525.Az

"Günəş enerjisi dünyanın ən ucuz enerjisidir"


 

AYŞƏ ÖZKAN: "TÜRKİYƏDƏ DƏ, ALMANİYADA DA MƏNİ SEVİR, HÖRMƏT EDİRLƏR - MƏN HƏR KƏSİN "GÜNƏŞ ANA"SIYAM"

"Günəş enerjisi dünyanın ən ucuz enerjisidir"<b style="color:red"></b>

Türkiyənin və Almaniyanın günəş enerjisi (alternativ enerji) mütəxəssisi, professor Ayşə Özkan bu günlərdə Bakıda qonaq olub. Günəş enerjisi ilə bağlı bilgilərini azərbaycanlı gənclərlə bölüşməyə gələn xanım professorla bir sərgidə qarşılaşdıq. Türkiyənin "Günəş anası" Ayşə xanımla söhbətimizdə bizi maraqlandıran bir sıra suallara da cavab aldıq.

 

- Ayşə xanım, Azərbaycana ilk dəfə gəlirsiniz?

- Bəli, ilk dəfədir gəlirəm. Çox gözəl bir haldır ki, sadəcə şəxsiyyət vəsiqəsiylə keçdim sərhəddi. Sanki Türkiyənin başqa bir şəhərinə, kəndinə gedirmiş kimi hiss etdim özümü. İki ölkə arasındakı belə münasibət çox xoşuma gəldi. "Bir millət, iki dövlət" sözümüz tam anlamıyla həqiqətə çevrilib. Bu zamana kimi az sayda azərbaycanlı ilə münasibətdə olmuşdum. İlk dəfədir hər tərəfimdə azərbaycanlılar olan bir toplumda oldum və burada sevildiyimi hiss edirəm. Öz peşəmlə, mövqeyimlə, xasiyyətimlə, kimliyimlə başqa yerlərdə də sevilirəm, amma burada bunlardan başqa, həm də türk olduğum üçün sevildiyimi duydum. Mən 30 il Almaniyada yaşadım. Almanlar da məni çox sevərdilər, amma peşəmə, işimə, elmimə görə. Türk olmağım orada bir az ögeyliyə səbəb olurdu. Mən isə hər vəchlə türk olduğumu almanlara anlatmaq üçün çalışırdım. 30 il yaşadım Almaniyada, türkü təbii anlamda sevə bilmədilər. Burada isə indi türk olduğum üçün sevilməyim çox gözəl duyğudur. İki ölkənin də siyasətçilərinə buna görə təşəkkür edirəm. Çünki onlar bu şəraiti yaratmasaydılar, xalqlar, bəlkə də, bu qədər yaxınlaşa bilməzdi. Bu sevgiyə görə özümü çox yaxşı hiss edirəm. Ömrümün sonuna qədər Azərbaycanda yaşaya bilərəm.

- Azərbaycana gəlişinizin səbəbi nədir?

- Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, hörmətli professor Elçin İsgəndərzadənin dəvətiylə buradayam. Üç gün ərzində həmin İnstitutda günəş enerjisi ilə bağlı seminar keçdim. Elçin müəllimlə təxminən 10 ildir tanışıq. Bu sahədəki bacarıqlarımı, gördüyüm işləri, apardığım araşdırmaları yaxşı bilir. Burada mənə Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru adını verdilər.

- Alternativ enerji ilə, Günəş enerjisi ilə bağlı seminar üçün Bakıya gəldiyinizi dediniz. Bir az da bu mövzudan danışaq. Azərbaycanda bu sahə hansı səviyyədədir?

- Azərbaycanda Günəş enerjisi ilə bağlı dövlətin hazırladığı layihələr var. Türkiyə bununla bağlı qanun layihəsini hələ 2012-ci ildə qəbul etdi və ölkə bütün vətəndaşları ilə birlikdə Günəş enerjisini sahiblənməyə başladı. Buna vətəndaşların da sahiblənməsi lazımdır.

Günəş enerjisi azadlıqdır, çətin günlərimizdə bizi qurtarmağa qadir enerji növüdür. Burada bu sahəyə böyük maraq var. İnsanlar müəyyən qədər araşdırıb, öyrəniblər. Amma sistemli fəaliyyət hələ ki yoxdur. Mən buraya gələrkən üç günlük proqramın elə də böyük bir nəticəsinin olmayacağını düşünürdüm, lakin çox gözəl, olduqca faydalı proqram oldu. İnşallah, bundan sonra da işbirliyimizi davam etdirəcəyik. İlk olaraq bununla bağlı onlayn kurs təşkil etməyi planlaşdırırıq. Türkiyədə və Almaniyada bununla bağlı təcrübələrimiz var. Bu onlayn kurslarda ara-sıra 2-3 günlük səyahətlərlə praktiki çalışmalar həyata keçirib, gənclərimizə yeni peşə qazandırmaq istəyirik. Türkiyə bu məsələdə təxminən 10 il yol qət edəndən sonra indiki səviyyəyə çatdı. Azərbaycan üçün öz təcrübələrimizə dayanan hazır istiqamətlər verib kömək etməyə çalışacağıq.

Bizdə "buynuz qulağı keçdi" deyə bir söz var. Türkiyə bu təcrübələri Almaniyadan öyrənmişdi. Amma indi Almaniyadan daha irəlidədir. Məsələn, Türkiyədə indi 50-dən çox istehsalat fabriki var. Almaniyanın isə bir dənə də fabriki qalmayıb. İndi Azərbaycandan eyni şeyi gözləyirik. Azərbaycan da yaxın zamanda Türkiyəni ötüb keçəcək. Bizim də bu işdə köməyimiz dəysə, bizə xoş olar.

- Günəş enerjisinin insanlar və dünya üçün ən böyük faydası, önəmi nədir?

- Hər şeydən öncə Günəş enerjisi ətraf mühit deməkdir, karbonsuz enerji deməkdir. Təəssüf ki, insan oğlunun eqosu bir var, qeyri-ekonomik məhsula çox da maraq göstərmir. Mən 1992-ci ildən bəri Almaniyada bu sahənin içərisindəyəm. Həmişə "Günəş enerjisi yaxşıdır, amma bahalıdır" sözlərini eşidirdim. Nə vaxt ki günəş enerjisi digər enerjilərdən ucuz olmağa başladı, onda münasibət də dəyişdi. Hazırda Günəş enerjisi dünyanın ən ucuz enerjisidir. Sizdə neft var, enerji var, amma onlar da bir gün bitəcək, Günəş enerjisi isə heç bir zaman bitməyəcək. Həm də bunların ətraf mühitə zərərləri var, Günəş enerjisinin isə heç bir zərəri yoxdur. Günəş enerjisinin ən gözəl xüsusiyyəti odur ki, bir dəfə qurursunuz, sonra ömür boyu heç bir maddiyyat tələb etmədən işlədirsiniz. Günəş heç vaxt bitməyəcək, heç bir əl onu dayandıra bilməz, işıqpulu yazmır, ödəniş vərəqi göndərmir (gülürük). Bütün bunlara görə də məncə, hazırda Günəş ən yaxşı enerji qaynağıdır.

- Bir qadın olaraq elm aləmində irəliləmək, bir çox uğurlar qazanmaq, fikrimcə, heç də asan olmayıb. Siz bu pilləyə necə qalxdınız, hansı çətinliklərdən keçdiniz?

- Çox gözəl sualdır. Bunun üçün yəqin ki, məktəb illərindən danışmağa başlamalıyam. O illərin Türkiyəsi tamam başqa cür idi. Mənim atam öz nəsildaşlarına görə daha açıq fikirli insan idi, amma o da "Qız uşağı oxuyarmı, qız uşağının oxumağına nə gərək var?" deyə etiraz edirdi. Onun əksinə, anam və böyük bacım mənə dəstək idilər, oxumağım üçün çalışırdılar. Mən ta uşaqlıqdan bir yerdə dayanan, öz qabına sığan qız deyildim. Universiteti bitirəndə də artıq zehnim açılmışdı, dünyagörüşüm artmış, düşüncələrim genişlənmişdi. Daha çox şey istəyirdim. Amerikaya, xaricə getmək istəyirdim. Orta məktəbdə xarici dil olaraq almancanı öyrənmişdim, müəyyən səviyyədə almanca bilirdim. Bacım da Almaniyada bibimin gəlini idi. Magistraturaya getmək üçün atam sənədlərimə imza atmadı, onun yerinə mən özüm imza atdım. Sonra atam bunu biləndə qızını pis vəziyyətdə qoymamaq üçün səsini çıxarmadı (gülür). Sonra bütün sənədlərimi düzəldib Amerikaya getməyə hazırlaşanda bunu atam eşitdi. O dövrdə həqiqətən də universitet müəllimlərimdən başqa hər kəslə mübarizə aparan, onlara qarşı çıxan bir qız idim. Səbəb isə o idi ki, hamı mənim oxumağıma qarşı idi, "Bu qədər oxudun bəsdir" deyirdilər. Mənsə, yox, oxuyacam, buralardan gedəcəyəm deyirdim. Atam da təbii ki, mənim üçün narahat idi. Bir gün eşitdim ki, Almaniyadakı bibimə zəng edib, deyib ki, Aişə Amerikaya getmək istəyir, amma ora buraxa bilmərəm, tək-tənha orada nə edəcək? Göndərirəm Almaniyaya, onun üçün şərait yaradın, heç olmasa sizin yanınızda, bildiyim yerdə olsun. Beləcə, Almaniyaya getdim və təhsilimi orada davam etdirdim. Orada da bibimgil mənə maneələr yaradırdılar, çox gəzməyimə, ölkəni tanımağıma imkan vermirdilər, kursdan çıxan kimi evə gəlməyimi tələb edirdilər. Mənimsə məqsədlərim başqa idi. Doktorantura üçün Türkiyəyə dönmüşdüm, amma qəfildən Almaniyada iş imkanı yarandı. İstanbuldan Kütahyaya gedib valideynlərimə vida belə etmədən yenidən Almaniyaya, amma bu dəfə məskunlaşmaq üçün getdim.

Bəli, təhsil həyatımda çox əngəllərlə qarşılaşdım. Atamgilə qalsaydı, mən universiteti bitirib kəndə dönəcək, bəlkə, onların istəyiylə evləndiriləcək, bir neçə də uşaq dünyaya gətirib onlara görə xoşbəxt, mənə görə isə fərəhsiz bir həyat yaşayacaqdım. Mənsə, bütün bunlara qarşı çıxdım və öz yolumla getdim. Çətinliklərim, səhvlərim də oldu, amma bildim ki, bu həyat mənimdir. Nəticədə bu günlərə gəlib çıxdım.

Sonralar iş həyatımda da qadın olmağın çətinlikləriylə qarşılaşdım. Almaniya kimi inkişaf etmiş ölkədə belə qadınsınızsa, özü də bir türk qadınsınızsa, kişilər bacarıqlarınıza, elminizə şübhəylə yanaşa bilirlər. Çox şükür ki, mən bütün bu əngəllərin, önyarğıların öhdəsindən gəlməyi bacarmışam. İndi həm Türkiyədə, həm də Almaniyada məni sevir, hörmət edirlər. İndi mən hər kəsin "Günəş ana"sıyam. Özümün olmadığım yerlərdə belə hər kəs haqqımda sevgi və sayğıyla bəhs edir. Bunu da biliyim, məsuliyyətim, bacarıqlarım sayəsində qazanmışam.

Şahanə MÜŞFİQ

 





01.03.2023    çap et  çap et