525.Az

Maya


 

Maya<b style="color:red"></b>

İnsanınkı gətirməyəndə elə başdan gətirmir.

Filmin elə ilk dəqiqələrindən anlamışdım qəhrəmanın taleyində bu cümlənin izini. Uşaqlıqdan gördüyü əziyyətlər, köçkünlük həyatı, çadır şəhərciyi, məhrumiyyətlər... Bütün bunların fonunda adam yenə də nələrinsə yaxşı olacağına inanmaq istəyir. Amma təəssüf ki, inanmaq kifayət eləmir.

Bu qadının adı Mayadır. Ekranda sarışın, zərif, orta yaşlı bir xanım canlanır. Əslində, köhnə şəkillərini görmədən də, onun gənc ikən gözəl olduğunu təxmin edə bilirəm. Əlbəttə, bu gözəllik gözdən qaça bilməzdi. Buna görə də onu hələ yeniyetmə yaşında tanıyıb-bilmədiyi bir ərəbə ərə verirlər. Əsl həngamə də elə bundan sonra başlayır. Sevgisiz bir ailə həyatına məhkum olmağı bir yana, əri onun üzünə qapını qıfıllayıb gedir, xanımını bütün dünyadan tədric edir. "Əmim mənim elçiliyimdə demişdi ki, gedin Mayaya deyin ki, əmisi deyir, Allah xoşbəxt eləsin. Artıq necə xoşbəxt oldumsa..."

Məncə, bu sözlər onun ailə həyatının bütün mahiyyətini ifadə edir.

Bu evlilikdə oğlu Xalid Mayanın ən böyük dayağı, təsəllisi olur. "Mən Xalidlə böyüdüm, o mənim təkcə oğlum deyildi, atam idi, dostum idi, nişanlım idi - Xalid mənim hər şeyim idi"- deyir Maya. İllər sonra dünyaya gələn ikinci oğlu da bu evliliyi xilas edə bilmir. Nəhayət, uzun illərdən sonra cütlük ayrılır.

Filmdə gördüyüm ən yaddaqalan detallardan biri, bütün olanlara rəğmən, boşanan cütlüyün bir-biri haqqında pis danışmamaları, mədəni davranışı idi. Həm də axı onların hər ikisi qəlbində oğul dərdi daşıyır.

Bəli, bizim Maya şəhid Xalid Hassanın anasıdır.

Xalid Mahmud oğlu Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindəndir. Qazaxıstanda yaşayan Xalid 10-cu sinfə qədər Almatı şəhərində təhsil alıb, tam orta təhsilini Azərbaycanda başa vurub. Xalid ailəli idi, Məryəm adında bir qızı yadigar qalıb.

Xalid 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib. O, Vətən müharibəsi zamanı Suqovuşan, Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə ərazisində gedən döyüşlərdə şəhid olub.

Maya Xalidin nəşini tanımaq üçün morqa getməsindən danışarkən bu qadının mətanətliyinə, mərdanə duruşuna heyrət etməyə bilmirsən. Fəqət oğlunun adını anarkən yanağında parlayan yaş onun ağrılarını nişan verir. İlahi, oğlunun cansız bədənini gəzmək... - buna ürək necə dözər? Maya kimi bu dəhşəti yaşayan neçə-neçə şəhid anaları var. İlahi, bizim analar necə də güclüdürlər...

Maya müharibənin ağrı-acılarını həm uşaq, həm yeniyetmə, həm də bir ana kimi yaşayır - müharibə bu qadının taleyi imiş. Hər şeyə rəğmən o, güclüdür, o, məğrurdur, o, qürurludur.

Sənədli film Mayanın həyatındakı müharibə izlərini dolğun şəkildə tamaşaçıya çatdırır. Sənədli filmin uğurunda qəhrəman seçimi olduqca önəmlidir və bu filmdəki qəhrəman da uğurlu seçimdir. Və filmin rejissor Mayanın həyatındakı ən önəmli detalları işləməklə bu vəhdəti tamamlayır - ekran işində sərf olunan əmək nəticəsini verir.

Şəhid anası Maya Quliyevaya həsr olunmuş eyniadlı filmin ssenari müəllifi və rejissoru Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rzadır. Ekran işinin operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mirqasımdır.

Filmin çəkilişləri Ağdam, Bərdə və Sabirabad rayonlarında aparılıb.

... Bu yazını isə filmdə ən çox diqqətimi çəkən fikirlə bitirmək istəyirəm: Hər şeyin günahkarı müharibədir.

Vəssalam...

Aytac SAHƏD

 





28.02.2023    çap et  çap et