525.Az

Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə


 

Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə<b style="color:red"></b>

Musa RƏHİMOĞLU - QULİYEV
Tarix üzrə fəlsəfə doktoru

 

Söhbət açacağım qədim bir nəslin varisi kimi uzun illər ərzində öz əcdadlarımla və nəslimizin tarixi haqqında məlumatlar toplamışam. Bu işdə rəhmətlik atamın vaxtilə mənə verdiyi mühüm tarixi məlumatlar köməyimə çatıb. Atamın yaddaşında qalanları hələ onun sağlığında qələmə almışdım. O, nədənsə, uzaq keçmişlərə aid hadisələri danışmağı çox xoşlamazdı. Amma bəzən uzun qış gecələrində öz babaları ilə bağlı eşitdiklərini maraqla söylərdi. Çox fenomal yaddaşı vardı. Nəslimizdə ancaq atam ulu babalarının, onların bəzi qardaşlarının və bacılarının adlarını sayar və onlar haqqında məlumatlar verərdi. Atam çox cəsur, mərd, istiqanlı və səxavətli idi. Əla at sürməyi vardı. Bir dəfə İrəvanda idik. İki nəfərin çox əcaib danışığına mən güldüm. Atam məni danladı. Dedi ki, onlar assuricə danışırlar. Dilləri də qədimdir və çox zəngin tarixləri var. Ermənilər "aysor" deyərək onları erməniləşdirmək istəyirlər. Ancaq onlar özlərinə "aturay" deyərək hələ də öz qədim dillərində danışırlar. Sonralar mən bu qədim əlifbanı öyrəndim və yazmağı bacardım. Atam İkinci Dünya Müharibəsində Naxçıvan-Tiflis-Mozdok-Salsk-Zaporoje-Varşava istiqamətində döyüş yolu keçib. O, Don çayı ətrafında olan türk iskitlərin kurqanlarından da söhbət açardı. İndi də fikirləşirəm ki, atam savad kurslarından başqa təhsil almamışdı. O bunları və tarixin digər səhifələrini haradan bilirmiş? Anasının vəfatında 10 yaşı varmış. 16 yaşından ailəyə kömək üçün Böyükdüz ərazisində, Arazın sol sahilində, Üçtəpələrin yanında təzə qurulan arteldə işləməyə gedib. Artellər 1930-cu ildən sonra kolxozlaşdırılıb.

İkinci qadından xeyli uşağı olan atasına köməklik edərək həmişəlik Böyükdüzdə qalır. Yeri gəlmişkən, Böyükdüz "Dədə Qorqud" dastanında adı çəkilən Bəkdüz Əmənin adı ilə bağlıdır. İndinin özündə öz arxeoloq tədqiqatçılarını gözləyən qədim məkandır. Bu toponim də digər qədim toponimlər kimi Naxçıvana ərazi iddialarına qarşı tarixi bir cavabdır. Bəlkə də buradakı nekropollarda iskit türklərinin də məzarları var?! Və heç yerdə ikinci Böyükdüz adında toponim yoxdur.

Sonralar özüm müxtəlif arxivlərdə  araşdırmalar  apararkən maraqlı tarixi sənədlərə də rast gəlirdim. Şəcərə tarixi ilə də məşğul olduğumdan bilirdim ki, soyların tarixinin öyrənilməsində ən etibarlı və azacıq səhvi olan mənbələrdən biri, deyək ki, ən vacibi kameral siyahılardır. XIX əsrin əvvəllərində Rusiyanın, çar hökumətinin tapşırığı ilə Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda yaşayan əhali xüsusi məmurlar tərəfindən siyahıya alınıbdır. Doğrudur, çar hökuməti vergi yığmaq üçün "kameral təsvirlər"i hazırlasa da, nəsillərin və onların yaşayış yerlərinə aid məlumatların qələmə alınması bu gündə, gələcəkdə də tədqiqatçıların və genealoqların (şəcərə yazanların) çox müraciət etdiyi qiymətli mənbələr sayıla bilər.

Maraq üçün qeyd edək ki, Azərbaycanın şəhər və əyalətləri üçün belə kitablar (dəftərlər) hazırlanıbdır. Çünki təkcə yaddaşlarda qalanlarla və bəzi şəxsi arxiv sənədləri ilə nəsillərin tarixini açmaq müşkül məsələdir. Xatirə yazanda olduğu kimi, şəcərə tarixi yazdıqda da gerçəkliyə əməl etmək çox vacibdir. Tarixi sənədlərə görə mənim ulu babalarım Naxçıvanda, Şahtaxtı kəndində yaşamış və fəaliyyət göstərmişlər. Çar Rusiyası Naxçıvan xanlığını tutandan sonra Şahtaxtı kəndinin də kameral siyahısını (rusca "kameralğnoe opisanie") hazırlatmışdı.

Şahtaxtı kəndinin ilkin kameral siyahısı 1831-ci ildə hazırlanıb. Burada həm də kəndin tarixi, coğrafi-iqtisadi vəziyyəti haqqında da məlumat yazılıb. Şahtaxtı kəndi çox qədim bir yaşayış məskəni olub.

Böyük yazıçı Mirzə Cəlil Məmmədquluzadə öz "Xatiratım"da Şahtaxtı kəndi haqqında yazır: "Naxçıvan şəhərinin yavuqluğunda, Araz kənarında məşhur bir qəsəbədir".

Yaxşı olar ki, qısaca da olsa, tarixə ekskurs edək. Şahtaxtı kəndi Araz çayının sol sahilindədir. Arxeoloji tədqiqatlar nəticəsində kəndin yaxınlığında eradan əvvəl  2-1-ci minilliklərə aid şəhər yeri aşkar edilib. Buradakı maddi mədəniyyət abidələri Eneolit, Tunc, erkən Dəmir dövrlərinə və orta əsrlərə aiddir. Eradan əvvəl 2-ci və 1-ci minilliklərə aid olan Govurqala və onun yaxınlığında olan qədim qəbiristanlıqda Şahtaxtı kəndinin dərindən-dərin tarixinin olmasından xəbər verir. Tanınmış jurnalist, tədqiqatçı Elxan Şükürlü Şahtaxtı kəndinin tarixi, toponimləri və burada yaşayan böyük nəsillər haqqında da axtarışlar aparıb və maraqlı məqalələr yazıb.

2020-ci ildə isə "Şahtaxtı" adlı 512 səhifəlik bir kitab Bakıda nəşr edilib. Müəllifi Seyid Zamindir. Müəllif Şahtaxtı kəndi ilə bağlı arxeoloji və digər tədqiqatları bu kitaba daxil etməklə, Şahtaxtıda yaşayan nəsillər haqqında məlumat verib və onların təxmini olaraq sxematik şəcərələrini tərtib edib. O, öz kitabında bizim ulu babalarımız və nəslimiz haqqında da məlumat verib (səh.244).

Şəcərə yazmaq çox çətin məsələdir. Buna görə də müəllifin çəkdiyi zəhmət təqdirəlayiqdir. Amma bizimlə bağlı yazıda səhvlər də vardır. Mən bu yazımda onlara da fikrimi bildirəcəyəm. "Şahtaxtı" kitabının müəllifinin yazdığı və ehtimal etdiyi yanlışlıqlardan  biri, bizim Qacarlardan olmağımızla bağlıdır. Yox, biz Qacarlardan deyilik. Ulu babamızın adı Kəngərli siyahısında yazılsa da, müəllifin belə ikinci ehtimalı başa düşülən deyil. Qaldı bizlərə "qacoylar" deməyinə. Bu da tamamilə səhvdir. Mən eşitdiyimə görə, "qəcoğlular" deyirmişlər. Sonralar fonetik olaraq "qəcovlular" kimi işlədilib. Atam və digər yaşlı qohumlarımız bunu inkar edirdilər. Deyirdilər ki, bizim nəsil yaxşı döyüşçü olduqlarından, yaxşı da savaşmağı bacarırdılar. Ona görə bunlara elə müraciət edirdilər.

Amma axtarışlar göstərdi ki, Kəngərli tayfasının bir qolu da kəclər, qəclər (Qəcoğlu, qəclər) adlanır. Amma kəclər 1832-ci ildə yalnız Naxçıvan şəhərində və Göynük kəndində qeydə alınıblar.

Əslində mən 4-5 il bundan əvvəl ulu babalarım haqqında arxiv sənədləri əldə etsəm də, özümüz haqda yazmağa tələsmirdim. Axtarışlarımı davam etdirirdim.

Vaxtilə atamdan, böyük bibimdən və əmimdən eşitdiyim xatirələr də yaddaşımda vardı. Bəzilərini vaxtilə qeyd dəftərçəmə yazmışdım. Arxiv sənədlərini tapandan sonra yazdığım qeydlər və eşitdiyim rəvayətlər də çox köməyimə çatdı. Çünki o xatirələri və rəvayətləri söyləyənlərin hamısı əbədiyyətə qovuşub. Mənsə heç nə artırmadan, əksiltmədən ulu əcdadlarım haqqında yazmalıyam. Qeyd edək ki, bizim soyumuz I nəsildə adı çəkilən Cəfərqulunun adı ilə adlandırılır: Cəfərqulular.

Atam ulu babalarımızı belə sadalayırdı.

I nəsil Cəfərqulu, qardaşı Məmmədqulu;

II nəsil Məmmədqulu Cəfərqulu oğlu, qardaşı Əhməd;

III nəsil İsmayıl Məmmədqulu oğlu, qardaşı Heydər;

IV nəsil Məmmədqulu İsmayıl oğlu, qardaşı Cəfərqulu...

Artıq IV nəsil 1831-ci ildə Şahtaxtı kəndinin kameral siyahısında qeydə alınıb.

Məmmədqulu İsmayıl oğlu Şahtaxtı kəndində qədimlərdən yaşayan Kəngərli tayfasının Cəmşidli qolunda (tirəsində) yazılıb (7-ci sıradadır): Məmmədqulu İsmayıl oğlu 30 yaşında anası Xeyransa 50 yaşındadır. Məmmədqulu İsmayıl oğlu təxminən 1801-ci ildə Şahtaxtı kəndində doğulmuşdur. Arxiv qeydlərindən məlum olur ki, döyüşçü süvaridir. Qeyd edək ki, Şahtaxtı kəndi üçün kameral siyahılar 1831, 1842, 1851, 1852, 1859 və 1873-cü illərdə tərtib edilib. Bir də 1920-ci ildə yanvar ayında  qaçqınlıqdan qayıdan Şahtaxtı kəndinin əhalisinin bir hissəsinin siyahıya alınması olmuşdur. Çünki hələ qayıtmayanlar da vardı.

Atamın, böyük bibimin və böyük əmimin söhbətlərindən məlum olur ki, ulu babalarımızdan sağ qalanları 1605-ci ildə Şahtaxtı kəndindən Şah Abbas tərəfindən köçürülüb. Onlar Cənubi Azərbaycanın Əyribucaq kəndində yaşamağa məcbur olmuşlar. Tədqiqatçı alim Qeybullayevin yazdıqlarından məlum olur ki, Əyribucaq və Qarabucaq və həmçinin, Bucaq komponentli 7 kənd XIX əsrdə Azərbaycanda qeydə alınıb və bucaq etnonimi ilə sıx bağlıdır.

M.Vəliyevin (Baharlı) fikrincə, monqollar XIII əsrdə Şimali Qafqazı tutandan sonra noqay türkləri komanlarla (qıpçaqlarla) birgə Azərbaycana köçmüşlər. Onların bir tirəsinin adı bucaq olduğundan, məskunlaşdıqları kəndlərin adında bucaq etnotoponimi də vardır.

XVI əsrdən sonra yazılan arxeoqrafik sənədlərdə Cəmşidli elinin adına tez-tez rast gəlinir. XVII əsrdə yazılan arxeoqarfik arxiv sənədlərində olan müqavilələrdə, bir sıra torpaq sənədlərində imza atan şəxslərin adlarının yanında Cəmşidli (farsdilli sənədlərdə Cəmşidlu) yazılıb. Axtarışlar zamanı aydın oldu ki, Cəmşidlilər 1831-ci ildə çar hökuməti tərəfindən Şahtaxtı kəndində qeydə alınan Kəngərli tayfasına mənsubdurlar. Maraqlı haldır ki, Şahtaxtı kəndinin ağaları olan Şahtaxtinskilər də 1831-ci ildə Şahtaxtıya aid kameral siyahılarda Cəmşidli kimi qeydə alınıbdır. Onlar səfəvilər imperiyasında və sonralar arxeoqarfik sənədlərdə də Cəmşidli kimi yazılıblar. Çünki Şahtaxtinski soyadı əsasən 1828-ci ildən sonra işlədilib. Amma XIX əsrə aid bəy komissiyalarında Şahtaxtinskilər özlərini Cingiz xanın varisləri, qazaxlar tayfasının varisləri kimi də qeyd etdiriblər.

(Ardı var)

 

 





01.03.2023    çap et  çap et