525.Az

"AzerGold"un kollektivi şəhid Muxtar Qasımlını yad edib


 

"AzerGold"un kollektivi şəhid Muxtar Qasımlını yad edib<b style="color:red"></b>

Fevralın 23-də "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Vətən müharibəsində şəhid olmuş əməkdaşı Muxtar Qasımlının anadan olmasının 30-cu ildönümü ilə bağlı məzarı ziyarət edilib. Ziyarətdə iştirak edən Səhmdar Cəmiyyət kollektivi Muxtar Qasımlının əziz xatirəsinə sonsuz ehtiramını bildirib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüb.

Tədbirdə çıxış edən "AzerGold" QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov bildirib ki, müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi ilə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlarından biri də Muxtar Qasımlıdır. Qeyd olunub ki, ömrünün 27-ci baharında canını Vətən uğrunda qurban verərək, şəhidlik zirvəsinə ucalan Muxtar Qasımlı "AzerGold" kollektivinin timsalında onu sevən insanların, ümumilikdə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, ölməz xatirəsi daim ehtiramla yad ediləcək. Ziyarətdə, həmçinin, Muxtar Qasımlının valideynləri, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digərləri çıxış edərək, şəhid Muxtar Qasımlının keçdiyi döyüş yoluna nəzər salıb, onun Vətən qarşısında göstərdiyi misilsiz şücaətlərdən danışıblar.

Xatırladaq ki, "AzerGold" QSC-də Təhlükəsizlik xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsi zamanı ordu sıralarına yazılaraq, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2 oktyabr 2020-ci ildə ağır döyüşlərin getdiyi Füzuli rayonunun Alxanlı kəndində qəhrəmancasına vuruşaraq şəhadətə yüksəlib.

Baş leytenant Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

ŞAHANƏ

 

 





28.02.2023    çap et  çap et