525.Az

Alim ömrünün hekayə töhfələri


 

Alim ömrünün hekayə töhfələri<b style="color:red"></b>

Unudulmaz alim və yazıçı Kamran Əliyevin əhatəli yaradıcılıq fəaliyyətində bədii nəsrin, o cümlədən, hekayə janrının xüsusi bir yeri var. O, bədii yaradıcılığa erkən yaşlarda başlayıb. Orta məktəbdə oxuduğu 1965-1970-ci illərdə publisistik yazılarla rayon qəzetində fəal şəkildə çıxış edib. Gənclik illərində publisistik yazılarla yanaşı, bədii yaradıcılıqla da məşğul olub. Müxtəlif illərdə yazdığı bədii əsərləri sonralar ayrı-ayrı kitablarda çap olunub. Müasir ədəbiyyatda Kamran Əliyev bir nasir kimi tanınır və oxunur. Əsərləri haqqında çoxlu məqalələr yazılıb, yaradıcılığı həm ədəbi prosesin içində, həm də fərdi şəkildə araşdırmalara cəlb edilib.

K.Əliyevin bədii əsərləri özünəməxsus üslubu və təhkiyəsi ilə seçilir. Əsərlərində bədii simvolika geniş yer tutur. O, maraqlı gerçəklik situasiyası seçir və onu motivləndirərək bədii situasiya yaradır.

Yazıçının vətən konseptində insan və məkan, yurd və xalq birlikdə götürülür. Məsələn, "Yalquzaq" (1998) əsərində biz bunu müşahidə edirik. Burada xalq, millət və insan konkret tarixi şəraitdə götürülür. "Vağzal" povesti (2001) də həmin ideyanı davam etdirir. "Sədərək döyüşləri" adlı publisistik əsərində yazıçın ideyası daha aydın şəkildə öz ifadəsini tapır. Bu əsər erməni vandalizminin çirkin simasını açır və vətən uğrunda, onun müdafiəsi naminə aparılan mübarizənin müqəddəs məzmununu aydınlaşdırır.

Müəllif son illərdə bir sıra silsilə hekayələr yazmışdı. Bu hekayələri "Dağlı məhəlləsi" adlı kitabda nəşr olunmuşdu. Burada yazıçının tələbəlik dövrü xatirələrini əks etdirən hekayələri də yer tutur. "Dağlı məhəlləsi" etnoqrafik bir hekayədir. K.Əliyev 1970-ci illər Bakının bir parçasını əsas etnoqrafik detalları ilə birlikdə təqdim edə bilir, bizi həmin dövrə aparır, o zaman baş verən hadisələrin müşahidəçisinə deyil, iştirakçısına çevirməyi bacarır.

Kitabdakı nümunələrdən biri "204 nömrəli avtobus" adlı hekayədir. Bu hekayə nostalji duyğuları ilə yazılmış və bir sıra cəhətlərinə görə də avtobioqrafik xarakterli hekayədir. Hekayədə tələbənin bağlı olduğu iki yer var, onlardan biri yataqxana, biri də universitetdir. 204 bunları bir-birinə bağlayan vasitədir. Tələbələr avtobusla dərsə gedib-gəlirlər. Hekayə tələbənin avtobusla necə getdiyi ilə yanaşı, avtobusun tələbənin həyatından necə keçdiyini danışır. Yazıçı bu şəhər, bu ölkə və bizim mənsub olduğumuz milli-mədəni dəyərlər haqqında düşüncələrini ədiblərə qoyulmuş heykəllər haqqında məlumatlarla birgə bölüşür. Əsərdəki və 204-ün marşrutu üzərindəki heykəllərin əksəriyyəti ədəbiyyat adamlarına aiddir. Ədəbiyyatdan kənara çıxan Əzizbəyovun heykəlindən yazıçı bəhs etmir, avtobus da orda dayanmır. Belə anlaşılır ki, avtobusun Əzizbəyovun heykəlinin yanında dayanmağa marağı yoxdur, yazıçının da ondan bəhs etməyə həvəsi. Hadisələrin əsas hissəsi avtobusun içində baş verir. Burada sıxılmış və qapısına qədər dolmuş avtobusun içində bir də ondan da artıq dərəcədə sıxılmış bir zaman var. İllərlə, aylarla, günlərlə eyni bir marşrut üzrə hərəkət edən avtobusda baş verən hadisələrin hamısı bir reysin üstündə toplanır.

Kitabdakı "Bənövşə oyunu" hekayəsi üç məlumat bloku üzərində qurulub: Birinci məlumat bloku bir məktəbin müəllimlər otağında başlanan söhbətdir. Burada ənənəvi davranış stereotiplərini zədələyən bir hadisə haqqında məlumat verilir. Məlumat ondan ibarətdir ki, kinoda gənc bir oğlanla bir qızın çıxardığı "dəsgah" hamının diqqətini çəkib. Bu gənclər kinoda yanaşı oturub, camaata məhəl qoymadan öpüşüb-görüşüblər. Ətrafdakıların ədəbsizlik kimi dəyərləndirdiyi bu hadisə bütövlükdə kinoya gələnlərin də, gəlməyənlərin də aktual mövzusuna çevrilir.

İkinci məlumat bloku "dəsgah" olaraq dəyərləndirilən hadisənin baş verdiyi kino situasiyasıdır. Bu kinoda "Nəcəfalının gədəsi" ilə "Kor Əsmərin nəvəsi" arasında baş verən ədəbsiz hərəkətlərin yaratdığı söz-söhbət tamaşaçılar tərəfindən müşahidə edilir və ətrafa yayılır. Beləliklə, kənd də, məktəb də hər kəs bu məlumatı danışır və dəyərləndirir.

Üçüncü məlumat bloku məktəbin həyətində baş verən hadisələrin fonunda formalaşır. Burada uşaqların oynadığı "bənövşə oyunu" məlumatı müşayiət etməyə başlayır. Ədəbsiz bir hərəkətlə bağlı məlumat kinodan məktəbə gəlir, müəllimlər arasında yayılır, oradan da uşaqlara doğru genişlənir və əslində bütün kəndə yayılmış olur. Məlumatın səs səviyyəsi də pıçıltıdan başlanır və uca səsli xoradək davam edir. Eyni zamanda, məlumat şagird, müəllim və valideyn üçlüyünün də bəzi işlək olmayan mexanizmlərinə diqqət yönəldir.

Bu şəkildə hekayənin bir hissəsi "Bənövşə oyunu"na qədər bitmiş olur. Bu hissə ayrıca bir hekayə kimi də dəyərləndirilə bilər. Amma yazıçı hekayəni uşaq oyununa qədər davam etdirir və uşaqlar arasındakı münasibətlər sisteminə nüfuz etməyə çalışır.

Hekayənin modelləşdirilməsi baxımından oyunun bura daxil edilməsi özünü iki cəhətdən əsaslandıra bilir: 1) məlumatın böyükdən uşaq səviyyəsinə keçməsini təmin etmək üçün; 2) məlumatın ciddi səviyyədən komik səviyyəyə keçə bilməsini təmin etmək üçün. Bununla yanaşı, uşaq davranışlarını, uşaq dünyagörüşünü elə uşaq dünyasının içində axtarmaq baxımından da oyun əlverişli şərait yaradır. Bu oyun vasitəsilə yazıçı uşaqların xarakterini, xasiyyətini izah edir, onların arasında olan münasibətləri aydınlaşdırır.

K.Əliyevin hekayələri müasir dövr Azərbaycan ədəbiyyatında özüəməxsus bir yer tutur və milli hekayəçilik ənənəsini ləyaqətlə davam etdirir. Janrın formal-bədii səciyyəsi qorunmaqla yazıçının özünün fərdi yanaşması nəticəsində meydana gələn ideya və məzmun onun əsərlərinin əsas fərqli xüsusiyyətlərini təşkil edir. Bu mənada K.Əliyevin hekayələri özündə ənənə və novatorluğun harmonik vəhdətini təşkil edir. Burada aktual və əbədi, milli və ümumbəşəri ideyalar birləşir və əsəri əsas klassik dəyər daşıyıcıları ilə təmin etmiş olur.

Kamran Əliyev ədəbiyyat sahəsində tanınmış bir elm adamı idi və məşğul olduğu elm sahəsi də ona ədəbiyyatı dərindən bilmək baxımından əlavə üstünlük qazandırırdı.  Əlbəttə, K.Əliyev həm dünya ədəbiyyatının böyük korifeylərindən, həm rus ədəbiyyatından, həm də Azərbaycan nəsrinin qabaqcıl nümunələrindən təsirlənib. Bunlar elə əsərlərdir ki, əhəmiyyəti azalmır, köhnəlmir və dəyərini heç zaman itirmir.

K.Əliyevin hekayələrinin ideya-məzmun xüsusiyyətlərinin təhlili zamanı müşahidə olunan səciyyəvi cəhətlərdən biri onun əsərlərindəki emosional effektin özünəməxsusluğudur. Yazıçının böyük ustalıqla qələmə aldığı əsərlərində nikbinlik ruhu hakim mövqeyi ilə seçilir. K.Əliyev həmişə və hər yerdə nikbindir və bu nikbinlik əsərin dərinliyinə qədər işləyib və bütövlükdə onun emosional məzmununu əhatə edib. Əsəri oxuyan adam nikbin bir duyğu qaynağı ilə təmasda olur, ondan yaxşı mənada təsirlənir və özünün əhvalını və könül dünyasını xoş duyğularla zənginləşdirir.

K.Əliyev sosial sıxıntılardan doğan kədər yazıçısı deyil, ictimai könül dünyasının qədər, tale və qismət yazıçısıdır. Bu tale və qismət ictimai və fərdi olmasından asılı olmayaraq, özündə nikbin bir ruh daşıyır. O, kədəri deyil, ən mürəkkəb şəraitdə belə çətin tapılan sevinci bədiiləşdirir. Bu zaman o "göz yaşı içərisində gülüş" yaratmır, hər cür sıxıntıdan uzaq, insanın qəlbinə rahatlıq gətirən səmimi və saf bir gülüş təqdim edir. Kamran Əliyevin yaratdığı bədii gülüş ictimai satira formasında deyil, lokal xarakterli yumor şəklində özünü göstərir. Buradakı gülüş əyləndirən və əyləndirərək düşündürən bir gülüşdür.

Yazıçı bədii obrazları ilə kimə isə nəsihət vermək, hansısa ibrət dərsindən bəhs etmək istəmir. Yazıçı cəmiyyətə belə effektsiz və köhnəlmiş üsullarla təklif göndərmir. Köhnə tələbat üsullarından tamamilə imtina edərək özünəməxsus bir yol seçir və dinamik nikbin motivlərdən istifadə edir. Hekayələrin mövzuları zahirən qlobal xarakterli deyil, ümumiyyətlə, dünyanın və ümumiyyətlə, insanın taleyini həll etməyi qarşısına məqsəd kimi qoymur. O, ilk növbədə bir Azərbaycan yazıçısıdır, bu vətənin və millətin həyatını, taleyini, duyğu və düşüncəsini yazır. Azərbaycan insanının həyatında və daha çox da onun mənəvi dünyasındakı əsas problemi bədii yaradıcılığın obyektinə və predmetinə çevirir. Belə lokal yanaşma və fərdi səciyyəli elementlərlə o, insan probleminin qlobal məsələlərinə nüfuz edir. Zahirən adi və kiçik görünən problemin ictimai mənəvi aspektini tək elementli bədii motiv şəklində yaradır və onu digər sosial hadisələr zənciri ilə əlaqələndirir. Belə çevik və dinamik bədiiləşdirmə üsulu yazıçıya özünün seçdiyi sadə həyat nümunəsində əsas əxlaqi və mənəvi seqmenti diqqət mərkəzinə gətirməyə, dəyərləndirməyə və sənət nümunəsinə çevirərək insanın könül və ruh dünyasına daxil etməyə imkan verir.

K.Əliyevin hekayələri nikbinliklə tam dolu və bütövdür. Burada düşüncə və duyğu nikbin bir məcrada birləşib bütövlüyü təmin edir. Oxuduğum bütün hekayələrində bu bütövlüyü və tamlığı gördüm. Onun könül dünyasında yazdığı bir sevgi hekayəsi də vardı. Bunu şəxsi davranışları ilə qazanmışdı və həmi hekayə də tam idi, bütöv idi. Beləcə onunla bağlı hər şeydə tamlıq, bütövlük vardı. Təkcə yarımçıq qalmış ömür hekayəsindən başqa... Ruhu şad olsun!

Ağaverdi XƏLİL
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutu Mərasim şöbəsinin müdiri

 

 





01.03.2023    çap et  çap et