Tarixi hərbi cinayətlərlə, qanlı əməllərlə dolu olan Fransa özünün müstəmləkəçilik siyasətindən bu gün də əl çəkmək istəmir. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək, sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin utancı olmaqla yanaşı, bəşər tarixinin də qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib.
Mövzu Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə də gündəmə gətirilib. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bildirib ki, Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir.
Sitat: "Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin, Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq".
Yeni Kaledoniya və Mayot adası ilə bağlı detallara keçməzdən əvvəl qeyd edək ki, Fransanın ən qəddar müstəmləkə siyasətini həyata keçirdiyi ölkələrdən biri məhz Əlcəzair olub. Bu ölkədə 1,5 milyon nəfər fransızlar tərəfindən qətlə yetirilib, 100 minlərlə insan yaralanıb. Məlumata görə, Fransa hökuməti Əlcəzair xalq hərəkatını yatırmaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət nəhəng ordu göndərib. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur. Ruandada Fransanın birbaşa təhriki ilə 6 aprel 1994-cü ildə həyata keçirilən soyqırım nəticəsində 800 min insan həlak olub.
Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda eyni qanlı əməlləri törədib. Tarixə "elm adamlarının soyqırımı" kimi həkk olunan hadisəni də fransızlar törədiblər. Təkcə 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını fransızlar güllələyib.
Seneqal, Benin, Bukina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Fildişi Sahili, Kamerun, Mavritaniya, Niger, Tunis, Vyetnam, Martinika adası və digər ərazilərdə eyni əməlləri törədən Fransa XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyünü Parisin İnsan Muzeyində saxlayır və nümayiş etdirir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərin kəllə sümükləridir.
Nəhayət Qəmər Adaları İttifaqı. Bura Fransa ordusunun ilk hücumları 1830-cu ildə başlayıb və 1841-ci ildə ölkənin bir parçası olan Mayot (Mayotte) adası ələ keçirilib. 1886-cı ildə isə bütün Qəmər Adaları müstəmləkəyə çevrilib. Fransa 1912-ci ildə adalarda sultanlıq üsulunu ləğv edib, ölkəni Madaqaskara birləşdirirlər. II Dünya müharibəsindən sonra Qəmərdə müsəlmanların azadlıq mübarizəsi güclənir və hətta, onlar siyasi məsələrdə yardım etməsi üçün Tanzaniyada təşkilatlar da qururlar. Fransa təzyiq və təqibləri gücləndirir, onlarla insanı zindanlara atır, edam etdirir və ya öncül fikirlilər itkin düşürlər. Amma bununla heç nəyə nail olmayan Fransa 1974-cü ildə adaların gələcəyinə dair referendum keçirməyə razılıq verir. Ancaq Fransa Mayotu yeni də əlindən vermir, bu ada xaric qalan adaların əhalisinə müstəqillik verir. Fransa 1 yanvar 1976-cı ildə Mayot adası xaric, Qəmər Adaları dövlətinin müstəqilliyini qəbul edir.
BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli qətnaməsində Qəmər Adaları İttifaqının Mayot adası üzərində suverenliyini bir daha təsdiqləyib. Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Müstəmləkəçiliyin ən son nümunələrindən biri olan Yeni Kaledoniya
2019-cu ildə Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Mayot adası üzərində Qəmər Adaları İttifaqının mübahisəsiz suverenliyini bir daha təsdiq edib, 2009-cu ilin 29 martında keçirilən referendumu və Mayotun Fransanın 101-ci departamentinə çevrilmə prosesini qınayaraq etibarsız sayıb. Eyni zamanda, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları Fransa hökumətini qanunsuz olan, Qəmər adalarının əhalisinin Mayot adasına girişini ciddi şəkildə məhdudlaşdıran, çox sayda insan itkisinə və itkin düşmələrə səbəb olan ölüm vizası da adlandırılan "Balladur Visa"sını ləğv etməyə çağırıb.
Qeyd edək ki, Mayot ərazisinə və əhalisinin sayına görə Qəmər adaları arxipelaqına daxil olan 4 adadan ( Qrand-Komor, Anjuan, Moxeli və Mayot)ən böyüyüdür.
Sakit okeanın cənub-qərb hissəsində yerləşən Yeni Kaledoniya da 1853-cü ildən Fransanın işğalı altındadır. Bu ada dövləti illərdir ki, müstəqillik uğrunda mübarizə aparır.
Göründüyü kimi, bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına baxmayaraq neokolonializm siyasətini davam etdirir. Bu utancverici səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir.
çap et