəyən ziyanın minimumlaşdırılması üçün monitorinqlər aparılır. Aprel ayının 5-də növbəti hərracın keçiriləcəyini qeyd edən qurum rəsmisi əlavə edib ki, işğaldan azad edilən ərazilərdə olan yataqların koordinatları ANAMA-ya təqdim edilib ki, həmin ərazilərə giriş icazəsi verilsin: "Yeni istehsal sahəsi qurmaq istəyən hər bir sahibkara qapımız açıqdır. Faydalı yataqları koordinatları, onların kimyəvi tərkibi və bir sıra başqa detallarla bağlı sahibkarları məlumatlandıra bilərik. Laçında əsasən, tikinti materialları, əhəng daşı, üzlük daşı, yarımqiymətli daş yataqları, eyni zamanda, civə yataqları ilə zəngindir".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndəsi Elşad Əhmədov vurğulayıb ki, Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına 1 500 ədəd Azərbaycanın "Qırmızı kitab" növü olan qızılxallı forel balıqları buraxılıb.

Həmçinin, Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Bərgüşad və Köndələnçay çaylarına 408 000, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Ötən ildən bəri, təxminən, yarım milyon balıq işğaldan azad olunmuş ərazilərdəki su hövzələrinə buraxılıb.

Onun sözlərinə görə, bundan sonra da mütəmadi olaraq balıqların su hövzələrinə buraxılması prosesi davam edəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin reintroduksiyası ilə bağlı dayanıqlı populiyasiyasının öyrənilməsi məqsədilə həmin ərazilərdə monitorinqlər keçirilir.

A.Şükürovun sözlərinə əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin digər icraçı qurumu kimi müəyyən olunub. Nazirlik bu tədbirlərin icrası istiqamətində azad edilən ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq ümumilikdə 66 hektara yaxın sahədə 46 mindən çox ağac tingi əkilmiş, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın quraşdırılması işləri, eləcə də Zəngilan rayonunda "Ağıllı kənd" ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb.

İşğaldan azad edilən ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə 2022-ci ilin 19-20 oktyabr tarixlərində 33 baş ceyranın Cəbrayıl rayonu ərazisinə buraxılması tədbiri həyata keçirilib.

Həmçinin 2022-ci il ərzində Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına 408 000, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 000 fərd qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Nazirlik tərəfindən reintroduksiya və su bioresurlarının artırılması layihələrinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

"Təmiz Şəhər" ASC-nin şöbə müdiri Səbuhi Babayevin dediyinə görə, Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınmasına dair müqavilə imzalanıb. Artıq müqavilənin icrasına başlanılıb və nümunə olaraq yeraltı konteynerlər təqdim olunub:

"Hazırda "Şuşa istismar təmizlik sahəsi"də 14 nəfər işlə təmin edilib. 2022-ci il ərzində 5475 kubmetr tullantı müvəqqəti poliqon ərazisinə daşınıb. İşğaldan azad edilən ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanması və "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya"ya inteqrasiyası ilə bağlı hazırlanmış yekun hesabat Nazirlər Kabinetinə təqdim edilib. Bundan başqa 9 rayonda - Zəngilan, Xocalı (Şuşa şəhəri üçün), Füzuli (Füzuli rayonu və Hadrut qəsəbəsi üçün) Ağdam, Tərtər, Qubadlı, Cabrayıl, Laçın və Kəlbəcərdə poliqon əraziləri müəyyənləşdirilib".

Ekologiya va Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov deyib ki, Cəbrayıl rayonu ərazisində yandırılmış, məhv edilmiş, qırılmış meşələrin bərpası Türkiyə ilə Azərbaycanın müvafiq qurumları tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, ərazidə terasların salınması işləri aparılır: "Dostluq meşəsi" və teraslarla yanaşı digər ərazidə də ağıllı tinglik sahəsi yaradılır. Burada 8 hektarlıq ərazidə müasir stnadartlara uyğun tinglik sahəsi yaradılacaq. Tinglik sahəsi Türkiyənin ting yetişdirmə metodları ilə yetişdiriləcək. Bunun illik dövriyyəsi 2 milyon ting olacaq ki, bunlar da yüksək keyfiyyətli olacaq".

C.Qəribov vurğulayıb ki, həmin tinglər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda meşəsalma və meşəbərpa işlərində istifadə olunacaq: "Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi yaradılacaq. Mərkəzdə həm Türkiyə, həm də Azərbaycanın meşəçilik, ekoloq mütəxəssisləri yerli mütəxəssislərə təlim, treninqlər keçiriləcək. Eləcə də qonşu və Asiya ölkələrinin meşəçilik, ekoloq mütəxəssisləri burada tədris, təlim keçəcək və öz təcrübələrini bölüşəcəklər".

Sevinc QARAYEVA

 





27.02.2023    çap et  çap et