525.Az

Türkiyəm - Nizaməddin Şəmsizadə yazır


 

Türkiyəm - <b style="color:red"> Nizaməddin Şəmsizadə yazır</b>

Türk yurdlarında, bu əzəmi millətin ağır, faciəli məqamlarda kədərini  bükdüyü bir  mahnı var: "Elim oy". Bizim Qərbi Azərbaycan türkləri ucalıq və əzəmət rəmzi olan Dağlara müraciətlə "Dağlar oy!" tərzində də ifa edirlər. 1986-cı ildə ustadım, akademik Kamal Talıbzadə ilə görkəmli qazax alimi, bir neçə il sonra doktorluq müdafiəmdə mənim rəsmi opponentim olmuş Tursun bek Kakişevin yubileyinə getmişdik. Yubiley mərasimində gözəl bir başqırd müğənnisinin ifasında "Elim oy" mahnısı məni riqqətə gətirmişdi.

Bizim dağ regionlarında yaşayan türklər Dağı ağsaqqal timsalında görür və sevirlər. Mənim doğulduğum Quba bölgəsində gəlinlər Dağa baxanda yaşmaqlanırlar. Mən gəncliyimdə (elə bu gün də!) Şah dağına baxanda qürurumdan kövrəlirəm. 1979-cu ildə qubalı şair Mövlud Qonaq məni - cəmisi bir neçə məqalə ilə tanınmış 24 yaşlı tənqidçini Quba regionu şairlərinin "Gülüstan" ədəbi məclisinə dəvət etmişdi. Bizdə bir adam dərindən ah çəkəndə deyirlər "Ahın dağlara". Həmin şeir məclisində təxminən 16-17 yaşlarında bir qız bu deyimlə bağlı şeir oxudu. Bir bəndi elə o vaxtdan yaddaşıma həkk olunub:

Dağlara nə qədər ahlar yağarmış,

Ahlardan dağların başı ağarmış,

Dağların köksündə görüb, dağ, yara

Ah çəkdim, dedilər, ahın dağlara.

Bu qızın adı Saçlı idi. İndi də onunla əlaqə saxlayıram. Bizim yerlərdə deyərlər: "Çətin bir işə düşsən, get meşədə böyük bir ağac tap, dərdini ona danış". Dərdimi dağlara danışdım, dərdimin üstünə dərd dərdi dağlar. Dağın da öz dağ dərdi var. Bu gün dağlar kimi bir-birinə arxalanan, böyük millətimin - türk millətinin dərdinə dağlar da ağlayır. Bu gün türk ellərində dağlar da başını aşağı salıb. Dağlar da fələyin ədalətsiz əməlindən - Türkiyədə minlərlə qoca, qadın, gənc, körpə canını alan zəlzələnin törətdiklərindən sarsılıb. XXI əsr türk əsri olmalı idi. Oldu da! Fəqət, misli görünməmiş faciəsi ilə. Bir türk, müsəlman, bir ziyalı- alim kimi sual vermək istəyirəm:

1. Türklər tarix səhnəsinə çıxan gündən deyillər: "Tenqri türkü qopulun!"  Bəs niyə qoruya bilmədi?

2. Müqəddəs "Quran"a od vurub yandıran Avropa niyə Allahın qəzəbinə gəlmir?

3. Adını İslam dövləti qoyan, ölkəsində zəlzələdən faciəyə düçar olmuş türklərə nəinki özü kömək etməyən, hətta başqalarını yardım etməsinə imkan verməyən, fanatizmi, xürafatı, mövhumatı müqəddəs dinimizlə əvəz edib, cəhaləti dövlət ideologiyasına çevirən, şovinizm püskürən farsistan niyə İlahi tərəfindən cəzalanmır?

4. Bircə təsəllim var: Türkiyənin yerlə-yeksan edən, minlərlə günahsız can alan Osmanlı türklərinin tədbiri ilə desək, doğal fəlakət zamanı ilk növbədə başda Azərbaycan olmaqla bütün dünya türkləri birləşdi, qardaşlıq köməyinə gəldi. Türkiyədə XXI əsrin ən ağır faciəsi olan 6 fevral zəlzələsi təkcə Türkiyənin deyil, bütün Turanın faciəsidir.

Türkün daxili gücü hələ kəşf edilməyib, əminik ki, o böyük qüdrət və qürurla qalxacaq, bu ağır dərdi də çiyinlərindən atacaq. Azərbaycan milli romantizminin sərdarı, böyük şair və filosof Hüseyn Cavid heç də təsadüfən deməyib:

Bən bir türkəm, dinim, cinsim uludur,

Sinəm, özüm atəş ilə doludur.

Bu dəhşətli zəlzələ türkə özünüdərk, özünəqayıdış - özünə dönmək üçün lazım olacaq. Əminəm ki, bundan sonra türklər daha tədbirli olacaq, xarüqələr yaradacaq.

Azərbaycan  Türkiyənin kədərini öz kədəri kimi yaşayır, gözlərimiz yaşla, bağrımız qanla doludur. Bizim üçün Vətən ona görə əzizdir ki, tarix boyu torpaqlarımız şəhid qanı ilə suvarılıb. Şəhid qanı ilə suvarılmayan Torpaqda azadlıq ola bitməz.

Türkiyənin yarası Mancuriyadan Macarıstana, Sibirdən, Altaydan Anadoluya, Orta Asiyadan - Türküstandan Qafqaza qədər bütün türklərin ürəyində qan verir. Dünyanın yarısında 40 adla yaşayan türklər "Türküm oy!" deyə fəryad edir. Fəqət əminəm ki, tarixdə çox faciələr görmüş məğrur türk qüruru bu dəfə də qalib gələcək. Düşünməyə başımız, döyməyə dizimiz, dağları sındıran səbrimiz, inam və iman gətirməyə dinimiz, fəryad etməyə dilimiz var. Türklər həmişə Allahın mərhəmətinə, Tanrının ədalətinə sığınıb, yerlərdən əli üzüləndə göylərə pənah aparıb. Türk təfəkkürü sərhədsiz səma aləmi ilə - mistik təsəvvürlə bağlıdır. Biz türkün SÖZünü ovub içinə ruh qoyan millətik, ruh isə məğlubedilməzdir, ölməzdir. Ruh yerdə yer tapa bilməyəndə, yerdə sıxılanda göylərə yüksəlir. Ona görə də Ruh həm müdrikdir, həm mistik. Ruhunu qoru, möhkəm saxla, türk milləti! Haqq-ədalət, hürriyyət uğrunda mübarizələrdən yoğrulmuş. Türk tarixi faciələrlə, xəyanətlərlə doludur. Lakin mərhəmətli türk ruhu həmişə qalib gəlib, zəfər çalıb. Türklər dünyaya məğlubiyyət üçün yox, qalibiyyət üçün gəliblər. İstər təbiət hadisələri olsun, istərsə də cəmiyyət hadisələri. Türk qələbələrin taleyini döyüş meydanlarından əvvəl öz ürəyində həll edir. Qədim türklər qılıncla yox, inamla vuruşurdular. Onlar üçün ölüm-qalım dilemması yox idi. Çünki onlar üçün candan əziz bir anlam var idi - Vətən! Vətən təkcə ərazi, torpaq deyil, həm də türkün ailəsi - namusu idi. Türk ailəsi türk dünyasının parlaq aynasıdır. Türkün gücü türk mənəviyyatındadır. Bura hər şey daxildir: torpaq, təbiət, Tanrı, ata-ana, oğul, qız, lal məzarlar, ötən quşlar, güldən-gülə qonan zərif kəpənəklər...

XXI əsrin türk faciəsi bəşəriyyəti hələ uzun illər sarsıdacaq. Bu zəlzələ insanlığın faciəsidir. Bu təbii olayda Allahdan sonra ikinci müqəddəs varlıq olan İnsan faciəsi yaşandı. Ona görə də gəlin Allaha inandığımız kimi, İnsana da inanaq, İnsanlaşaq, instinktiv vərdişlərdən əl çəkək, insanı yazıqlaşmağa qoymayaq!.. 

 

 





02.03.2023    çap et  çap et