525.Az

Çin Rusiyaya yardım edəcəkmi?


 

Çin Rusiyaya yardım edəcəkmi?<b style="color:red"></b>

Almaniyanın nüfuzlu "Der Spiegel" nəşrinin yaydığı məlumata görə, Rusiya Çindən 100 ədəd zərbə dronunun alınması ilə bağlı danışıqlar aparır. Bu dronlar İranın "Şahed-136" kamikadze pilotsuz uçuş aparatlarının oxşarıdır. Nəşrin məlumatına görə, danışıqlar dronların istehsalçısı Xi'an Bingo Intelligent Aviation Technology şirkəti vasitəsilə həyata keçirilir. İddiaya görə, Çin şirkəti Rusiya Müdafiə Nazirliyi üçün çəkisi 35-50 kiloqram arasında olan döyüş başlıqları daşıya bilən ZT-180 pilotsuz təyyarələrinin istehsalı və sınaqdan keçirilməsinə razılıq verib. Dronların Rusiya tərəfinə 2023-cü ilin aprelinə qədər təhvil veriləcəyi gözlənilir. Nəşrin məlumatına görə, Çin şirkəti Rusiyaya dronın hissələrini ixrac etməyi də planlaşdırır. Bundan başqa, Rusiyanın Su-27 qırıcıları və digər modellər üçün ehtiyat hissələrinin təmin edilməsi də müzakirə mövzusudur. Nəşrin məlumatına görə, bunlar mülki aviasiya üçün ehtiyat hissələri kimi rəsmiləşdirilə bilər.

Qeyd etmək lazımdır ki, bu məlumat Çinin Rusiyaya dronlar sata biləcəyi ilə bağlı məlumat deyil. Der Spiegel-dən öncə Almaniyanın Die Welt nəşri də oxşar məlumat yaymışdı.

Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibi Entoni Blinkenin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ilə apardığı danışqılarda da Pekinin Moskvaya hərbi yardımı ilə bağlı məsələlər müzakirə olunub. ABŞ dövlət katibi Çin rəsmisini xəbərdar edib ki, Pekin belə qərar versə, bu, ABŞ-la Çin arasında münasibətlərə mənfi təsir edəcək. Oxşar xəbərdarlıqla bir sıra Qərb ölkələrinin təmsilçiləri də çıxış edib.

Qərb mətbuatının məlumatına görə, Çinin Rusiyaya yardım edəcəyi halda Pekinə təzyiqləri artırmaq məsələsi Qərb ölkələri arasında razılaşdırılıb. Ən son olaraq ABŞ rəsmiləri Çinin Rusiyaya hərbi dəstək göstərmək niyyəti ilə bağlı kəşfiyyat məlumatlarını açıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Çinin özündə isə belə görünür ki, Rusiyaya dəstək göstərilməsi ilə bağlı ikili mövqe var. Çin Xarici İşlər Nazirliyi israr edir ki, onlar "atəşə yanacaq atmırlar". Bundan başqa, bir sıra Çin diplomatları məxfilik şərti ilə Moskvanın və Rusiya prezidenti Vladimir Putinin ünvanına ittiham səsləndiriblər. Onlar Çinin Rusiyadan məsafə saxlamasının tərəfdarları olduqlarını da bildiriblər. Çinin Rusiya ilə ticarət münasibətləri Qərb ölkələri ilə ticarət dövrüyəsinin 10 faizinindən də azdır. Rusiyaya hərbi yardımın Qərb ölkələri ilə ticarət dövriyyəsinə və deməli, Çin iqtisadiyyatına mənfi təsir edəcəyi ilə bağlı Pekində narahatlıq var. Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər Çin iqtisadiyyatına mənfi təsir edib. Pekin məhdudiyyətlərin aradan qaldırılmasından sonra iqtisadiyyatın inkiaf edəcəyinə ümid bəsləyir. Lakin Qərblə münasibətlərin gərginləşməsi bu ümidləri dəfn edəcək. Qərblə münasibətlər isə Rusiyaya hərbi yardıma görə pozula bilər. Çin Rusiyanın ağır məğlubiyyətə uğramasını istəmir və bu məqam Pekini Moskvaya yardım göstərməyə sövq edir. Rusiyaya hərbi yardım isə Qərblə münasibətləri zədələyəcək. Çin çox seçim qarşısındadır və üzləşdiyi vəziyyətdən itkisiz çıxmağa çalışır. Buna görə də Ukraynadakı müharibəyə son qoymaq üçün sülh təklifi ilə çıxış edir. Rusiya və Çinin gələcəyi önəmli şəkildə Pekinin sülh təklifinin qəbul edilib-edilməməsindən asılıdır.

 

 

 





28.02.2023    çap et  çap et