|
|
|
|
Avropa İttifaqı Rusiyaya qarşı növbəti - onuncu sanksiya paketini qəbul etdi. Yeni sanksiya ilə Tinkoff bank, Alfa bank və Rosbank SWIFT sistemindən çıxarıldı. Yeni sanksiyalar paketi 1473 şəxsə və 205 təşkilata qarşı məhdudiyyətlərin tətbiqini də nəzərdə tutur. Məhdudiyyətlər tətbiq olunan şəxslərin Avropa İttifaqı ərazisinə girişi qadağan olunur və aktivləri dondurulur. Bu məhdudiyyətlər sırasında Rusiyaya qarşı 11,4 milyard avro məbləğində ticarət məhdudiyyətləri tətbiq edilməsi qərara alınıb.
Avropa İttifaqı ilə yanaşı, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya da Rusiyaya yeni sanksiyalar tətbiq ediblər. Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla yanaşı diqqət çəkən bir məqam da əvvəlki qadağaların işləməsinə nəzarətin artırılmasıdır. Bu məqsədlə üçüncü ölkələrdən olan şirkətlərə və fiziki şəxslərə qarşı da qadağalar gündəmə gəlib. Bunun nəticəsi kimi Avropa İttifaqı Rusiyaya qarşı qadağalara qoşulmayan ölkələrin şirkətlərinə qarşı da sanksiyalar tətbiq edib. Bunların sırasında Birləşmiş Ərəb Əmirliyi və İrandan olan şirkətlər öndə yer alıb.
Məlum olduğu kimi ötən ilin sonunda Avropa İttifaqı sanksiyalar üzrə xüsusi komissar vəzifəsinin yaradılmasını elan etmişdi. Bu komissarın əsas vəzifəsi Rusiyanın sanksiyalardan yan keçməsinin qarşısını almaqdır. Bu vəzifəyə təcrübəli diplomat David O'Salivan təyin edilib. Bu şəxs bundan əvvəl Avropa İttifaqının Vaşinqtondakı nümayəndəsi və Avropa diplomatik departamentlərindən birinin rəhbəri olub. Brüsseldə və Vaşinqtonda aydın görürlər ki, Rusiya üçüncü ölkələr vasitəsilə sanksiyalardan yan keçməyə çalışır və müəyyən uğurlar da qazanıb. Ötən ilin sonuna olan məlumata görə, Rusiyanın Türkiyədən idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq ayda 1 milyard dollar təşkil edib. Rəsmi məlumata görə, ən azı 13 Türkiyə şirkəti 10 Rusiya şirkətinə hərbi məqsədlər üçün istifadə oluna bilən və ixracı qadağan edilən mallar da daxil olmaqla 18 milyard dollar dəyərində mal satıb.
Rusiyanın sanksiyalardan yayınmaq üçün yalnız Türkiyədən istifadə etmir. Rusiya Birləşmiş Ərəb Əmirliyindən daha çox istifadə edir. Hətta bu ölkədə yerləşən bəzi şirkətlər Rusiya neftinin sanksiyalardan yayındırılmasında iştirak edib. Buna görə də Dubayda yerləşən SUN Ship Management Ltd şirkəti ABŞ-ın sanksiyasına məruz qalıb.
Avropa İttifaqı ilə yanaşı ABŞ və Britaniya Rusiyanın BƏƏ-də yaratdığı "anti-sanksiya mərkəz" lərini zərərsizləşdirməyə başlayıb. İlk olaraq ABŞ və Britaniya qadağalara məruz qalmış Rusiya banklarının Dubaydakı filiallarına qarşı sanksiyalar tətbiq etməyə qərar verib. Qadağalardan sonra Rusiya banklarının 80 faizi Vaşinqtonun sanksiyaları altındadır.
Yanvar ayının sonunda Əbu-Dəbiyə səfər edən ABŞ maliyyə nazirinin müavini Brayan Nelson BƏƏ rəsmiləri ilə görüşdə Rusiyaya kömək edən şirkətlərə və şəxslərə qarşı sanksiyalar tətbiq edəcəkləri ilə bağlı xəbərdarlıq etmişdi. Rusiya şirkətləri kütləvi halda BƏƏ-də nümayəndəliklər açır və ya yeni şirkətlər təsis edirlər. Bu ilin iki ayı ərzində ruslar BƏƏ-də 700-dən çox şirkət açıb. Brayan Nelson maliyyə nazirinin müavini olmaqla yanaşı, həm də maliyyə kəşfiyyatının kuratorudur. Ona görə də Nelsonun BƏƏ rəsmiləri ilə müzakirələr zamanı əlindəki kəşfiyat məlumatları əsaslanıb və tərəf müqabillərini sıxışdırıb. Nelsonun səfərindən bir neçə gün sonra BƏƏ Sberbank-ın törəmə şirkətin bağlamaq məcburiyyətində qalıb. Əmirliyin hökuməti fevralın 6-da Abu Dabidə yerləşən Sberinvest Middle East Limited-in bütün növ bank xidmətləri üçün icazələrini ləğv edib. ABŞ Maliyyə Nazirliyinin maliyyə kəşfiyyatı xidməti böyük banklarla yanaşı, Kazan Ak Bars Bank kimi kiçik bankların da fəaliyyətini diqqətlə izləyir.
Qərb dövlətləri, ilk növbədə isə ABŞ Rusiyanın "nəfəslik"lərini bağlamaqda qətiyyətli davranacağını nümayiş etdirir. ABŞ dövlət katibi Entoni Blinkenin Qazaxıstan və Özbəkistana səfəri də əsasən bu məqsədə xidmət edir.
ABŞ-la Mərkəzi Asiyanın beş ölkəsi - Qazaxıstan, Özbəkistan, Qığızıstan, Tacikistan və Türkmənistan arasında iqtisadi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi də Blinkenin qarşısında duran vəzifələrdən də biridir. ABŞ Rusiyanın zəifləməsindən sonra Mərkəzi Asiyada bir boşluq yaranacağından və Çinin bundan istifadə edəcəyindən narahatdır. Ona görə də prezident Co Bayden dövlət katibi Entoni Blinkeni regiona göndərib.
ABŞ dövlət katibinin planında regionun iki aparıcı dövləti, Qazaxıstan və Özbəkistanın rəsmiləri ilə yanaşı, Qırğızıstan, Tacikistan və Türkmənistandan olan yüksək səviyyəli hökumət rəsmiləri ilə də ayrıca görüş var. Entoni Blinken bu ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını müəyyən etməyə çalışır.
Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında ötən il ticarət dövriyyəsi sürətlə artıb. Məsələn, Qazaxıstanla Rusiya arasında ticarət dövriyyəsi ötən il 2 milyard dollar artaraq 26 milyard dollara çatıb. Rusiya ilə Özbəkistan arasında ticarət dövriyyəsi 2022-ci ilin sonunda 2021-ci ilə nisbətən 23 faiz artaraq 9,28 milyard dollar təşkil edib. Ötən il Rusiya ilə Tacikistan arasında ticarət dövriyyəsi 35 faiz artaraq tarixdə ilk dəfə olaraq 1,5 milyard dolları ötüb. Qırğızıstanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi isə 3 milyard dollara yaxınlaşıb. Rusiya ilə Türkmənistan arasında 2022-ci ilin səkkiz ayı ərzində ticarət dövriyyəsinin həcmi təxminən 478 milyon dollar təşkil edib. Halbuki, 2021-ci ilinin müvafiq dövründə ticarət dövriyyəsi 343 milyon 810 min 230 ABŞ dolları təşkil edib. Bütün bu məlumatlar ötən il Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsinin kəskin artdığını göstərir. Gömrük məlumatlarının təhlili göstərir ki, Rusiyaya bu ölkələrdən əsasən, üçüncü ölkələrdə istehsal olunan mallar idxal edilir. Onların arasında Rusiyaya ixracı qadağan olunan mallar da var. Bütün bunlar isə Rusiyaya sanksiya tətbiq edən ölkələri narahat edir. ABŞ başda olmaqla Qərb dövlətləri və onların müttəfiqləri sanksiyaların Rusiya iqtisadiyyatının "boğulmasına" səbəb olması üçün bütün "nəfəsliklər"i bağlamaqda qərarlıdırlar. Buna görə də Rusiya ilə yanaşı digər ölkələrdən olan şirkətlərin də sanksiyalara məruz qalması ilə bağlı məlumatlarla bundan sonra daha çox qarşılaşacağıq.