Fevralın 24-də Xətai Sənət Mərkəzində gənc rəssam Nəsibə Quliyevanın Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Zəfər ünvanlı Vətənim" adlı fərdi sərgisi keçirilib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası və Xətai Sənət Mərkəzi tərəfindən təşkil edilən sərgidə tanınmış ictimaiyyət nümayəndələri, sənət adamları və jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının sabiq İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), professor Elmira Süleymanova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb, bu gözəl sərginin onun yubileyinə həsr olunmasından məmnunluğunu dilə gətirib.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə qeyd edib ki, sərgi "Heydər Əliyev İli" münasibətilə Akademiyanın tədbirlər planı çərçivəsində keçirilir.
Türkiyəli professor Ayşə Özkan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ramiz Əmirli, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar müəllim, professor Məzahir Fərzəliyev, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, şair Dayandur Sevgin və başqaları çıxış edərək sərgi ilə bağlı fikirlərini bölüşüb, müəllifə uğurlar arzulayıblar.
Şahanə MÜŞFİQ
çap et