525.Az

Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə


 

Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə<b style="color:red"></b>

Musa RƏHİMOĞLU - QULİYEV
Tarix üzrə fəlsəfə doktoru

(Əvvəli ötən sayımızda)

Naxçıvan şəhərində yaşayan Şahtaxtinskilər 1832-ci ilə aid kameral siyahılarda özlərini Kəngərli tayfasının Yurtçu qolunda yazdırıblar. Bunlar çox maraqlı və ziddiyyətli məsələlərdir. Mübaliğədən uzaq olsun, Şahtaxtinskilər nəslinin də tədqiqatçısı olduğumdan, axtarışlar son nəticəyə gəlir ki, Şahtaxtinskilər də qədim türk sülaləsi kəngərlilərdəndirlər. Şahtaxtinskilərin Naxçıvan şəhərində yaşayan ağsaqqalı rəhmətlik Kamil ağa hər dəfə söhbətində mənə deyirdi ki, atan Rəhimlə mən qohumam. Axtarışlar göstərdi ki, Araz çayı  vadisində yaşayan qazaxların  Qazax rayonu ilə bağlılığı yoxdur. Çünki mənbələrdə yazılıb ki, "Qazaxlar tayfası Araz vadisində çox qədimdən yaşayırlar". Maraq üçün deyək ki, Şahtaxtinskilərə aid hazırlanan yeni bir kitabda bu haqda ətraflı məlumat verilib, sənədlər, mənbələr göstərilib. 1831-ci ildə Rusiya imperiyasının müşavirləri tərəfindən Naxçıvan əyalətinin kameral siyahıları tərtib edilib. 1833-cü ildə Rusiya şairi və diplomatı V.N.Qriqoryev "Naxçıvan əyalətinin statistik təsviri" kitabında Cəmşidliləri - Cümşüdlü kimi yazmışdır. Bu səhvi hələ 1836-cı ildə rus şairi A.S.Puşkinin baş redaktorluğu ilə nəşr edilən "Sovremennik" jurnalında 1831-ci ildə Naxçıvanda müşavir işləyən Zolotnitski tənqid edib. Qeyd edək ki, Naxçıvanın 1831-ci ildə kameral siyahılarını ilk dəfə Zolotnitski tərtib edib. Azacıq qüsurlara baxmayaraq, o, Naxçıvan şəhərində və əyalətində Kəngərli tayfasının bütün qollarını dəqiq yazıb, hətta yazılışı qrammatik olaraq düzgündür. Amma sonralar V.N.Qriqoryev və İ.Şopen tərəfindən yazılan kitablarda bu dəqiqlik gözlənilməyib, müəlliflər ciddi səhvlərə yol veriblər. Ona görə də indinin özündə Kəngərli tayfasına və onun qollarına aid kitab yazanlar hökmən o müəlliflərin səhvlərini gənc nəslə təqdim etməməlidirlər. Ən mükəmməl mənbə 1831-ci ilə aid kameral təsvirlərdir (siyahılardır). Atamın bir vaxtlar söylədiyi tarixi məsələ Şahtaxtı kəndinin 1831-ci ilə aid ilk kameral təsvirində öz təsdiqini tapır.

IV nəslin başçısı kimi qeyd etdiyim Məmmədqulu İsmayıl oğlu və anası Xeyransa xanım haqqında  ilk  kameral  siyahıda  məlumat vardır. Onun övladlarının və digər ailə üzvlərinin adları ilkin siyahıya almada buraxılıbsa da, sonrakı illərə aid kameral siyahılarda yazılıb və qeyd edilib ki, əvvəllər bu adlar buraxılmışdı. Sonrakı illərdə yazılan kameral təsvirlərə keçməzdən əvvəl yenə də atamın söylədiklərini qələmə almaq istəyirəm. Onun babalarından eşitdiyinə görə, III nəslin başçısı İsmayıl Məmmədqulu oğlu çox mərd, cəsur və bacarıqlı süvari olmaqla yanaşı, yaraşıqlı bir cavan olub. Bununla yanaşı "əl-cəbr"i əla bilirmiş. Həm də bir neçə dildə danışa bilirmiş. Onun babalarının bir sıra varisləri həm də ticarətlə məşğul olurmuşlar. Hətta bu ticarəti Əyribucaqda yaşadıqları zaman da davam etdiriblər. Əyribucaqda  həm də  noqaylar  və  qıpçaqlar  da yaşayırmışlar. Onlardan da ticarət edənlər varmış. Azov ətrafında yaşayan qohumları olduğundan ticarət üçün oraya da səfər edirmişlər.  Əsasən ipək parçaları Trabzona  və Azov ətrafına  aparırmışlar. Atam Dərəbizon deyirdi Trabzona. Onların apardıqları parçalar içərisində çox bahalı olanlar da olarmış. Çünki ipəkləri əsasən Ordubaddan və Təbrizdən alırmışlar. Bibimdən eşitmişdim ki, bahalı ipək parçalara "qızılbaş parçaları" deyirmişlər. Qızıl və gümüş saplarla toxunurmuş.

İsmayıl Məmmədqulu oğlu Trabzon ətrafında yaşayan bir qıza vurulur və bir müddətdən sonra evlənirlər. Onu Şahtaxtına gətirir. Atamdan qızın kimliyini soruşanda deyirdi ki, peçeneq qızı idi. Özü də müsəlman idi. Təhsilli imiş və bir neçə dili mükəmməl bilirmiş. Qədim tibdən də məlumatlı imiş və döyüşçü sevgilisini ürəkdən sevirmiş. Elə buna görə gözəl ab-havalı yeri Şahtaxtıya dəyişmişdi. Atam zarafatla deyirdi ki, Pontus dənizinin (Qara dənizin qədim adı) sahillərində yaşayan bir peçeneq ailəsinin qızı idi. İsmayılın öz toyunda nişanlısına bağışladığı qızılbaş  parçalardan birini həmin peçeneq qızı gəlini Xeyransaya bağışlayır. Böyük bibim deyirdi ki, əntiq parça Xeyransa xanımın oğlu Hacı Məhəmmədzamanda qalırmış.   Maraq üçün deyim ki, Səkinə bibimin (Şahtaxtıda Səkinəyə, "Səhnə" deyə çağırıblar) söylədiyi xatirə mənə rəvayət kimi gəlsə də, 1862-ci ilə aid bir arxiv işi onun dediklərini təsdiqlədi. 1862-ci ilə aid bir məhkəmə işində (xeyli qalın qovluq) Hacı Məhəmmədzaman Məmmədqulu oğlunun evindən iranlıların oğurladıqları parçalardan söhbət açılır. Hacı Məhəmmədzaman özü tacirlik edirmiş və tez-tez Trabzon limanına Naxçıvandan gedən dəvə karvanlarında gedib-gəlirmiş. 

Atam həmişə deyərdi ki, nəslimizdə elmə və hərbə maraq ulu babamız Cəfərquludan qalan bir əmanətdir. O, özü də süvari olub. Bu elm və hərb varisliyini dördüncü nəslə aid olan İsmayıl Məmmədqulu oğlu şərəflə və namusla davam etdirib. Bu  müqəddəs işdə İsmayıla  onun həyat yoldaşı  yaxından köməklik göstərib.

Onların elmə olan həvəsləri sonrak

ı nəsillərdə özünü göstərib. Kəngərli süvarisi olan İsmayıl Məmmədqulu oğlu elə öz tayfasına mənsub olan qızla ailə qurmuşdu. Peçeneqlər də kəngərlidirlər. Bir tarixi haşiyə çıxaq. Tədqiqatçı alim Q.Qeybullayev "Qarabağ" (Bakı, 1990) adlı əsərində yazır: "Albaniyanın VII-X əsrlərə aid toponimləri əsasında biz erkən orta əsrlərdə Qarabağda peçenek adlı türk tayfasının yaşadığını müəyyən etmişik". X əsrə aid mənbələr, xüsusilə Bizans imperatoru və tarixçisi K.Baqryanarodnunun yazdığı "İmperiyaların idarə edilməsi" və digər kitablarında Cənubi Rus çöllərində yaşayan peçeneqlərin türk adlarını əks etdirən qollarını da göstərib.

K.Baqryanarodnı qeyd edir ki, peçeneqləri eli kəngərlilərdir. Onların mərd, nəcib, cəsur və bacarıqlı döyüşçülər olduqlarını da oğluna vəsiyyət etdiyi bu kitabda önə çəkir. Kəngərlilərlə dostluq etməyi məsləhət görür. Kəngərlilər haqqında maraqlı bir mənbədə deyilir: "Kəngərlilər möhkəm, dözümlü, işgüzar, uzun vaxt aclığa dözən adamlardırlar, hərbiçidirlər. Qonaqpərvər, dostluğa möhkəmdirlər, lakin heç vaxt təhqir və incidilməyə dözmürlər və yaddan çıxarmırlar".

Türk dillərinə aid maraqlı tədqiqat əsərləri yazan N.A.Baskakov qeyd edir ki, peçeneqlər oğuz mənşəli etnos idi. Peçeneqlər-kəngərlilər Azərbaycan ərazisinə, o cümlədən, onun ayrılmaz tərkib hissəsi Naxçıvana bizim eranın birinci əsrindən başlayaraq, müxtəlif vaxtlarda gəlmişlər. Elə X əsrdə peçeneqlərin bir hissəsi Cənubi Rus şöllərindən və Azov dənizi hövzəsindən Bizansa da getmişlər. Bir müddət orada yaşamış və sonralar əksəriyyəti Dunay çayı hövzələrinə köçüb getmişlər. Amma Trabzon ətrafında və Qara dəniz sahillərində də qalanlar olmuşdur. İsmayıl Məmmədqulu oğlu da həmin ailələrdən biri ilə qohum olmuşdu. Böyük bibimin dediyinə görə, ulu nənəmiz zəngin bir peçeneqin qızı imiş.

Əvvəlcədən qeyd edim ki, siyahıyaalmalarda bəzən yaşları düzgün göstərməyiblər. İlkin variantda yaş çox yaxud az göstərilib, ancaq sonrakı kitablarda yaşlar azaldılıb (artırılıb). Araşdırmalar göstərir ki, siyahıda almada əsasən kəndlərin kəndxudaları iştirak edirmişlər. Bir çox kameral siyahılarda onların möhürləri də vardır. Siyahıya alma zamanı adları yazılmayan şəxslərin adları  sonrakı  kamerallarda  yazılıb. Maraqlıdır ki, qızların və qadınların adları əksər hallarda qeyd edilməyib. XIX əsrin axırlarına kimi kişi adlarının əvvəlinə Məhəmməd, Əli yazılırdı. Hacı Məhəmmədzaman Məmmədqulu oğlunun özü və ailə üzvləri haqqında məlumat 1842, 1852, 1859 və 1873-cü ilə aid kameral təsvirlərdə verilibdir.

Ulu babalarımız və varisləri əsasən 1831, 1842,  1852, 1859 və 1873, 1920-ci il Şahtaxtı kameral dəftərlərində qeyd olunmuşlar. 1920-ci il yanvar ayında keçirilən siyahıya almada kəndin pristavi Nəsrulla ağa Şahtaxtinski göstərilib. 1920-ci ilin iyulundan sonra isə olan siyahıya almalara aid hələlikdə sənədlər aşkar edilməyib. Ona görə də bu zaman İrandan və digər yerlərdən qaçqınlıqdan qayıdan qohumlar 1920-ci ilin yanvar siyahısına düşməyiblər.

Şahtaxtı kəndinə aid 1859-cu ilə aid kameral dəftərdə Məmmədqulu İsmayıl oğlunun oğlanlarının hamısının adları yazılıb. Hacı Məhəmmədzaman 55 yaş, qardaşı Cəfərqulu 35 yaş, qardaşı İsmayıl 27 yaş, Əhməd 22 yaş. Bu siyahı çox maraqlı və vacib sayıla bilər. Çünki burada adları yazılan qardaşların hər birinin adları ilə yeni qollar yaranıb. İndi onlar haqqında yığcam məlumat verək. Məmmədqulunun birinci oğlu Hacı Məhəmmədzaman Şahtaxtı kəndində anadan olub. Kameral siyahılarda onun Məmmədbağır, Heydər və Məmmədhənifə adlı oğullarının adları yazılıb. Hacı Məhəmmədzamanın oğlu Məmmədbağırır varislərim 1920-ci ildən sonra Zamanov familiyasını daşımışlar. Şahtaxtıda, Naxçıvanda və Bakıda yaşayırlar. Onun oğlu Məhəmmədhənifənin bir oğlunun və iki qızının 1920-ci ildə olan kameralda rast gəlinir: oğlu Məşədi Əli, qızları Fatma və Sura.

Məmmədqulunun 2-ci oğlu Cəfərquludur. Bunun adı 1873-cü il də daxil olmaqla, Şahtaxtı kəndinin kameral dəftərlərində çəkilir. Məşədi Cəfərqulu XIX əsrin axırlarında, XX əsrin əvvəllərində yaşamışdır. Dövrünün qoçaq Kəngərli süvarisi olmuşdu.

Əvvəldə dediyim kimi atamın fenomal yaddaşı vardı. Əmilərini çox yaxşı xatırlayırdı və onlar haqqında uzun qış gecələrində bizə maraqlı söhbətlər edərdi.

Atamın dediyinə görə, onun babaları qədim zamanlardan Şahtaxtı kəndinin mərkəzində, "Urus diki"ndə yaşamışlar. "Urus diki" qətiyyən ruslarla bağlı deyil. O, kəngərli sərkərdəsi  Ərusun (Aruz, Əruz, Uruz və s. formada işlədilir) adı ilə bağlıdır. "Urus diki"nin günbatan sinəsində Cəmşidli kəngərlilərin bir hissəsinin məhəlləsi vardı. Cəmşidli kəngərlilərin digər hissələri olan Şahtaxtinskilər Baş Meydanda və onun ətrafında yaşayırdılar. Hətta atam bir vaxtlar, uçulub dağılmış evlərini bizə göstərmişdi. İndi də atamın böyük əmisi Məşə Sadığın imarəti durmaqdadır. Nədənsə bolşeviklər onu 1920-ci ildə qolçomaqlığa salıb sürgünə göndərmək istəmişdilər.

(Ardı var)

 





02.03.2023    çap et  çap et