525.Az

Qarabağ erməniləri ilə başladılan dialoqun əhəmiyyəti


 

"ERMƏNİLƏR QARABAĞDA YAŞAMAQ İSTƏYİRLƏRSƏ, MÜTLƏQ ŞƏKİLDƏ BAKI İLƏ DİALOQ DA APARMALIDIRLAR"

Qarabağ erməniləri ilə başladılan dialoqun əhəmiyyəti<b style="color:red"></b>

Rəsmi Bakı hər zaman bəyan edir ki, Qarabağ erməniləri Azərbaycanın vətəndaşlarıdır və onlar cəmiyyətimizə inteqrasiya olunmalı, Azərbaycan qanunları ilə yaşamalıdır. Eyni zamanda, Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə bilərlər. Dövlət başçısı İlham Əliyev bu mövzuda danışarkən deyib: "Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını hər hansı bir ölkə ilə, o cümlədən, Ermənistanla müzakirə etmək fikrində deyilik. Bu, bizim daxili işimizdir".

Prezident ötən ay keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində plenar iclasda bəyan etdi ki, Azərbaycan çoxmillətli ölkədir və ölkədə bütün azlıqlar mədəniyyət, dil, həmçinin, təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. 

Sitat: "Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin".

Məlum olduğu kimi, özünü "dövlət naziri" elan etmiş Vardanyan artıq yoxdur və dünən Milli Məclisin deputatı Ramin Məmmədovun Xocalıda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşünü də dialoqun başlanması hesab etmək olar. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib. Bu görüşün əhəmiyyəti nədir və dialoq davamlı olacaqmı? 

Mövzunu "525"ə şərh edən deputat Rasim Musabəyov söyləyib ki, həmişə deyirik ki, onlar bizim vətəndaşlarımızdır, belə olan halda vətəndaşlarımızla danışmaq da vacibdir: "Ramin Məmmədov Ağdərədə anadan olub, gənc olsa da, kifayət qədər təcrübəsi var. Düşünürəm ki, xüsusilə orada anadan olan şəxsin iştirakı ilə belə bir dialoqun başlanması düzgündür. Hər bir halda bu, müsbətdir". 
Prosesin davamlı xarakter ala bilməsinə gəlincə, R.Musabəyov deyib ki, parlamentin nümayəndəsi məsələ həll etmir, dialoq aparır və buna görə də Azərbaycan tərəfinin mövqeyini çatdırmalı, Qarabağ ermənilərini eşitməlidir. Qərar vermək isə icra hakimiyyətinin səlahiyyətindədir: "Hansısa bir mərhələdə qanunvericiliklə bağlı dəyişiklik olunmalıdırsa, onda gəlib bizə çıxa bilər. Hələlik sadəcə olaraq dialoqun aparılması üçün nümayəndə müəyyən olunub, hesab edirəm ki, çox uğurlu bir seçimdir. Dövlət qurumlarına gəlincə, onlar konkret məsələlərlə məşğuldurlar. Bizim icazəmiz olmadan qızıl və mis mədənlərimizin istismarına yol verilməməlidir. Həmin dövlət qurumları qərar vermək səlahiyyətindədirlər. Dialoqa mane olmaq istəyənlər də, bunun əleyhdarları da olacaq. Hər bir halda Qarabağ erməniləri orda yaşamaq istəyirlərsə, anlamalıdırlar ki, mütləq şəkildə Bakı ilə, parlament, icra orqanları ilə  dialoq da aparmalıdırlar, razılaşmalar da olmalıdır ki, sonda onların vətəndaş kimi hüquqları təmin edilsin və vətəndaşlarımız olaraq yaşasınlar”.
R.Musabəyov bir neçə xətt üzrə - vətəndaş cəmiyyəti, icra strukturları vasitəsilə müəyyən danışıqların getdiyini deyib: "Parlament formatının da olması düşünürəm ki, məqbuldur. Əlbəttə ki, ora böyük nümayəndə heyəti göndərməli deyilik. Xankəndidən olan deputat Tural Gəncəliyev, Xocalıdan olan deputat Elman Məmmədovun bu dialoqa qoşulması mümkündür. Üç deputatın dialoq aparması artıqlaması ilə kifayətdir".

Deputat Musa Quliyev isə "525"ə bildirib ki, Prezident 44 günlük müharibədən sonra bəyan etdi ki, Azərbaycan sülh müqaviləsi imzalamağa, Ermənistanla qonşuluq münasibətlərini bərpa etmək üçün lazım olan addımları atmağa hazırdır: "Təəssüflər olsun ki, ermənilər indiyə qədər bu prosesi uzatmaqla məşğuldur. 10 noyabr tarixli üçtərəfli bəyanatın müxtəlif müddəalarının icrasını ləngidirlər. Heç şübhəsiz ki, kommunikasiyaların açılması, icmalar arasındakı münasibətlərin düzəlməsi, diplomatik əlaqələr və s. sülhə hazırlanmaq üçün vacib addımlardandır. Biz bəyan etmişik ki, Azərbaycana qarşı cinayət törətməyən, Konstitusiyamızı, qanunlarımızı tanıyan Qarabağ əsilli ermənilərin vətəndaşlığımızı qəbul etdiyi halda, bütün hüquqlarının təmininə dövlət olaraq təminat verilir. Bu mənada icmalararası görüşün başlanmasını yalnız alqışlamaq lazımdır. Gələcəkdə münasibətlərin yumşalması və qarşılıqlı inamın artması üçün belə görüşlərin olmasını təqdir edirəm. Düşünürən ki, bu görüşlərdən sonra yavaş-yavaş Qarabağ ermənilərinin sosial, məşğulluq və digər məsələlərinin həllində Azərbaycan tərəfi öz dəstəyini göstərəcək. Yəni uzun illər müharibə, münaqişə vəziyyəti olub, qarşılıqlı kin və nifrət var, bunlar yavaş-yavaş etimadla əvəz olunmalıdır. Biz təbii ki, bunu istəyirik və Ermənistan tərəfinin də bunu istəməsini arzulayırıq ki, bölgədə daimi sülh, əmin-amanlıq olsun. Bundan ötrü bölgə xalqlarının bir-birinə etimadının yüksək olması vacibdir". 

M.Quliyev hesab edir ki, tədricən bu proses genişləndirilə bilər: "Qarabağda müxtəlif qrup insanlar var, Azərbaycana münasibəti müsbət olan insanları lider kimi seçib icmalar arasındakı fəaliyyəti əlaqələndirə bilərik. Digər tərəfdən Ermənistanla da münasibətlərin yumşaldılması üçün addımlar atılmasına getmək lazımdır. Bəzi dövlətlər, məsələn, İran, Fransa istəmirlər belə münasibətlər qurulsun, çünki Ermənistanla Azərbaycan arasında sülh və əməkdaşlıq olandan sonra demək olar ki, o dövlətlərin burda maraqları təmin olunmayacaq. Buna baxmayaraq, bu addımları atmalıyıq. Mən bu görüşü ancaq müsbət qiymətləndirirəm.  Onu da vurğulayım ki, proses qarşılıqlı olmalıdır. Yəni Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı proses başladılıb, Qayıdış Konsepsiyası təsdiqlənib.

Ermənistan tərəfi də Qərbi Azərbaycan İcması ilə bu dialoqa başlamalıdır".
 

 





02.03.2023    çap et  çap et