525.Az

“Ölüm haqdır, çıxmaq olmaz əmrdən!” - Barat Vüsaldan yeni esse


 

“Ölüm haqdır, çıxmaq olmaz əmrdən!” - <b style="color:red"> Barat Vüsaldan yeni esse</b>

İnsan ölümlü yaradılıb.

Ölümlü insana Qayo Maretan (Ölümlü ömür) deyilib.

Bütün kainat Mrtlovka-ölüm məskəni adlanır.

 Halbuki, ilk insanlar ölümsüz imişlər.

Tanrı Qaraxanla insan arasındakı ixtilaflar artdıqca məcbur olub Qaraxan Doğanayın (Toringeyin) qarısı Eceyə Doğum təyin edib, ona doğum əzabı kəsib.  O vaxtdan da əbədi ömrünü alıb ölümlü edib onu.

“Bir dəfə Zərdüştə əyan olub ki, Ahura Mazda (Xeyir ruh) ilə bərabər onun düşməni olan Anqra Mani (Şər ruh) də var. Bu iki ruhun Əzəldən tutaşdığı Zərdüştə aydın oldu. Onlar (Hörmüz və Əhrimən) ilk dəfə tutaşanda biri Həyat, digəri Ölüm yaratmışdır”  (Meri Boys “Zərdüştçülər,  inamlar və mərasimlər”. səh 28)

“Rəbb onlara (Adəm və Həvvaya) bütün ağacların meyvəsindən yeməyə icazə vermiş, lakin bağda olan xeyir və şəri bildirən ağacın meyvəsindən yeməyi qadağan etmişdi. Allah demişdi ki, əgər onlar bu əmrə əməl etməsələr öləcəklər”.

(Varlıq 3:1-23)

Gerisi hamıya məlumdur.

Adəm və Həvva həmin meyvədən yeməklə nəinki cənnətdən qovuldular, üstəlik ölümsüzlük imkanını da həmişəlik itirdilər.

                                                               ***

İlk ölüm “Tövrat” a görə Adəmin böyük oğlu Qabilin qardaşı Habili öldürməsi hadisəsi hesab olunur.

Başqa bir mənbədə göstərilir ki, yaradılışın səbəbi-qadın başlanğıclı Tiamat yaratdığı Mardukun tərəfindən öldürülüb. Onda belə çıxır ki, ilk ölüm elə Tiamatın ölümü ilə bağlıdır?!

“Bilqamıs dastanı”nda insanların ölümlü olmasının səbəbi başqa cür göstərilmişdir. Sən demə, Ölüm haqda ilk qərarı tanrıların məşvərətində tanrıların xanımı İştar veribmiş. Verincə də peşman olub, deyibmiş:

“Kaş ki, həmin o günə daş yağaydı göylərdən,

                         Tanrı məşvərətində bu cür qərarım nəydi?

 Mən ilk dəfə yamanlıq etmək fikrinə düşdüm,

 İnsanlarıma ölüm davasını mən seçdim...”

Həmin dastanda ölümlə bağlı daha bir versiya da var. Gəlin, dastanın özünə müraciət edək:

“Tanrılar xəlq eyləyib insanı yaradanda,

Ölümü insan üçün buyurmuşdular onlar,

 Həyatı saxlamışlar özlərinin əlində”...

Dastanda yer almış daha inandırıcı məqamlardan biri isə belədir: Ölümün qorxusundan səhralara qaçan Bilqamısdan soruşulanda ki, “Hara qaçırsan belə?”. Cavab verib ki:

“Dədəm Utnapiştinin yanına tələsirəm”.

“Niyə, Bilqamıs, bütün kədərə qərq olmusan?

Ona görəmi sənin bədənində həm tanrı,

Həm də insan  canı var?

Ona görəmi səni öz doğma ata-anan

Ölümlü yaradıblar?!”

Bu versiyaların hamısını birləşdirən bir sonluq var: İnsan doğulduğu kimi həm də ölümə məhkumdur, necə deyərlər, eldə deyildiyi kimi, neyləyirsən elə, “Səksən, doxsan, bir gün varsan, bir gün yoxsan”.

“Göytürk imperatorluğunun hökmdarı Bilgə Xaqan məşhur sərkərdə qardaşı Gül Tigin öləndə ona ucaltdığı abidə daşın üzərində yazdırdığı sözlər belə başlayırdı: “İnsan oğlu ölmək üçün yaradılmışdır”.

                           ***

İki cam var: Əzəl Camı və Əcəl Camı!

Birinci camdan insan dünyaya gələndə içir, ikinci camdan dünyadan gedəndə-öləndə. Hər ikisi gözəldir, Allahın Camı olduğu üçün! Bir sözlə, nə varsa, ölümlüdür.

“Hüv Əl Baqi” (Ölümsüz olan Allahdır!)

Ömür sözüylə ölüm sözünün arasında qəribə bir yaxınlıq hiss olunur.

Əvvəlcə ömür başlanır, sonra ölüm gəlir.

Sonra ölüm başlanır və arxasınca ömür başlanır, deyəsən?!

Görəsən ömürmü ölüm, ölümmü ömürdür?

İndiyə qədər bu sualın cavabını bilən olmayıb. Və olmayacaq da!

Bir gün Allah ölümü Ölüm mələyi-Əzrailin özünə də dadızdıracaq.

Hətta qoynunda yaşadığımız dünyanın da bir gün sonu gələcək o da öləcək.

                                                    ***

Bir qoca kişi varmış, ölmək istəmirmiş. Əzrayıl deyib ki, çalış ölüm sözünü heç vaxt dilinə gətirmə. Onda səninlə işim olmayacaq.

Qoca bir dana saxlayırmış. Bir gün bu dana mıxı qoparıb qaçır. Qoca qovur,  dana qaçır. Dana qaçır, qoca qovur. Axırda yorulub həkdən düşmüş qoca deyir:

-Dana, bir o var öləm, əlimə keçdinmi, gör sənin başına nə oyun açacam!

Ölüm sözünü dilinə gətirən kimi, həmin dəqiqə Əzrayıl qocanın başının  üstünü kəsir və “Qoca, daha məndə günah görmə, gəl, getdik!” deyib qocanın canını alır.

                                             ***

“Firdovsiyə görə Alp Ər Tonqa canını qurtarmaq üçün gölə atılıb. Çünki  Türklər əski zamanlarda suda ölməyi şərəfli ölüm hesab ediblər.

Bu baxımdan Alp Ər Tonqanın ölümdən qaçması Dədə Qorqudun ölümdən qaçmasına bənzəyir. Hələ üstəlik, Dədə Qorqud dərya üzərində bir  səccadə üstündə əlində qopuzuyla ölümü gözləmişdi” (Orxan Şaiq Gökyay.)

Rəsul Rza “Aparın bir çayda basdırın məni, qəbrimin üstündə sular çağlasın” deyəndə sanki,  bu misraları ulu Oğuz babamızın yanında dayanıb deyibmiş?!

Ruhumuzu birləşdirən tanış və doğma kodu görürsünüzmü?!

                                            ***

“Çingiz xan Palıd ağacından yonulmuş və içərisinə qızıl döşənmiş tabutunu özüylə gəzdirərmiş. Bəlkə ölməyəcəyinə, içi qızıl dolu tabutunun çürüməyəcəyinə ümid edirmiş? O, çoxdan fövqaltəbii qabiliyyətə malik olan bir rahib haqqında eşitmişdi. “Çan Çin (“Əbədi bahar”) adıyla tanınan bu rahibin istədiyi adama ölümsüzlük –Əbədi həyat bəxş etmək kəraməti varmış. Çingiz xan bu müqəddəs insanı Çindən tapıb gətirməyi əmr edir.

“Mən insan həyatını qoruyacaq çox dəva-dərmanlar bilirəm, ancaq ömrü əbədi qılan heç bir əlac  tanımıram”. Çinli müdrikin böyük xana cavabı belə olur”. (M.Hoanq. “Çingiz xan” əsərindən.)

                                              ***

Balzak ölümlə pəncələşərək doktor Byantonu çağırırmış ki, onu Əzrayılın caynağından yalnız o qurtara bilər. Dost-tanışları Byantonu axtarmağa başlayanda məlum olur ki, Byanton Balzakın əsərinin qəhrəmanıymış.

Axtarış dayandırılır.

Nuh peyğəmbər min ilə yaxın ömür eyləsə də bu dünyadakı ömrü-günü iki qapılı bir daxma hesab etmişdi. “Bu qapıdan girib o qapıdan çıxdım” demişdi.

Həyat hansı sürətlə ötmüşsə də, ölüm də həmin sürətlə gəlmişdi.

Bu aniliyə- bu sürətə “Quran”da bir neçə yerdə işarələr edilmişdir: “Onlar bilirmi ki, dünyada cəmi bir gün yaşadılar”. “Bir saat qaldılar dünyada” və s.

                                    ***

Uca Allah sırasıyla  Cəbrayıla, Mikayıla və İsrafilə 7 qat yerdən 7 ovuc torpaq gətirməyi buyurmuş, ancaq Yer verməyə razı olmamışdı. Sonda İlahi əmrilə torpağı Əzrayıl gətirmişdi. (Bəlkə bu səbəbdir ki, insan Əzrayılın əlilə ölür və yenidən torpağa dönür?!)

                                                      ***

Deyirlər ki , ölüm haqdır. Ona görə də gərək öləndə kişi kimi öləsən.

Oğuz igidi ölümə gedəndə kişi kimi gedirmiş, deyirmiş: “Sən sağ ol qadın ana, babam sağ olsun! Mənim kimi oğlan bulunmazmı olur?!”

V.Hüqonun “Məhəmməd peyğəmbərin ölümü” şeirində məhz bu kişilikdən, comərdlikdən danışılır:

Ölüm mələyi gəlib çıxdı

Axşama yaxın,

“İçəri girə bilərəmmi?” deyə

O, icazə istədi.

“Gəl!” dedi.

Və mələk ona

“Allah səni gözləyir” dedi.

“Məmnuniyyətlə!” dedi.

Aşıq Alı da bir şeirində ölümün yaxında olduğunu duysa da, özünü sındırıb “ ölürəm” demir, deyir:

Necoldu atam, necoldu anam,

Pozuldu hasarım, dağıldı binam,

Yüklənibdi qəflə-qatır, barxanam,

Bu yurddan o yurda köçürəm bu gün!

Aman Allah, sən demə, Aşıq Alı ölümə getmirmış, yaylağa köçürmüş. Zənnində yanılmayıbmış. Özü də kişi kimi!

Keçmişdə nənələr, babalar adam öləndə “öldü” demirdilər. “Ömrünü sizə bağışladı “deyirdilər. Bu, “Ölüm var ki, həyat qədər  dəyərli” deyən H.Caviddə də, “Ölüm-ey vah, o nemətmiş!” söyləyən. S.Vurğunda da belədir.

V.Səmədoğlu ölümü təltif sayırmış,“Ölümdən savayı arxam yox imiş” deyə-deyə. H.Arifsə nakam getmiş oğlunun xətrinə ölümə yalvarırmış:

Arif öldü, dedilər,

Ölümə qurban olum!

L.Tolstoy  sevimli oğlu Vaneçkanın ölümünə görə Tanrıya təşəkkürünü bildirib.

“Allahla bir olduqdan sonra ömür də xoşdur, ölüm də !“ deyən Mövlanə Rumi ölümü “Şəbu-Arus” (Toy-düyün gecəsi) adlandırmamışdımı?!

“Nəfəslər sayılıdır” fikri də ona məxsusdur.

Ölüm saatı deyilən bir şey var. Ancaq çıxmayan cana da ümid çoxdur.

Xorasan şeyxlərindən olan Hatəm Əsam belə rəvayət edir: “Döyüşdə idim. Bir nəfər məni yaxaladı və yerə yıxdı ki, öldürsün. Qəlbimi onunla məşğul etmədim. Allah Təalanın mənim barəmdə hökmünün nə olacağını düşünürdüm. O adam belindəki bıçağını çıxarmaqla məşğul ikən hardansa bir ox gəlib onu öldürdü. Üstümdən yana yıxıldı və mən qurtuldum”.

Belə də olmalı deyildimi?  “Yoxdur ölüm Allah deyənə!” (N.F.Qısakürək)

                                 ***

Əslində insan bu dünyaya ölüb gəlir.

Ana bətnində körpəyə ruh 4 aylığında verilir. Ona qədər o, ölü vəziyyətində olur. (Adəmə də necə ki, ruh verilməmişdi, o da quru cəsəd halında olmamışdımı?!)  Ana bətnindəki körpəyə ruh verildimi tərpənməyə başlayır.

İnsan bu dünyadan o dünyaya  (Axirətə) getmək üçün də ölməlidir, ölü olmalıdır, dirilmək üçün. “Mutu qəbləhən tə mutu” (“Ölmədən öncə ölün!) Məhəmməd peyğəmbər belə deyirmiş.

                                   ***

Ölüm Əcəl badəsiymiş.

Ərənlər Ərəni Yunus İmrə deyir bunu.

Bəlkə, təkcə ömrümüz deyil, başımıza çəkdiyimiz bütün “badələr” Əcəl badəsiymiş -bizi ölümə doğru aparırmış.

Bir sözlə, “Ölüm, bir körpü  ki, ondan hamı keçəcəkdir, bir badə ki, ondan bütün aləm içəcəkdir! “ (C.Cabbarlı).

Dünyaya gələnlər getməlidir.

Dünyaya bizdən əvvəllər də insanlar gəlmişdilər.

Azdan coxdan yaşamışdılar, qurmuşdular, yaratmışdılar.

Amma Dədə Qorqud demişkən indi “Hanı bəy ərənlər, dünya mənim deyənlər?” . “Həyatdan beşəlli yapışmışdılar, elə bilirdilər ölməyəcəklər!” (H.Arif)

                                        ***

Yuxarıda qeyd etdiyim kimi, Adəm və Həvva qadağan olunmuş meyvədən yeyib Tanrının qəzəbinə gəlmişdilər. Bilqamıs və dostu Enkidü də Sidr meşəsindəki qorxunc Humbabanı-şüalar saçan bir vəhşini məhv etdikləri üçün Tanrıların qəzəbinə düçar olurlar. Tanrılar  Enkidüyə Ölüm hökmü kəsirlər.

O dostu Bilqamısın gözü önündə yıxılıb ölür. Bilqamıs bundan möhkəm sarsılsa da, ölümün nə olduğunu bilmək, onu axtarıb öldürmək istəyir. Ona Utnapişti adlı ölümsüz birisini nişan verirlər, deyirlər ki, gedib onu tapsan, ölümsüzlüyün sirrini o, sənə açacaq. Utnapişti ona deyir ki, filan dənizin dibində olan cavanlıq çiçəyini tapasan gərək. Bilqamıs çox uzun və çətin bir səyahətdən sonra o çiçəyi tapıb geri dönərkən fikirləşir ki, “Əsl qəhrəman kimi hərəkət etmək vaxtıdır. O çiçəyi öz şəhərimin  adamları üçün aparsam daha yaxşı olar”.  Lakin bir ilan həmin çiçəyi oğurlayıb  yeyir, əbədi həyat ona nəsib olur, qabığını hər il dəyişərək cavanlaşır.

İndi də ilanın qabığını hər dəfə görəndə insanların yadına o əhvalat düşür və təəssüf  hissiylə başlarını bulayırlar, yanıb-yaxılırlar.

Ölümü öldürmək istəyi kimi Bilqamısın ağlına gələn bir fikir uşaq vaxtı uşaqlıq dostlarımla mənim də ağlıma gəlib.

Ağlımızın kəsməyən vaxtlarıydı. Adamlar çiyinlərində nəsə aparırdılar. Hansımızsa dedi:

- Bu nədi belə?!

 Azca bizdən böyük olanımız dedi:

-Adam ölüb, onu basdırmağa aparırlar.

Mən dedim:-Niyə ölüb görən:

-Yəqin əfəl imiş – o biri dostumuz dərhal dilləndi.

Baş-başa verib and içdik: “Kim ölsə köpəkoğludur!” Gördük bundan bir şey çıxmayacaq, dedik:- Axı, Ölüm nədi, nə karədi, gəlin, gedək onu axtarıb, tapıb öldürək, hamının canı qurtarsın.

...O vaxtdan hələ də axtarışdayıq.

Sonralar “Dədə Qorqud” dastanında belə bir sadəlövh fikrin Dəli Domrulun da ağlına gəldiyini görəndə hiss etdim ki, biz də bir zamanlar Dəli Domrul  olubmuşuq, deyəsən?!

Sən demə, belə bir əhvalat başqırd qəhrəmanı  Ural Batırın da başına gəlibmiş...Bilqamıs tapdığı ölümsüzlük çiçəyini özü yeməyib xalqına aparmaq istədiyi kimi Ural Batır da Dirilik suyunu tapanda içməyib, ağzında saxlayıb udmayıb ki, aparıb xalqına içirsin. O, Yolda bu sudan içib ölümsüzlük qazanmış bir qocayla qarşılaşır. Qoca ona deyir:- Sən Dirilik suyunu udub ölməz qalmaq istəyirsənsə çox səhv edirsən. Budur, mən 100 ildir ki, yaşayıram, amma varlığımdan xalqımın xəbəri yoxdur. Diri o adamdı ki, xalqın yaddaşında zaman-zaman qala!

Ural Batır ağzındakı suyu yol qırağındakı küknarın (yolkanın) dibinə tökür. Ona  görə də küknarlar il boyu yaşıl olur...

                                               ***

“Fillər ölümünü duyur, deyirlər...” N.Kəsəmənlinin bir şeirindəndi bu misra. Hindistanda Dekan dağı deyilən bir yer var. Fillər ölümünü  hiss edəndə ora gedir, orda yıxılıb ölürlərmiş.

H.Arifin yazdığı bir şeir də çox ibrətamizdir:

Zirvədə dağ üstdə ölür dağ kəli,

Torpağa yük olmur, daşa yük olmur!

Ramiz Rövşənin “Belə-belə işlər” hekayəsinin qəhrəmanı Həsən kişi ölümsüzlüyün az-çox çarəsinin nə olduğunu bilirdi, deyirdi ki,”Hər adamın balaca bir dünyası var, özü də dünya üçtərəflidi. Bir tərəfində adam özü durur, bir tərəfində ölüm, bir tərəfində də kəhər at. Hər kəs dünyaya gələn kimi başlayır kəhər atına doğru qaçmağa. O yandan ölüm də başlayır kəhər ata sarı qaçmağa. Elə ki, ölümdən qabaq atıldın kəhər atın belinə, çapıb-çapıb uzaq dünyalar görəcəksən və ölüm səni haqlayanda ləzzət alacaqsan...

Həsən kişi deyirdi ki, mən öz kəhər atıma ölümdən qabaq çatmışam...”

İdarə adlı bir çoban vardı. Ölümdən başqa bir kəsi yoxdu. Kəndimizin baş çobanı olan Pesi adlı bir kişinin qoyun sürüsünü otarırdı. Ceyrançöldə o tayda -Kürün o toyunda. (El arasında Kürün o tayına “O toy” deyirlər.)

Bir axşam üstü tələsik özünü kəndə yetirdiyi vaxt baş çoban çox təəccüblənmiş və soruşanda ki, “Ayə, nə olub, nə yaxşı gəlmisən?”. Bircə kəlmə söz deyib:

-Ölməyə gəlmişəm!

Və yıxılıb ölüb.

Sən demə, ölümünü duyubmuş!

Buyurun, bu da çoxlarının adam yerinə qoymadığı bir adamın ölümü!

Ölümdən qaçmırmış.

Ölümə (ölümünə!) doğru qaçırmış.

Halbuki, adamların çoxu ölümdən qaçmaq istəyir.

Məsələn, belə:

...Bir gün bir nəfər hövlnak halda özünü Süleyman peyğəmbərin yanına salır və deyir:

-Ya peyğəmbər, kömək eylə!

-Nə olub?

-Bayaq küçədə Əzrayılla qarşılaşdım. Mənə elə tərs-təts baxdı ki! Az qaldı qorxudan ödümü qusam.

Peyğəmbər “İndi nə edim, deyirsən?”-deyəndə həmin adam “Sən küləklərin də dilini bilirsən, mümkünsə küləklərə əmr et, məni elə bir yerə atsınlar ki, ora ölümün (Əzrayılın) əli çatmasın”. Peyğəmbər qəlbində bu biçarənin sadəlövhlüyünə gülsə də hər halda onun ümidini kəsmək istəmədi:

-Hara atılmağını istəyirsən?- soruşdu.

-Hindistana, uzaq bir cəzirəyə.

Küləklər gəldi, verilən əmr yerinə yetirdilər.

Bir azdan peyğəmbər Əzrayılı çağırdı və dedi:

-Belə bir şey olubmu sənnən o biçarə arasında?

-Necə ki?

-Niyə ona tərs-tərs baxıb o yazığın bağrını yarıbsan?

Ya peyğəmbər, mən ona tərs-tərs yox, təəccüblə baxdım. Bir ona, bir də əlimdəki dəftərə nəzər salanda təəccübləndim ki, mən bunun canını sabah Hindistanda filan  bir cəzirədə almalıyam, bu, burda nağayrır?!

(Həmin bədbəxtsə  özünü məhz  o cəzirəyə atdırmışdı.)

Bu əhvalatdan çıxan nəticə budur ki, harda olursansa ol, vaxtın tamam oldumu gərək ölümə hazır olasan. “Əzrayıla Xoş gəldin deyə bilməkdi hünər!” (N.H.Qısakürək)

Kərbala faciəsini xatırlayırsınızmı?

İmam Hüseynin amalına, kamalına, kəlamına  baxın: “Mən Ölümdən qaçmıram, Ölümə doğru qaçıram!”

                                                         ***

Hamı Dirilik suyu gəzir...

Hamı yaşamaq istəyir.

Heç kim ölmək istəmir.

Dəli Domrul Əzrayıla qarşı çıxanda tutduğu işdən peşman olduğunu bildirsə də, Allahın mələyi bununla razılaşmır. Ya özün ölməlisən, ya da sənin yerinə kim ölə bilərsə onun canını almalıyam, deyir.

Dəli Domrul ata-anasına vəziyyəti söyləyəndə heç biri “Canımızı sənə görə verə  bilmərik!” deyirlər. Yaxşı ki, Dəli Domrulun xanımı “Əzrayıl, Dəli Domrulu öldürəcəm” deyəndə dilin çürüsün, ona əl qaldıranda əlin qurusun!” deyir. Bu qeyrətli gəlininin sözləri Allaha da xoş gəlir. Dəli Domrula dəymə, get ata-anasının canına al-deyə Əzrayıla əmr edir.

Sənainin bir şeirində deyilir ki, bir qadının Məhsəti adlı qızı ağır xəstəymiş. Qarı gecə-gündüz dua edir, “Kaş ki, qabağında öləydi anan” deyə qızının sağalmağı üçün əldən-dildən  gedirmiş. Bir gün qarının bir inəyi susayır, mətbəxə soxulub,başını su üçün qazana soxur. Qazan inəyin başına keçir. Bu vaxt səsə eşiyə çıxan qarı elə bilir ki, gələn Əzrayıldır. Özünü itirib dil tökür:

Ey Ölüm mələyi, Məhsəti deyləm,

Zavallı qarıyam, qocaldıbdı qəm.

Sağlamam, canımda azar yox qəti,

Sən Allah, gəl məni sanma Məhsəti!

 Xəstə Məhsətidir, get apar onu!

Anaya bax, ya Rəbb! Ölüm qorxusundan balasından vaz keçir!

Can necə şirin şeymiş!

                                    ***

Məşhur alim və avropalıların uzun müddət böyük təbib kimi əsərlərindən istifadə etdikləri İbn Sina (Avetsinna) ölümündən qabaq 40 adda dərman hazırlayıb şagirdinə verir, tapşırır ki, mən öləndən sonra bunları mənim üzərimdə tətbiq edərsən, görərsən, mən diriləcəyəm.

Şagird ustadının ölümündən sonra onun tapşırığını yerinə yetirməyə başlayır. 39-cu dərmandan istifadə edəndə görür ki, İbn Sinanın üzündə həyat əlamətləri hiss olunmaqdadır. Sevindiyindən 40-cı ampulanı əlinə götürüb istifadə etmək istəyəndə rəvayətin bir variantına görə bir quş qanadı ilə vuraraq dərmanı dağıtmış, başqa variantına görə isə şagirdin həyəcandan əli titrədiyindən dərman yerə düşüb dağılmış və böyük loğmanı diriltmək mümkün olmamışdır.

Bu faktdan da bir daha görünür ki, yazıya pozu yoxdur. Yaranan ölməlidir, kim olmasından asılı olmadan.

Aşıq Alı düz deyirmiş: “Ölüm haqdır, çıxmaq olmaz əmrdən!”

Dədə Qorqud ölümdən qaçanda hara gedirsə orda ona qəbir qazıldığını  görür...  Ölməzlik yalnız namazının dördünü göydə, birini yerdə qılan Xızıra qismət olub- Allahın izniylə! O, İskəndərlə zülmətə gedəndə Dirilik suyundan içib, əbədiyyət qazanıbdı. İsgəndər o sudan içmək istəyəndə haqdan bulağın suyu kəsilibdi...

                                                             ***

Ölüm əslində ölüb tamam yox olmaq anlamında deyilmiş. El arasında belə fikirlər bu gün də öz qüvvəsində qalmaqdadır. “Filankəs dünyasını dəyişdi”. Türklər hətta belə də deyirlər: “Kayb oldu”.

“Vəfat etdi” sözündən “t” hərfini atanda yerdə nə qalır? . “Vəfa etdi”. Nəyə?!

Yəni insanın ruhu yaradılanda əhd edib Tanrıya “Bəli” demişdi. İndi öz əhdinə vəfa etdi, gəldiyi (göndərildiyi) yerə qayıtdı...

                                          ***

Üç aləmə bağlıyıq:

1.Haradan gəlirik?- Qalü -Bəladan.

2. Haraya gəlmişik?- Fənaya.

3. Hara gedirik?- Bəqayə (O dünyaya)

Nizami deyir ki:

Uca bir aləmdən gəlmiş  bizə can,

Yenə ora dönər, ölməz heç zaman!

Canını tapşıran adam üçün bil,

“Can verdi” deyirlər, “can öldü” deyil!

...Hərçəndi dünyada ölüm gerçəkdir,

Ölüm ölüm deyil, yer dəyişməkdir!

                                                    ***

Qədim çin filosofu Çjuan Tzsı belə düşünürdü: “Ölüm-torpağın insana açdığı qucaqdır”.

 - Ölümün xeyir!

- Ölümə qənşər!

Bu dialoqun da Y.Səmədoğlunun “Qətl günü” romanından olduğunu yəqin ki, yaxşı xatırlayırsınız.

... Biz tərəflərdə anaların yaxınlarına, əzizlərinə  (lap elə tanış və qonaqlara) dedikləri sözləri xatırlayıram: “Ölöm, nağayrersan?”, “Başına dönüm”, “Qabağında ölöm!” və s.

Mən inanmaq istərdim ki, o analar öləndə ölümə də “Ölöm, nətərisən?” deyib ölüblər.

Mən anamın ölümüylə bağlı yazanda ki, “Sən köçüb getdin ki, bəlkə dünyadan, ölüm yaraşıqdan düşməsin ana!” şeirini elə ölümə də  “Başına dönüm”, “Ölöm” deyən anaları da nəzərdə tutub yazmamışammı?!

Əgər Şopen ölümə marş həsr edibsə- “Ölüm marşı” yazıbsa onda biz ölüm haqda daha nikbin, daha dürüst  fikirləşməli deyilikmi?

Saib Təbrizi yazırdı: “Həyat qırdı bizi, ey ölüm, tez gəl!”

Moskvada Novodeviçye qəbristanlığında Nazim Hikmətin mərmər başdaşı üstündə qaçan insan şəkli təsvir olunmuşdur.

Görəsən nədən qaçır?

Həyatdanmı, Ölümdənmi?!

 

 





02.03.2023    çap et  çap et