Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmasına baxmayaraq, təsisatın ən fəal, aparıcı üzvlərindən birinə çevrilib. Eyni zamanda ölkəmiz 2019-cu ildə başlayan sədrliyi dövründən bu yana hərəkatın güclənməsi, nüfuzunun artması üçün xeyli işlər görüb. Bu gün üzv ölkələrin hər birində, beynəlxalq arenada etiraf olunur ki, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi qurum üçün çox uğurlu olub.
Azərbaycanın sədrliyinin koronavirus (COVİD-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz öz gündəliyini yeni reallığa uyğunlaşdırmağı bacardı. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev ölkə daxilində bu amansız virusla mübarizə ilə yanaşı, qlobal səviyyədə də problemin öhdəsindən gəlmək üçün öz ciddi səylərini göstərdi. Beynəlxalq həmrəylik və əməkdaşlıq təşəbbüsünü təbliğ edən ilk liderlərdən oldu.
Məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVİD-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə dövlət başçısı BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizədə ən qlobal tədbir hesab olunur. Həmçinin, QH Sədri kimi ölkəmiz "peyvənd millətçiliyi"nə qarşı da uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Prezident "peyvənd millətçiliyi" ilə bağlı öz narahatlığını dəfələrlə dilə gətirərək, ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını qınadı. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə yardımları etdi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırdı, bir sıra ölkələrə təmənnasız olaraq vaksinlər təqdim etdi.
Qeyd edək ki, dünyada BMT-dən sonra ikinci ən böyük siyasi qurum olan Qoşulmama Hərəkatı bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə dövlətlərin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi "Bandunq prinsipləri" əsasında yaranıb ki, bu da Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.
1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransı Qoşulmama Hərəkatının təsis edilməsi istiqamətində ilk əhəmiyyətli addım hesab edilir. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. Hərəkatın daimi mənzil qərargahı yoxdur. Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə QH öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir. Büroya rəhbərliyi təşkilatın sədri olan dövlətin BMT yanında daimi nümayəndəsi həyata keçirir.
Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. BMT Baş Assambleyasının ümumi debatları çərçivəsində nazirlər səviyyəsində görüşlər sentyabr ayında Nyu-Yorkda keçirilir.
Azərbaycan 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak ediblər. Bakı sammiti ilə Hərəkatda sədrlik 2019-2022-ci illər üzrə Azərbaycana keçib. Üzv dövlətləri Hərəkata uğurlu sədrliyini nəzərə alaraq Azərbaycanın əlavə bir il müddətinə təsisata sədrlik etməsi ilə bağlı ölkəmizə müraciət edib və Azərbaycan tərəfi də Hərəkatın fundamental prinsiplərinə və dəyərlərinə olan sadiqliyini və mürəkkəb dövrdə Hərəkata səmərəli sədrliklə bağlı qazandığı dəyərli təcrübəni nəzərə alaraq, bu müraciətə müsbət cavab verib. Beləliklə hazırda Azərbaycanın QH-yə sədrliyi 2023-cü ilə qədər uzadılıb.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edildi. Şəbəkə vasitəsilə Hərəkata üzv dövlətlərin gənclərinin öz davamlı inkişaflarının təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və həmin çətinliklərin vətəndaşları olduqları ölkələrin hökumətləri tərəfindən birgə şəkildə həlli imkanları ilə bağlı fikir mübadiləsi aparmaq imkanı əldə edib. Şəbəkəyə rəhbərliyi Azərbaycanın Qoşulmama Hərəkatını sədrliyi başa çatana qədər Azərbaycan nümayəndəsi edəcəkdir. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub ki, bu da Azərbaycan sədrliyinin təşəbbüsüdür. BU, Azərbaycanın sədrliyinin Hərəkata tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər dövlətlərlə parlamentlərarası əməkdaşlığının inkişafına töhfə verən təşəbbüs olması baxımından əhəmiyyətlidir.
Bu gün isə Bakı növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı bir platforma olacaq. Ölkəmizdə Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü başlayır.Tədbirdə üzv ölkələrin, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edirlər. Əlbəttə ki, bu tədbir də mühüm nəticələri ilə yadda qalacaq.
çap et