525.Az

Elmlə poeziyanın vəhdət düsturu


 

ALİM VƏ ŞAİR HAMLET İSAXANLININ 75 YAŞINA

Elmlə poeziyanın vəhdət düsturu<b style="color:red"></b>

Hamlet İsaxanlı! Bu ad Azərbaycanda hər kəsə yaxşı tanışdır. O, beynəlxalq aləmdə də kifayət qədər tanınır - görkəmli riyaziyyatçı alim və Azərbaycanda özəl təhsilin qurucusu kimi!

Bəli, Hamlet İsaxanlı riyaziyyatçı professordur, bununla belə, o, həm də ədəbiyyat və tarix bilicisi, filosof, təhsil qurucusu və təşkilatçısı, şair, yazıçı, publisist, tərcüməçi və əsl pedaqoqdur. Sadalanan elm və sənət sahələrinin yalnız biri ilə məşğul olmuş olsaydı belə, o, yenə də eyni şöhrəti qazanardı. Görkəmli ədəbiyyatşünas da ola bilərdi, tarixçi alim də, filosof da... Və mən mübaliğəsiz deyə bilərəm ki, ədəbiyyat, tarix və fəlsəfə sahəsindəki dərin biliyi və araşdırmaları ilə bəzi sadəcə "professor" diplomu olanları geridə qoyur. Ölkəmizdə ilk ali təhsil ocaqlarından olan "Xəzər Universiteti" kimi sorağı Azərbaycanın hüdudlarını çoxdan aşmış bir universitetin yaradılması və ilk gündən burada tədrisin Avropa standartlarına uyğun olaraq aparılması onun adıyla bağlıdır.

Hamlet İsaxanlı həm də şairdir. Hələ uşaqlıq və gənclik illərindən şeir yazsa da, onları çap etdirməkdə maraqlı olmayıb. Universitetdə təhsilini başa vurduqdan sonra ömrünü elm yoluna həsr etsə də, poeziyadan da ayrı düşməyib. Müxtəlif janrlarda şeirlər yazmaqla yanaşı, rus, ingilis və fransız şairlərinin əsərlərini orijinaldan Azərbaycan türkcəsinə çevirib. Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Çin və İranda (Təbrizdə) şeir kitabları nəşr olunub. Lirik şeir və poemaları əsasında gözəl mahnılar yazılıb və musiqili tamaşalar hazırlanıb.

Hamlet İsaxanlının şair kimi yaradıcılığının əsas qayəsi və səciyyəsi nədir sualına ən yaxşı cavabı məncə, fəlsəfə elmləri doktoru, professor, ən əsası, bu gün özü Haqq dünyasında olsa da, nurlu və xeyirxah bir insan kimi əziz xatirəsi hər zaman bizimlə olan Camal Mustafayev verib: "Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış, dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir. Hamlet İsaxanlının yaradıcılıq sirrini necə açmaq olar? O, az sözdə vəznli fikir ifadə etmək ustalığına malikdir.

Hamlet İsaxanlı poeziyası, sadəcə, zövqü oxşamaqla məhdudlaşmır. Onda estetiklik canlı fikirlə vəhdətdə poetik əksini tapır".

Bütün şairlər kimi, Hamlet İsaxanlının yaradıcılığında da poeziyanın əzəli və əbədi mövzusu olan sevgi, məhəbbət, saf məhəbbətin vüsalı və bəzən də vüsala yetə bilməyən sevgilər mühüm yer tutur. Ancaq mövzu köhnə - qədim olsa da, Hamlet İsaxanlının yanaşması yenidir, təkrarçılıqdan uzaqdır. Bu mövzuda yazdığı hər şeir fikrin orijinallığı ilə seçilir - alim-şair və şair-alim bədii-fəlsəfi təfəkkürünün süzgəcindən keçən misralar oxucunu öz sehrinə bələyir. Şairin bu qənaəti ilə istər-istəməz razılaşmalı olursan ki, "vurğun könül hər gün bir hava çalmaz", "ağılla könülün əlbir" olduğu sevgilər daha uzunömürlü olur.

Onun şair qənaəti bundan ibarətdir ki, sevgi ürəyə bağlı bir işdir, ürəyə isə hökm etmək olmaz və eşq odunda qovrulmayan kəs sevmək səadətinin nə olduğunu bilə bilməz. Deyir ki, "sevgidə möcüzəyə bel bağlama", "hər sevən yetməz ki, kama..." Çünki

Tanrıdan gəlir sevgilər,

Zəhmətin bəhrəsi deyil...

Böyük saz-söz ustadı Aşıq Ələsgər deyirdi: "Canım gözəllərin yol qurbanıdı". Hamlet İsaxanlı isə şeirinin qəhrəmanı olan gözələ "ayağının altında yolunam", "tapdala, döy məni, söy də bir ağız", amma "yoldan kənar addım atma", - deyir.

Ölənədək sevgisinə sadiq qalacağını, sevgilisinin qulu olacağını bəyan edən şairinin ondan yalnız bircə təvəqqəsi var:

Sağlığımda məni buraxma yalqız,

Ölsəm, qaşını da çatma, sən Allah!

Alim olmaq çətin deyil, yetər ki, zəhmətə qatlaşa biləsən. Şair olmaq da çətin deyil - əgər Tanrının verdiyi istedad və bu istedadı reallaşdırmaq üçün güc, inadkarlıq və səbir varsa. Şair Hamlet İsaxanlı da haqlı olaraq deyir ki:

Təbiətə aşiq ol,

Oxu, yaz, yarat bol-bol.

Gələcəyə gedən yol

Düşüncədi, ağıldı..

Bəs, alim və şair, yazıçı, publisist Hamlet İsaxanlı bunca uğurları əldə etmək üçün həyatın hansı yollarından keçib? Riyaziyyatın dərin məntiqinə və poeziyanın hikmətinə söykənən bu ucalıq öz qüdrətini, gücünü haradan alır? Bu sualın cavabını onun şeirlərində tapırıq:

Uşaqlıqdan düşünmək olub peşəm,

Kitablardan toz yemişəm

Və xəyallara dalmışam -

Yolum haraya düşəcək,

Kim kiminlə görüşəcək -

Onu mən özüm demişəm.

Nyutonla söhbət edib,

Nizamidən dərs almışam.

Dostum olub neçə ədib -

Şekspirdən Tolstoya.

Mövlananı bir kəz duyan

"Məsnəvi"dən çətin doya.

Amma bunca mütailə, bunca zəhmət Hamlet İsaxanlını adlarını çəkdiyi dahilərin heç birinin yolunu təkrarlamağa sövq etməyib, daha doğrusu, o, başqalarının açdığı yolla getməyib: böyük dühalardan dərs alaraq həyatda öz yolunu tapıb. Özünün də dediyi kimi, "nə Tolstoyçu olmayıb, nə də Marksist". Və bu şeirdən çıxan bir məntiqi nəticə də odur ki, klasiklərin də dediyi kimi, istedad zəhmətdən güc almayanda sönüb gedə bilər.

Mən bu yazıda alim-şair və şair-alim Hamlet İsaxanlının yalnız məhəbbət mövzusundakı bir neçə şeirindən nümunə gətirdim. Ona görə yox ki, başqa mövzularda şeirləri yoxdur. Əksinə, onun Vətən, vətənpərvərlik, təbiət və zaman, həyat-ölüm fəlsəfəsi və bütün zamanlarda şairlərin müraciət etdiyi digər mövzularda alim təfəkkürü ilə şair təxəyyülünün sintezindən yaranan və özünəməxsus fəlsəfi-poetik baxışını əks etdirən şeirləri çoxdur. Sadəcə, burada məqsəd bütövlükdə onun poetik yaradıcılığından söhbət açmaq deyil. Bir də, bir şairin əsl söz adamı kimi ürək çırpıntılarını duymaq, qəlbinin səsini eşitmək istəyirsənsə, məncə, əvvəlcə onun sevgi mövzusundakı şeirlərini oxumaq lazımdır - Vətənə sevgi, millətə sevgi, yurda, el-obaya, ata-anaya sevgi və bir də gözələ sevgi!

Onun sevgi şeirlərindən həm də ona görə söz saldıq ki, anadan olmasının 75 illik yubileyi münasibəti ilə biz də ona öz sevgi və sayğımızı bildirək.

Ömrünün müdriklik və yaradıcılığının məhsuldar dövrünü yaşayan dəyərli ziyalımızı ürəkdən təbrik edir, ona sağlam və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi

 

 





01.03.2023    çap et  çap et