525.Az

Müharibə, Maya və Məryəm - Ramil Əhməd yazır


 

Müharibə, Maya və Məryəm - <b style="color:red"> Ramil Əhməd yazır</b>

Müharibə sənətin ən çox müraciət etdiyi mövzudur, bəlkə də. Rejissorlar, yazarlar, musiqiçilər ona müxtəlif rakursdan baxıb, kimi zaman onun estetikləşdirməyə, kimi zaman bütün amansız reallığı ilə göstərməyə çalışıblar. Mövzunun çox işlənməsi səbəbiylə adama hərdən elə gəlir ki, onu təəccübləndirəcək, diqqətini çəkəcək, sarsacaq nümunələrlə bir də qarşılaşmayacaq. Amma, lakin, fəqət...

"Maya" filmini qısa şəkildə belə adlandırmaq olar: müharibə haqqında çəkilmiş qısametrajlı sənədli film. Amma həm də belə quru, rəsmi bir adlandırma düzgün deyil. Filmi bütünüylə təsvir etmək isə çətindir. Onun ötürdüyü hiss və enerji insanın canında yaşantı kimi yaşaya bilər, yazıya köçürülməsi indi mənə mümkün görünmür. Həm də onun bütün detallarını, süjetini nəql etmək fikrində də deyiləm. Oxucu olaraq elə yazıları oxumuram deyə yazar olaraq da bu cür yazmaq istəmirəm... Üzərindən keçdiyim məsələlərdən biri də texniki işlərdir. Hər bir filmdə istənilən daha yaxşı keyfiyyəti almaq sadəcə komandanın nə qədər yaradıcı olmasından deyil, həm də texniki imkanlardan asılıdır. Kino dili ilə desək bu reallıq adlı filmin kadr arxasını bildiyimdən kiməsə bəraət qazandırmaqdan, şikayətnamə yazmaq fikrindən də uzağam...

Filmin ssenari müəllifi həyatın özüdür desək, yanılmarıq. Amma film bizə həyatın ssenarisini yox, Xəyal Rzanın ssenarisini göstərir. Çünki həyat o qədər detallarla zəngindir ki, vaxtilə qəhrəmanın bütün bir gününü yazmaq istəyindən doğan "Uliss" də belə yazılmayan saatlar, dəqiqələr, saniyələr var. Xəyal Rzanın işi həyatın yazdığı bu mətnə yenidən xronoloji bir düzüm verməkdir, bu dəfə isə öz zövqü və düşüncəsi ilə.

Rejissorun uğuru bu həyat hekayəsini pafosdan uzaq bir şəkildə izləyiciyə çatdırmasıdır. Bəli, bu sənətin metaforası, incə fəndləriylə xüsusi şəkildə boyanmış, süni şəkildə dramatizasiya edilmiş film deyil. Rejissor buna gərək də duymayıb. O, bu həyat hekayəsinə hansısa vizual imkanlarla dram əlavə etməyib. Əksinə yenə fokus sadəliyin, həyatın təbii axarınadır. Hər şeyə rəğmən həyat öz nizamıyla davam edir: Maya yemək bişirir, pişiklər heç nə yoxmuş kimi yaşayır, Ömər velosiped sürür, ərəb tikiş maşınının arxasında işləyir, avtomobillər yollarda şütüyür, bir sözlə gündəlik həyatın hər məqamında qarşımıza çıxan rituallar təkrarlanır. Rejissor gündəlik yaşamın içindəki "filmi" göstərir. Əlbəttə, pəncərə önündə bir ərəb həyat hekayəsini danışır və bir dəvə suvineri gözə dəyir; fonda filmlə həmahənglik daşıyan zövqlə seçilmiş musiqilər səslənir və sair. Bunları isə həmin nizamı pozmayan kiçik toxunuşlar olaraq dəyərləndirirəm.

Film özündə həm Vətən Müharibəsindəki bir sıra politik məsələləri, həm də günümüzün dünyasının trendi olan feminizmi də ehtiva edir. Yuxarıda filmi rəsmi-işgüzar üslubla belə adlandırmışdım: müharibə haqqında çəkilmiş qısametrajlı sənədli film. İndi isə bir az daha mahiyyətinə uyğun adlandırmaq istərdim:  "Maya" bir qadının azadlığının əlindən alınması, sonra qurban verərək bu azadlığı yenidən qazanmasının filmidir.

Erkən yaşda evlənən Maya üçün həyatın daha bir yeni üzü görünür: əsarət.  Onsuz da evindən, elindən didərgin salınmışdı. Evlilik həyatı ilə isə yeni bir əsarət başlayırdı: Əri işə gedərkən qapını çöldən bağladığından Mayanın, ətraf aləmlə əlaqəsi kəsilir. Uşaq xəyalı ilə Ağdamı tərk edib daha azad şəhərdə yaşamağı arzulayan Maya indi bağlı qapı arxasında, dörd divar içində dustaq həyatı yaşayır. O, həqiqi azadlığın mahiyyətini də məhz həmin günlərdə anlayır. Sumqayıtda evindən on dəqiqəlik məsafədə dəniz olduğunu illər sonra öyrənir. Şəhərin simvolu olan "Göyərçin" abidəsini də uzun illər sonra məhz həmin bulvarda görür. Rejissor həyat hekayəsinin dramatik bu anının ekran həllini vermək üçün filmin sonunda Maya, nəvəsi Məryəmlə birlikdə səmaya bir ağ göyərçin uçurur. Film azadlığa təşnə göyərçinin səmada süzməsi ilə bitir. Bu azadlıq işarəsi filmdəki düyünləri açır. Birincisi, Maya azaddır, daha onun üzərinə heç kəs qapını bağlayıb getmir. İkincisi, onun oğlunun ruhu azaddır, bu fani dünyadan gedib və ali bir məqama yüksəlib. Üçüncüsü, Qarabağ azaddır!

Müharibənin ağrısı, acısı uşaq Mayanı, yeniyetmə Mayanı, qadın Mayanı, ana Mayanı, nənə Mayanı ömür boyu izləməkdədir. Bu sadəcə bir ağrı və üzərindən keçən zaman deyil. Hər dönəm bu ağrının şiddətini bir az daha artırır. Uşaq Maya bir gündə böyüməyin ağrısını yaşayır. Yeniyetmə Maya evsiz-yurdsuz çadır şəhərciyində yaşamağın ağrısını yaşayır. Qadın Maya sevmədiyi kişi ilə yaşamağın ağrısını yaşayır. Ana Maya oğlunu qurban verməyin ağrısını yaşayır. Nənə Maya nəvəsi Məryəmin atasız böyüməsinin ağrısını yaşayır. Hər dövrdə bu ağrını körükləyən bircə şey var: müharibə! Acı bir rəmzlər dünyası: Müharibə, Maya, Məryəm. Müharibə öz "M" hərfini iki fərqli nəsli təmsil edən qadına "hədiyyə" edib. Burdakı simvolika məni heyrətləndirir. Eyni zamanda, "M"lə başlayan tarixçə yenə Məryəm`in "m" hərfi ilə bitir. Ümid edirəm ki, bu mistika bir də təkrarlanmayacaq şəkildə pozulur və sonuncu "m" ilə bu çevrə qapanır...

 

 





28.02.2023    çap et  çap et