525.Az

Sərvaz Hüseynoğlu: "Ənvər Paşa" ilə bağlı fikrim təhrif olunmuşdu..."


 

Sərvaz Hüseynoğlu: "Ənvər Paşa" ilə bağlı fikrim təhrif olunmuşdu..."<b style="color:red"></b>

Şair-publisist Sərvaz Hüseynoğlunun yazıçı Hüseynbala Mirələmovun "Ənvər Paşa" romanı barədə bir müddət əvvəl mediada yayılan sözləri geniş əks-səda doğurmuş və birmənalı qarşılanmamışdı. S.Hüseynoğlu "Ədəbiyyat qəzeti"nin 25 fevral 2023-cü il tarixli nömrəsindəki müsahibəsində bu məsələ ilə bağlı mövqeyinə aydınlıq gətirib. Müsahibədən həmin mövzu ilə əlaqədar hissəni təqdim edirik.

 

- Ötən il "Ənvər Paşa" romanının müəllifliyilə bağlı tanınmış yazıçı Hüseynbala Mirələmovla aranızda məlum olay yaşandı. Təbii, bu olay ədəbi camiədə böyük hay-küylə qarşılandı. Fərqli fikirlər, yozumlar oldu. Aradan xeyli vaxt keçib. Amma nədənsə bu olayla bağlı əlavə heç bir açıqlamanız olmadı...

- Hesab edirəm, dədə-babalarımızın "Yanlış da bir naxışdır" yozumunun gerçəyini siz özünüz də bilməmiş deyilsiniz. Amma məlum olayla bağlı fikirlərimi sizinlə bölüşməzdən əvvəl, gərək ki, Heminqueydən oxuduğum bir hekayəni xatırlatmaq istərdim; deməli, əyalət şəhərlərindən birində üzündə dərin çapıq olan naməlum bir adam günlərlə şəhər əhlinin əsas mövzusuna çevrilir. Biri deyir adam cəngavərdi, hansı döyüşdəsə bütöv orduya qarşı təkbaşına savaşıb. Biri deyir, bu, duel məsələsidir. Xəncər, qılınc yarasıdı. Daha nələr, nələr... Əslindəsə həqiqət çox sadəymiş, sən demə, qəlyanaltıda kefli bir zabit qolaylanıb konserv qutusunu zala atmaq istəyəndə həmin adamın üzündə dərin şırım açıbmış. Belə, bu qədər. Həqiqətin gerçəyi...

"Ənvər Paşa"yla bağlı anlaşılmazlığın təfərrüatına, gerçəkliyinə gələndə isə, bir məsələni əvvəlcədən qeyd etmək istəyirəm; mənə yaxın olan, ətrafımdakı hər kəs yaxşı bilir ki, mən yaxın aylara qədər heç bir halda kompüter vasitəsindən istifadə etməmişəm. İnternet yazışmaları, "Facebook", e-mail yazışmaları mənlik olmayıb. Bəlkə sizin özünüzün də yadınıza gələr, mənim özümə də çox əziz olan yazıçı Elçin Hüseynbəyli vaxtilə "Ədəbiyyat qəzeti"nə baş redaktor gələndə müsahibələrinin birində əməkdaşlardan bəzilərinin kompüterdən istifadə edə bilməməsindən söz açmışdı. Bilirdim ki, Elçin Hüseynbəyli bu zaman məhz məni nəzərdə tutur. Çünki redaksiyada çalışan əməkdaşlar arasında təkcə mən kompüterlə işləməyi bacarmırdım. Təbii ki, bunun səbəbi də vardı. Yəni gərək əvvəlcə adamın kompüteri, müəyyən proqram yüklənmiş mobil telefonu olsun ki, o da həmin sistemlə çalışa bilsin... Biləsən, mənim iqtisadi çətinliklərim belə bir təchizatı əldə etməyimə heç vaxt yol verməyib. Ona görə də həmişə kağız-qələmlə işləmişəm. Elə indinin özündə də mən adi qələmlə yazıram. Vərdiş eləmişəm. Ailədə isə təkcə bir mobil telefonumuz olub. Övladlarım müştərək işlədiblər. Oğlum mənim Nuh əyyamından qalma əl telefonumun nömrəsindən qeydiyyatdan keçib. Yəni, faktiki olaraq mobil telefon, "Facebook", "Votsap" və sair məsələlərlə bağlı nə vardısa, evdə övladlarım məşğul olurdu... İş elə gətirdi ki, bir dəfə evdə  Hüseynbala Mirələmovun yenicə çapdan çıxmış "Ənvər Paşa" romanından söhbət düşdü. Əlbəttə, Hüseynbala müəllimlə şəxsi tanışlığım olmasa da, mən onun başqa əsərlərini də oxumuşdum. Gənclik illərinin nostalji duyğularını əks etdirən hekayələrini, "Gəlinlik paltarı" əsərini.  Xüsusilə "İki şah, iki sultan", Sara xatunun, Qazi Bürhanəddinin parlaq obrazlarını içinə alan trilogiyasını heyranlıqla oxumuşdum. Xülasə, evdə ailəvi söhbətimiz zamanı mən zarafatla dedim ki, "Ənvər Paşa" romanını Hüseynbala Mirələmov yox, mən yazmış olsaydım, bütün tənqidçilər, akademiklər bir-birinə aman vermədən məndən yazacaqdılar. Söhbət belə oldu. Mən belə dedim. Amma mənim nə demək istədiyimin fərqinə varmadan oğlum mənim adımdan məlum mətni yayımlamışdı. Əlbəttə, təhrif edilmiş şəkildə. Fərqinə varmadan. Özü bildiyi kimi. Bax, haqqında bəhs etdiyiniz olayın gerçəyi budu. Yəni "Ənvər Paşa" romanını mən yazsaydım" fikrim "mən yazmışam" kimi  təhrif olunmuşdu. Yanlışlığın naxışıydı bu...

- Açıqlamanı bu qədər gecikdirməyinizin də səbəbi oldu yəqin...

- Bilirsiniz, bu olay barədə ilk xəbəri mənə yaxın qələm dostlarım verdi. Çoxsaylı müraciətlər oldu ki, nə məsələdi? Sonrakı saatlarda, günlərdə də məlum mətnə yazılan şərhlər, çeşidli fikirlər barədə də dostlarımdan eşidirdim. Onlar kimin nə yazdığı, nə fikir səsləndirdiyi barədə nə vardısa, mənə çatdırırdılar. Özlərini yeyib-tökənlər, ucuz reytinq xətrinə ağızlarına gələni yazanlar vardı. İllərlə tanıdığım, çoxsaylı təqdimatlarda mehribanlıqla görüşüb hal-əhval tutduğumuz bir xanım yazarın fikri vardı ki, guya məni şəxsən tanımır. Məndən "Sərvaz adlı birisi" deyə söz açırdı. Biri yazırdı ki, mən dəqiq bilirəm, araşdırmışam nə olub.  Elə bil müstəntiqdi. Düzü, şaşırıb qalmışdım ki, bu adamların içində bu qədər kin-küdurət, qərəz hardandı. Atılan bir daşın dalınca bu qədər cummalarının səbəbi nədi? Təbii, anlaşıqla yanaşanlar, bu xora qoşulmayan yetərincə söz sahibi insanlar da vardı. Sağ olsunlar. Əli Rza Xələfli, Ağacəfər Həsənli, Akif Aşırlı, Adil Cəmil, Dayandur Sevgin bütün dedi-qoduların tezliklə keçib gedəcəyini söyləyirdilər. Bilirdilər ki, adi bir anlaşılmazlıq, yanlışlıq olub...

 

 





28.02.2023    çap et  çap et