525.Az

Zəhra Əhmədova: "Qızlarımı şəhid qızı, şəhid nəvəsi adına layiq böyüdəcəyəm"


 

Zəhra Əhmədova: "Qızlarımı şəhid qızı, şəhid nəvəsi adına layiq böyüdəcəyəm"<b style="color:red"></b>

Müsahibimiz Vətən müharibəsində şəhid olmuş cəsur tankçı Mahmud Əhmədovun həyat yoldaşı Zəhra xanımdır. O, həm də şəhid qızıdır. Atası İman Məhərrəmov Birinci Qarabağ müharibəsində şəhadətə yüksəlib. Taleyinə həm şəhid qızı, həm də şəhidin həyat yoldaşı olmaq yazılan Zəhra xanımın ömür kitabını özü ilə birlikdə vərəqlədik:

 

- Zəhra xanım, istərdim öncə Birinci Qarabağ müharibəsində şəhid olan atanızdan danışaq.

- Atam İman İslam oğlu Məhərrəmov 1969-cu ildə Füzuli rayon Qazaxlar kəndində anadan olub. 1987-ci ildə Yakutiski şəhərinə hərbi xidmətə gedir və 2 illik hərbi xidmətdən sonra qayıdır. O, əsgərlikdə olanda anası rəhmətə getdiyindən qayıdan kimi atası evləndirmək istəyir. Beləcə, 1989-cu ildə anam Nəcibə xanımla ailə həyatı qurub Füzulinin Qarakollu kəndində yaşayırlar. Mən 1991-ci ilin 4 iyununda doğulmuşam. 1992-ci il 4 iyun tarixində mənim 1 yaşımı qeyd edəndən sonra 15 iyunda könüllü olaraq Birinci Qarabağ müharibəsində döyüşlərə qatılır. 1992-ci il 26 iyulda Füzuli rayonunun Ərgünəş dağında şəhidlik zirvəsinə ucalır. Məzarı hazırda Füzulinin Qazaxlar kənd qəbiristanlığındadır.

- Şəhid qızı kimi böyüdüyünüz illəri necə təsvir edərdiniz?

- Evdə, ailədə həmişə əzizlənmişəm, bir insan xətrimə dəyməyib. Babam mənə ata əvəzi olub. Atamın yoxluğunu 2006-cı ildə babam rəhmətə gedəndə hiss etmişəm. Hər zaman atam haqqında xoş sözlər eşidərdim. Ən çox yadımda qalan onun məzarını ziyarətlərimizdir. Atamın məzarı bizim evdən çox uzaq idi. Hər cümə axşamında anam əlimdən tutub mənlə birgə atamı ziyarətə gedərdik. Yolboyu gah məni qucağına alardı, gah da yorulub yerə qoyardı, beləcə saatlarla gedərdik. Heç vaxt anama atamla bağlı sual verməzdim, onu daha da incitməkdən qorxardım. Amma anam özü danışardı. Deyərdi ki, atan sənə çox bağlı idi, səni çox sevirdi. Mənim adımı da atam öz anasının adını qoyub. Anasına çox bağlı olub. Məni də həm balası, həm anası kimi sevib. Mənim ilk sözüm də "ata" olub. Amma atam heç vaxt eşitməyib. Məktəbə başqa uşaqları atası gətirəndə məni anam, babam aparıb gətirərdi. Axı atam yox idi. Qohumlarda kimsə balasını qucaqlayanda, ata deyib üstünə qaçanda ağlayıb "kaş ki, mənim də atam olaydı, atam gəlsin" deyərmişəm. Düzdür, şəhid qızı kimi hər kəs hörmət edərdi, amma atasızlığı əvəz etmir ki. Bunları danışmaq mənimçün çox çətindir. Bəli, anam məni elə saxlayıb ki, heç atalılardan seçilməmişəm. Amma heç nə atamın yerini doldurmayıb. Ailə qurandan sonra atamı daha çox axtarmışam. Qız böyüdükcə ona ata daha çox lazım olarmış. Bu gün də atamı axtarıram, darıxıram. "Ata" sözünü dilinə ala bilməyən bir uşaq üçün "ata kimdir" sualına cavab vermək çox çətindir..

- Mahmudla necə tanış olub evlənmişdiniz?

- Atam şəhid olduğundan həmişə deyirdim ki, hərbçi ilə ailə quracağam. Sonra tale qarşıma Mahmudu çıxardı. Onunla bir toyda tanış olmuşduq. Danışığı, hərəkəti, davranışı çox xoşuma gəlmişdi. Bir neçə ay danışdıq. Mənim anam deyərdi ki, səni uzağa verməyəcəm. 2013-cü ilin martın 1-i idi. Mahmudla görüntülü danışırdıq. Qardaşı, gəlinləri də yanında idi. Birdən qardaşı dedi ki, gəlirik səni aparmağa. Beləcə, martın 2-də Mahmuda qoşulub qaçdım. Martın 24-də toyumuz oldu.

- Necə həyat yoldaşı idi?

- Çox gözəl ailə başçısı, dost, yoldaş... Onunla o qədər gözəl yaşamışıq ki! Məni uşaq kimi əzizləyərdi. Bircə bazar günü evə tez gələrdi, onda da günorta məni götürüb Ağstafadan Füzuliyə anamı görməyə aparardı. Bir saatlıq anamı görüb təzədən geri qayıdardıq. Anamı da çox əziz tutardı. Heç vaxt mənə heç nədə qadağa qoymazdı. Hətta bir gün bəzənməyəndə deyərdi ki, nə olub, niyə bikefsən. Mənimçün hər şey edərdi. Onunla həyatımız bambaşqa olub.

- Bəs necə ata idi? Övladıyla bağlı hansı arzuları vardı?

- Bizim üç il yarım uşağımız olmayıb. Demək olar ki, artıq əlimizi üzmüşdük. Bir gün Bakıya xalam oğlunun toyuna getmişdik. Onda bibim məni həkimə apardı, öyrəndik ki, uşağımız olacaq. Mahmud bu xəbəri o qədər böyük sevinclə qarşıladı ki, sevindiyindən xəstəxananın ətrafında dönürdü. 2016-cı il yanvarın 2-də Nur qızımız doğuldu. Qızına çox bağlı idi. Səhər saat 6-da işə getsə də, gecəni Nurla oynayırdı. Getdiyi hər yerə Nuru da aparardı. Mən uşaqlığımı qızımla, Mahmudla birgə yaşadım, onlarla böyüdüm. Həmişə deyərdi ki, qızımı oğlan kimi böyüdəcəm, idmana qoyacam, oxudacam, ona maşın alacam. Nuru məktəbə aparmağa tələsərdi. Deyirdi, nə vaxt böyüyəcək, nə vaxt əlindən tutub məktəbə aparacam?! Arzuları çox idi, heyf ki, qismət olmadı.

- İkinci qızınız onun şəhadətindən sonra dünyaya gəldi...

- 4 il sonra yenidən ata-ana olacaqdıq. Mingəçevirdə qalırdıq. Uşağımız üçün hər şeyi birlikdə seçirdik. Karantin olduğundan evə buraxılmadı, işdə qaldılar. Sonra müharibəyə hazırlıq və müharibə oldu deyə uşağın cinsiyyətini belə öyrənə bilmədi. Deyirdi, oğlum olsa, adını Tuncay qoyacam, qızım olsa, Mələk. Cinsiyyətini öyrənə bilmirdi, amma həkimə gedəndə ordan zəng edib ürək döyüntüsünü dinlədirdik. Dəfələrlə ürək döyüntüsünü dinləyib ağlayırdı. O səhnə heç vaxt yadımdan çıxmaz. Bu qədər böyük həvəslə gözlədiyi balasını bircə dəfə də görə, toxuna bilmədi.

- Onun işinə, sənətinə münasibəti necə idi?

- Tankçı idi. İşini, tankını çox sevirdi. Bir dəfə ayağına tankın yarımtonluq minatəmizləyəni düşdü, ayağı sındı. 6 ay Gəncədə hospitalda yatdı, amma təqaüdə çıxmadı. Formasına, işinə çox sadiq idi. Bu sədaqəti, sevgisi və peşəkarlığı ilə seçilirdi.

- Qarabağın işğalıyla, azad olunmasıyla bağlı nə düşünürdü?

- Qarabağın işğalıyla heç zaman barışmazdı. Deyirdi "bizim dədə-baba torpaqlarımızda niyə düşmən gəzməlidir. Biz o vaxt rahat nəfəs ala bilərik ki, uşaqlarımız o torpaqlarda gəzsin, oynasın. Bizim kimi oğlanların torpağı yad əldə qalmamalıdır. Bəs onda biz niyə yaşayırıq?!" Dedi və elədi də. İndi o oğulların canı, qanı bahasına torpağımız azadlığına qovuşdu.

- Müharibəyə necə çağırıldı və necə getdi?

- 14 il idi hərbçi kimi xidmət edirdi. Sentyabrın 24-dən evə gəlmədi. Sentyabrın 27-si səhər mesaj yazdı ki, qorxma, qoluma daşlar girib. Tez zəng elədim, təcili yardım maşınında idi. Tərtər istiqamətindən qatılıb döyüşə, Suqovuşanda tankını vurublar. Yanındakı iki əsgər şəhid olmuşdu, özü isə yaralı halda Bərdə xəstəxanasına gətirildi. 18 gün xəstəxanada qaldı. Bircə gün belə yanına getmədiyim olmadı. Qızımla, anamla birgə xəstəxanalar gəzdik. Oktyabrın 18-i çıxdı, evə gəldi, sağ-salamat qayıtdığı üçün qonaqlıq verdim. Nə biləydim bizi nə gözləyir. Oktyabrın 19-u işə getdi, qənimət götürülən tankı düzəldirdilər. O gedəndə qızım çox ağladı, hətta maşının dalınca qaçdı. Halbuki heç vaxt elə etməzdi. Sanki uşaq hiss eləmişdi ki, atası bir də qayıtmayacaq. Oradan zəng elədi ki, mən gedirəm, özünüzdən muğayat olun.  Sağ əli işləmirdi, həkim yararsız yazmışdı, amma o dayanmadı. Nə qədər yalvardım ki, özüm atasız böyümüşəm, Nuru atasız qoyma, dinləmədi.

- Ən son nə vaxt danışmışdınız? Nələr deyirdi?

- Vaxt, imkan olduqca yığırdı. Oktyabrın 25-i bibim oğlu şəhid oldu, Füzuliyə gəldik. Sonra digər bibim oğlu ağır yaralı gətirildi, Bakıya onun yanına getdik. Zəng elədi, dedi ki, mənə halallıq ver. Ağladım, dedim, o nə sözdür. Dedi, elə belə, hər ehtimala. Anamla danışıb halallaşmaq istədi, amma anam yanımda yox idi. Noyabrın 4-də səhər saat 9-a qalmış yığdı, danışdıq, dedi hər şey yaxşıdı. Amma əslində, pis imiş. Hamiləydim deyə qorxutmaq istəmirdi. Deyirdi, bir bilsən buralar nə gözəldir. Gəlib sizi də bura gətirəcəm, qızımı gəzdirəcəm buralarda. Dedim gəlim Füzuliyə, dayımgilə, sən də imkan olsa, gəl ora. Dedi, yaxşı.

Hazırlaşırdım ki, dayımgilə gedim, dayım xalama zəng edib, deyər ki, belə bir xəbər var, qoyma Zəhra gəlsin bura, gedin Ağstafaya. Bunu mənə deyəndə, dedim niyə ora gedirik, dedilər elə-belə. Nə qədər elədim, demədilər. Mahmudu yığdım, zəng çatmadı. Birdən baldızım zəng elədi, dedi, yoldaşın şəhiddir, qızını da götür gəl. Sanki dünya başıma yıxıldı. Gəldik Ağstafaya, beş gün orda qaldım, sonra Füzuliyə gəldim, amma Mahmud tapılmırdı. 12 gün axtardıq. Noyabrın 17-də Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olundu. Çox sevdiyi tankı əcəli oldu, tankının içində yandı Mahmud.

- Siz həm də şəhid qızısınız. İndi isə sizin taleyinizi qızlarınız yaşayacaq...

- Elə ən ağırı da odur. Bu gün hər qızlarıma baxanda ölürəm. Balaca qızım şəkilləri əzizləyir, ata deyib öpür. Böyük qızım, 3 ildir, özünə gələ bilmir. Qızlarımla, anamla eyni taleyi yaşamaq varmış qismətimdə. Bəlkə də atam şəhid olmasaydı, mən Mahmudun şəhidliyinə bu qədər yanmazdım. Belə yazımı olar? Mən də ata görmədim, ata deyə bilmədim, qızlarım da ata görməyəcək, ata qucağına həsrət böyüyəcəklər. Qızım atası olan uşaqlara elə həsrətlə baxır ki, bir ana kimi məhv oluram, heç cür dözə bilmirəm.

Şəhid adına qurban olum, fəxrli adları var üstümüzdə. Nə qədər çətin olsa da, şəhid qızı, şəhid xanımı olmaq qürurludur. Atamla da, yoldaşımla da, bibimin qardaş dediyim, şəhid olan bircə oğlu ilə də fəxr edirəm. Necə ki, mən şəhid qızı adına layiq böyüdüm, hər zaman bu məsuliyyəti öz üstümdə hiss elədim, eləcə də qızlarımı şəhid qızı, şəhid nəvəsi adına layiq böyüdəcəyəm. Daha bizim anamdan və qızlarımdan başqa kimsəmiz yoxdur. Nə qədər qürur duysaq da, bu yanğı heç zaman keçməz. 

- Heç yuxularınıza girirmi? Necə görürsünüz yuxuda?

- Tez-tez gəlir yuxuma. Noyabrın 16-da gördüm axsayaraq gəlir. Ayağının axsamağı hamının yuxusuna girmişdi. Balaca qızım olanda xəstəxanada idik, ciddi problemlər vardı, həkim dedi uşaq gəlir, ağlayıb çığırırdım. Gördüm gəldi, başımı sığalladı, dedi, qorxma, ikiniz də yaxşı olacaqsız. Həqiqətən də möcüzəylə qızım doğuldu, ikimiz də yaxşı idik. Ən çətin anlarımda onu görürəm, tez-tez gəlir, əlimi tutur, gülür, kömək edir. Deyir ki, qorxmayın, mən yaşayıram, yanınızdayam. Bəli, bizimçün o, həmişə yaşayacaq. O, əbədiyyən bizim 32 yaşlı ölümsüz atamız olaraq qalacaq.

Şahanə MÜŞFİQ

 





28.02.2023    çap et  çap et