525.Az

Jurnalist sualı ilə heç kimi ittiham edə bilməz - Sosial şəbəkədə yazılanlar


 

Jurnalist sualı ilə heç kimi ittiham edə bilməz - <b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Ermənilər son günlər şıdırğı iclaslar edir və bir-birindən əcaib (daha doğrusu, gic!) fikirlər səsləndirirlər. Məsələn, fevralın 24-də "Arsaxın beynəlxalq miqyasda tanınmasının imperativləri" adlı konfransda keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, 44 günlük müharibə ərəfəsində o, dəfələrlə Paşinyanla görüşməyə can atsa da, istəyinə çata bilməyib. Yoxsa "Arsaxı əldə saxlamağın yolunu ona izah etməyə hazır idi". Yaxşı ki, "Arsaxın" itirildiyini etiraf edir. O biri tərəfdən adamdan soruşarlar ki, on il nazir oldun, əgər belə bir yol bilirdinsə, niyə məsələni birdəfəlik həll edib başa çatdırmadın?

Dünən keçirilən "Bekum" gənclər forumunda isə Türkiyə və Azərbaycan üzrə ekspert kimi qələmə verilən Varujan Geqamyan deyib ki, "azərbaycanlılar erməni revanşizmindən oddan qorxan kimi qorxurlar. Daim qorxu içindədirlər ki, biz yenidən baş qaldırıb nəinki bütün Qarabağı, hətta digər torpaqları da geri qaytara bilərik. Odur ki, onları bundan sonra da qorxu altında saxlamaqda davam etməliyik". Məncə, hər iki halda şərhə ehtiyac yoxdur. Sadəcə, erməni xəstəliyi dərinləşir.

 

Qulu Məhərrəmli, professor:

- Hadisələrdən təxminən 1,5 ay əvvəl Xocalıda olmuşdum, TV üçün silsilə reportajlar hazırlayırdıq. Amma vertolyotların uçmaması səbəbindən çəkiliş qrupumuz 10 günə yaxın oradan çıxa bilmədi...

Hər gün Xocalı camaatı ilə ünsiyyətdə olurduq, çoxları ilə dostlaşmışdıq. Və 26 fevralda qətlə yetirilən o insanların bir çoxunu üzdən tanıyırdım...

XOCALI SOYQIRIMINI KİMSƏ UNUTMAMALIDIR!

 

Günel Mövlud, yazıçı:

- Şəkidə bir Cücəmiş kəndi vardı. Laçın qaçqınları yerləşmişdi orda. Düz on doqquz il o kəndə işıq çəkilmədi. İnsanlar mobil telefonlarını şarja qoymaq üçün ata minib, əlli kilometr çapır, rayon mərkəzində dükana-filana girib, telefonlarını sazlayır, sonra da bazarlıq edib, geri gəlirdilər.

Kənddə doğulan uşaqların yeni müğənnilərdən, şoulardan, verilişlərdən xəbəri yox idi. İnsanlar axşam çıraq işığına yığışıb, söhbət edirdilər.

Kənd camaatı öz əlləri ilə üç otaqdan ibarət məktəb tikmişdilər. Laçındakı məktəblərinin inzibati bazası əsasında kənd müəllimləri dərs keçirdi.

Cücəmiş kəndindəki orta məktəbdən məzun olan altı nəfərdən beşi ali məktəbə daxil olmuş, müəllimlik oxumuş və beşi də Cücəmiş kəndindəki uşaqlara təhsil vermək üçün kəndə qayıtmışdılar...

Bu dünyada belə gözəl şeylər də olur. Əsas televizordan, şoudan, saxtakarlıqdan uzaq durmaqdır...

Cücəmiş kəndinə bu yaxınlarda işıq çəkildi. Kəndə gedən olsa, Saybalı kişinin ailəsinə, kənd uşaqlarına müəllimlik edən oğullarına, qızı Şəfəqə və gözəl nəvələrinə məndən salam desin.

 

Aqşin Kərimov, jurnalist:

- İTV-də yayımlanan, Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyətini ifşa edən sənədli filmin birinci hissəsinə baxdım.

Vacib məqam:

Film Münhen Təhlükəsizlik Konfransından sonra yayımlandı.

Azərbaycanın kəşfiyyat sahəsində qurduğu oyunlar Ermənistanın daxilində böyük əks-səda doğura bilər.

Ermənistan xüsusi xidmət orqanının Azərbaycana qarşı fəaliyyət göstərən idarəsinin yüksək rütbəli zabitinin ifşası yeni həbslərlə nəticələnə bilər.

Ən əsası, Azərbaycan özünün pik məqsədlərinə çatmaq üçün bu proseslərdən öz xeyrinə istifadə edəcək...

 

Taleh Şahsuvarov, jurnalist:

- Qarşıma bir video çıxdı. Hansı redaksiyadan və kim olduğunu bilmədiyim jurnalist Şuşanın icra başçısı Bayram Səfərova dirənib: Jurnalist hesab sora bilməz sizdən? Bu andan etibarən jurnalistin və onun mikrafon uzatdığı şəxsin kimliyi, aralarındakı polemika maraqlı deyil. Hesab sormaq dilimizə Anadolu türkcəsindən keçib. TDK-nın lüğətinə görə, 3 mənada işlənir. Hər üç mənada ittihamçılıq var. Jurnalist öz sualı ilə heç kimi ittiham edə bilməz. Cavan, istedadlı uşaqları da bu yola çəkmək olmaz.

 

Vüsal Məmmədov, jurnalist:

- "Jurnalist" deyir ki, "mən sizdən hesab soruram", sualı da NKVD müstəntiqinin ədası ilə üç dəfə təkrarlayır. Əlacı olsa, kişini stula bağlayıb, alnında siqaret də söndürər. Bunlara kim deyib jurnalistin "hesab sora" biləcəyini?! Ümumiyyətlə, "hesab sormaq" nə deməkdir?! Jurnalist sual verə və cavab ala bilər. Cavab ürəyincə olmasa, sualı nəzakətlə təkrarlamaq mümkündür. Daha bu "vorzakon" ədaları nədir?!

 

Asif Nərimanlı, jurnalist:

- Lavrov Bakıya iki günlük səfərə gəlir. Rusiya baş diplomatının gəlişi iki kontekstə diqqət çəkir: regiondakı siyasi mənzərə dəyişib və Ermənistanla Rusiya arasında soyuq küləklər əsir; səfər ənənəvi Bakı-İrəvan xəttində deyil, Moskva-Bakı xəttində planlaşdırılır;

Hazırda Rusiya üçün Cənubi Qafqazda risklər var:

Birincisi, Ermənistanın Avropa İttifaqı missiyasını bölgəyə gətirməsi siyasi balansa və rusların maraqlarına risklər yaradıb.

İkincisi, Qərb Bakı-İrəvan münasibətlərində vasitəçiliyini xüsusilə Ermənistan üzərindən aktivləşdirir.

Bu vəziyyətdə Moskva Bakıya həm bölgədə, həm də "vasitəçilik missiyası"nda balansı qoruya biləcək həlledici oyunçu olaraq baxır. Lavrovun səfəri də Rusiya üçün yaranmış riskləri yerində müzakirə etmək məqsədi daşıyır. Hərçənd, Moskva üçtərəfli razılaşmaların icrasında ən azı praktiki addım atmalı və balansı qoruması üçün Bakıya nəsə verməlidir.

lll

İrəvan "Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələrinin" yaradılması təklifini qəbul etməyib.

İlham Əliyev bu təklifi Münhen görüşündə rəsmi şəkildə verəndə Ermənistanın qəbul etməyəcəyini yazmışdıq. Çünki bu təklif "Zəngəzur dəhlizi və Laçın dəhlizinin eyni rejimlə işləməsi" prinsipinə əsaslanır və İrəvanın bunu qəbul etməsi Bakının qarşısında 1:2 geri düşmək deməkdir: Naxçıvana "maneəsiz keçid" öhdəliyindən yayınmaq imkanı əldə edirlər, əvəzində Bakı Laçının yolunun Ermənistana çıxış hissəsində nəzarət-keçid məntəqəsi qurur və ermənilər hələ də istifadə etdikləri "Qarabağ kartından" imtina etmiş olurlar, buna paralel olaraq, Aİ missiyasını bölgəyə gətirməklə rusları qəzəbləndirən Paşinyan Moskva ilə yenidən üz-üzə qalır.

Ermənistan imtina edir, Rusiya masasındakı razılaşmaları icra etmədiyi kimi, prosesin ABŞ-ın vasitəçiliyi ilə irəliləməsinə də mane olur. Bu, mümkün praktiki addımlara zərurət yaranarsa, hər iki platformada Bakının arqumentini gücləndir.

İrəvanın hazırda əsas diqqət verdiyi istiqamət Laçın yolundakı aksiyanın başa çatdırılmasıdır. Vardanyanın "vəzifəsindən" çıxarılmasından sonra Bakının "tələbinin qəbul edildiyi" rəyini yaradır və Haaqa Məhkəməsinin son qərarını əsas tutaraq, genişçaplı kampaniya aparırlar. Məqsəd Laçın yolundakı aksiyanın qarşısını almaqla Bakının "Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir" mövqeyini zəiflətmək, eyni zamanda, erməni əhali ilə təmasların qurulması prosesində separatçıların əlini gücləndirməkdir.

Bu baxımdan, aksiyanın ən azı Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulmasına qədər davam etməsi əhəmiyyətlidir.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Zori Balayan haradadır?

Bu gün xatırlanmalı və unudulmamalı adlardan ən əsası Zori Balayandır. Xocalı soyqırımının, erməni terrorunun, "Qarabağın Ermənistana birləşdirilməsi" kimi avantürist, separatçı hərəkatın və  "Artsaxın" ideoloji banisi, "yazıçı" Zori Balayan hazırda 88 yaşında, qapalı həyat yaşayır. Əsərlərində türklərə nifrət, Qarabağ və Naxçıvanı qədim erməni torpaqları, Xocalıda törədilənləri erməni əsgərlərin  qəhrəmanlığı kimi təsvir edib.

İndiki gənclik gərək bu adı heç zaman unutmasın.

Xatırlayıram ki, onun həkim-cərrah oğlu və nəvəsi də II Qarabağ savaşında iştirak ediblər. Oğlu Hayk Balayanın müsahibəsi vardı, Ordumuzun Şuşanı azad etməsini ağlasığmaz bir əməliyyat kimi xarakterizə etmişdi.

Azərbaycan hökuməti çox çalışdı onu həbs etdirə. Ali Məhkəmə ona cinayət işi açmışdı.  İnterpola axtarışa verilənlərdən olub. Bir ara MDB ölkələrində də axtarışda olub. İnterpol onu 2005-ci ildə İtaliyada tutmuşdu. Ermənistan hökuməti və diasporanın gücü ilə xilas ola bildi. Zamanında əli hər yerə çatanlardan olub. SSRİ prezidenti Qorbaçovla görüşüb, "Qarabağın Rusiyaya birləşdirilməsi" ilə bağlı Rusiya prezidenti Putinə açıq məktub yazmışdı. Xatırlayıram ki, hətta bəzi erməni mənbələrində o, "təhlükəli avantürist" kimi təqdim edilirdi.

II Qarabağ savaşından öncə Paşinyanla birlikdə Şuşada yallı gedənlərin arasında da görüntülənmişdi. 85 yaşında olarkən Xankəndində  ona separatçı qurum tərəfindən "Artsaxın Qəhrəmanı" ordeni verilib.

Xatırlayıram ki, Prezident İlham Əliyev 44 günlük müharibədən dərhal sonra Ağdamda çıxış edərkən, Zori Balayan və digərlərini yalançı qəhrəman adlandıraraq, sinələrinə taxdığı həmin dəmir-dümürləri tullamağı təklif etmişdi. Prezident Xocalı qatillərinə "Siz öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız" demişdi.

İkinci Qarabağ savaşından sonra onu gördüm deyən olmayıb. Heç yerə müsahibə, açıqlama verməyib və heç yerdə görüntülənməyib. Görünür ki, Zori Balayan həmin "miskin həyatı" yaşamağa məhkumdur.

Düşünürəm ki, erməni təcavüzü, Xocalı soyqırımı ilə bağlı məsuliyyətə cəlb edilməli  şəxslərdən ən birincisi Zori Balayandır. Ümid edirəm, nə zamansa, o da ədalət məhkəməsi qarşısında cavab verməli olacaq.

 





28.02.2023    çap et  çap et