525.Az

Həbsdəki nidaçı gənc əfv ərizəsi yazdı


 

Həbsdəki nidaçı gənc əfv ərizəsi yazdı<b style="color:red"></b>

"Nida" Vətəndaş Hərəkatının daha bir üzvü əfv müraciəti ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

APA-nın əldə etdiyi məlumata görə, bu, hazırda  Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan “Nida” Vətəndaş Hərəkatının üzvü Şahin Novruzludur.
 
Ş.Novruzlu əfv müraciətində törətdiyi əməldən peşmançılığını ifadə edib: “Möhtərəm cənab Prezident, mən Novruzlu Şahin İbrahim oğlu 1995-ci il 16 sentyabr tarixində anadan olmuşam. Orta məktəbi əla qiymətlərlə bitirmiş və Odlar Yurdu Universitetinin maliyyə-kredit fakültəsində davam etmişəm. Ötən bir il ərzində keçdiyim qısa gənc həyatıma nəzər salmağa imkanlarım çox olmuşdur. Düşünürəm ki, məhkum olmağım həyatımda ən böyük səhvdir. Mən bu səhvi düzəltmək üçün yenidən bir şans verməyi sizdən xahiş edir, daim göstərdiyiniz insanpərvərlik və humanizm prinsirlərinə söykənərək məni əfv etmənizi rica edirəm.
 
Qeyd etmək istəyirəm ki, indiyə qədər heç bir siyasi təşkilatın üzvü olmamışam və bundan sonra heç bir siyasi təşkilatın üzvü olmayacağam.
 
Möhtərəm cənab Prezident, şəxsim adına söz verirəm ki, həyatımı dövlətimizin layiqli vətəndaşı kimi yaşayacağam”.
 
Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.
 
İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8,  Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki, indiyə qədər "Nida" Vətəndaş Hərəkatının daha iki üzvü - Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər.

 





10.07.2014    çap et  çap et