Fevralın 28-də Azərbaycan Milli Kitabxanası ilə Latviya Milli Kitabxanası arasında EU4 Dialog layihəsi çərçivəsində onlayn görüş keçirilib.
525.az xəbər verir ki, onlayn görüş Qarabağda mədəniyyət müəssisələri və kitabxanaların yenidən qurulması ilə bağlı layihənin müzakirəsi ilə əlaqədar təşkil olunub.
İlk öncə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bütün iştirakçıları salamlayıb və bu layihənin uğurlu olacağına ümid etdiyini bildirib. O, çıxışında qeyd edib ki, təəssüf ki, erməni qəsbkarları tərəfindən işğal edilən torpaqlarımızda 4.6 milyon kitab fondu olan 975 kitabxana məhv edilib. Artıq torpaqlarımız işğaldan azad edilib və biz həmin kitabxanaları yenidən qurmağa çalışmalıyıq. Lakin işğaldan azad olunan ərazilərimiz erməni hərbi birləşmələri tərəfindən minalandığından hazırda orada quruculuq işlərinin aparılması qeyri-mümkündür və minatəmizləmə işləri aparılır. Gələcəkdə azad olunan ərazilərimizdə kitabxanaların bərpasında belə layihələr bizə bu işdə böyük köməklik göstərəcək.
Təklif olunan layihənin 2 istiqaməti görüş iştirakçılarının nəzərinə çatdırılıb. Birinci istiqamət – təcrübi məşğələlərdir və bunlar 3-4 həftə davam edəcək. Bu zaman Qarabağ kitabxanalarının təşkilində iştirak edəcək 2 mütəxəssisin Latviya kitabxanalarında təcrübə keçməsi nəzərdə tutulur. İkinci istiqamət – yay məktəbi adlanır. 20 mütəxəssisin iştirakı ilə keçiriləcək yay məktəbinin 7-8 gün davam etməsi planlaşdırılır.
Görüş zamanı bildirilib ki, belə layihələri işğaldan azad olunmuş torpaqlarımızda kitabxanaların yenidən qurulması üçün böyük dəstək hesab etmək olar.
Qeyd edək ki, hazırda Azərbaycan Milli Kitabxanasında “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində işğaldan azad olunan torpaqlarda yaradılacaq kitabxanalar üçün artıq 120.000 nüsxədən artıq kitab toplanıb. İlk növbədə Zəngilanın Ağalı kəndində və Şuşa şəhərində kitabxanaların yaradılması nəzərdə tutulur.
Onlayn görüş zamanı Azərbaycan Milli Kitabxanası tərəfindən ingilis-dilində hazırlanan “Erməni işğalından azad olunan bölgələrdəki Azərbaycan kitabxanalarının hazırkı vəziyyəti” mövzusunda slayd iştirakçılara təqdim edilib.
çap et