525.Az

Çin Rusiyaya hərbi yardım edəcəkmi?


 

Çin Rusiyaya hərbi yardım edəcəkmi?<b style="color:red"></b>

İran və Şimali Koreya ilə yanaşı Çinin də Rusiyaya hərbi yardım göstərə biləcəyi ilə bağlı ehtimallar gündəmə gəlib. Çünki Rusiya çox ciddi şəkildə hərbi silah və sürsat qıtlığı ilə üzləşib. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin qatı tərəfdarlarından biri, qondarma Donetsk Xalq Respublikasının keçmiş müdafiə naziri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovniki İqor Strelkov bəyan edib ki, Çinin köməyi olmasa, Rusiya Ukraynada müharibəni uduzacaq.

ABŞ prezidenti Jo Biden fevralın 24-də ABC telekanalına müsahibəsində Çinin Rusiyaya hərbi yardım edəcəyini "gözləmədiyini", lakin bunun baş verəcəyi təqdirdə Vaşinqtonun sərt cavab verəcəyini vəd edib: "Biz bu xətti aşan hər kəsə ciddi sanksiyalar tətbiq edirik".

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın İran istehsalı pilotsuz uçuş aparatları tükənmək üzrədir. Tehran Rusiyanın artan tələbatını ödəmək imkanında deyil. İranın dron istehsal edən şirkəti sanksiyaya məruz qaldıqdan sonra vəziyyət bir qədər də ağırlaşıb. Buna görə Rusiyanın üzünü Çinə çevirməsi ilə bağlı məlumatlar yayılmağa başlayıb. Məlumatlara görə, Çin Rusiyaya 100 ədəd pilotsuz uçuş aparatı göndərə bilər. Rusiyanın isə Çindən gözləntisi çoxdur. Rusiya Çindən PUA-larla yanaşı Su-27 təyyarələrinin təmiri üçün lazım olan hissələr, ən əsası isə artilleriya və onun üçün mərmi almaq istəyir. Ukraynada bir ildən artıq davam edən müharibədə artilleriya ən önəmli silaha çevrilib. Ukraynanın döyüş meydanında vəziyyəti öz xeyrinə dəyişə bilməsinin və Rusiyaya ağır itkilər yaşatmasının əsas səbəbi kimi Kiyevin əldə etdiyi Qərb istehsalı olan artilleriya sayılır. Qərbin Rusiyaya dəstəyi artmaqda davam edir. ABŞ müharibənin ikinci ilində Ukraynanı iki milyon ədəd artilleriya mərmisi ilə təmin etməyi planlaşdırır. Rusiyanın isə son zamanlar ciddi şəkildə mərmi qıtlığı keçirdiyi açıq hiss olunur. Buna görə də müharibənin ilk ayları ilə müqayisədə Rusiya ordusu mərmi atışını bir neçə dəfə azaldıb. Belə bir vəziyyətdə Rusiyanın artilleriyaya və artilleri mərmisinə ehtiyacı kəskin şəkildə artıb. Rusiyanın artan tələbatını təmin etmək isə İran və ya Şimali Koreyanın imkanı xaricindədir. Digər tərəfdən, İran son zamanlar Rusiyanın qalib ola bilməyəcəyinə əmin olmaqdadır və Qərbin təzyiqlərinə məruz qaldığından Moskvaya dəstəyini azaldıb. BMT Baş Assambleyasında Rusiyanın əleyhinə son qətnaməninin qəbulu zamanı İran Moskvanı dəstəkləməkdən yayınaraq, bitərəf qalıb. Şimali Koreya isə geniş imkanlara malik olmadığı üçün Rusiyanın tələbatını ödəmək imkanında deyil. Buna görə də Rusiyanın bütün ümidi Çinin hərbi yardımına qalıb.

Çinin Rusiyaya hərbi dəstək verməsinin qarşısını ancaq Vaşinqton ala bilər. ABŞ dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çin diplomatı Vanq İ ilə söhbəti zamanı Pekinin Moskvaya hərbi yardımı məsələsini müzakirə edib. Dövlət katibi çinli diplomata xəbərdarlıq edib ki, Pekin Moskvaya hərbi dəstək versə, bu, Çin üçün ciddi nəticələrə səbəb olacaq. Dövlət katibinin bu mövqeyini digər ABŞ rəsmiləri də ifadə edərək, Çini xəbərdar edir. Çin tərəfi isə amerikalıları "dezinformasiya yaymaqda" günahlandırır.

Lakin ABŞ rəsmiləri avropalı həmkarları ilə kəşfiyyat məlumatlarını bölüşərək Çinin Rusiyaya hərbi yardım verə biləcəyini sübut ediblər. Avropalı rəsmilər də Çini Rusiyaya dəstək verməməyə çağırıblar. ABŞ və Avropanın təzyiqləri qarşısında Çinin tərəddüdləri artır və Rusiyaya yardım məsələsi qeyri-müəyyən vəziyyətə düşür.

 

 

 





02.03.2023    çap et  çap et