525.Az

"Hap-Gop Tayms" Agentliyinin xoruz səsi eşitməyən xəbərlər blokundan - Gülməyi bacaranlar üçün...


 

"Hap-Gop Tayms" Agentliyinin xoruz səsi eşitməyən xəbərlər blokundan - <b style="color:red"> Gülməyi bacaranlar üçün...</b>

Haqqı ikiqat ödənilmək şərtilə təcili bütün qəzet redaksiyalarına

 

KƏLAMOVUN KƏLAMLARI

 

Müxbirimiz Yalançı oğlu Yalançıya deputatlığa namizədliyi irəli sürülmüş məşhur "Bolluq"  şirkətinin yaradıcısı Müdrik Kələmov... üzr istəyirik, Kəlamovun dünən "Ac qarınlar" şadlıq sarayında seçicilərlə keçirilən görüşündə iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Aşağıda onun qeydlərini təqdim edirik.

"M.Kəlamov çıxışının əvvəlində qeyd etdi ki, əvvəlki deputat tərkibinin azdan-mazdan uğurlu siyasəti nəticəsində şəhər və kəndlərimizdə ac adamların sayı kəskin azalmışdır. Lakin  öz tənbəllikləri ucbatından bu mərəzdən xilas ola bilməyən  adamlara cüzi də olsa hələ də rast gəlinir. Və Müdrik müəllim humanist bir vətəndaş kimi məhz bu qrupun sosial müdafiəsi, hüquqlarının qorunması və problemlərinin həlli kimi "şərəfli" bir missiyanı öz üzərinə götürərək bu sahədə xalqın elçisi statusunda səmərəli fəaliyyət göstərmək əzmindədir. Uzun sürən sürəkli alqışlardan sonra yoldaş Kəlamov öz seçkiqabağı platformasının təməl prinsiplərini tezislər şəklində açıqladı. 3 başlıq altında qruplaşdırılan həmin tezisləri bəşəri əhəmiyyətini nəzərə alaraq sizə təqdim edirik. Lakin bəri başdan xahiş edirik ki, yanınızda "Validol" və cib dəsmalınız hazır olsun.

Xüsusi qeyd: Mötərizədə seçicilərin reaksiyası sözlə ifadə olunub.

I. Əsas müddəaları şifahi xalq yaradıcılığından götürülmüş tezislər

a) təskinlik xarakterli:

1. Ac ol - kişi ol (əla!)

2. Aclıq olsun - kef olsun (malades!)

3. 1 il "dürt" deyincə tıxıb partdam- partdamdan ölməkdənsə, 40 il ac qalıb yuxuda darı görmək yaxşıdır (bərəkallah!)

4. Hər gün plov yeməkdənsə, ümid yemək yaxşıdır (bravo!).

b) tövsiyə xarakterli:

1. Yuxudan günorta durun ki, aclıq sizə dov gəlməsin (super!)

2. Vətəndaşın könlü olsa, 30 manatla 31 gün dolanar, hələ dala da atar (möhtəşəm!)

3. "Səhər xaş, günorta aş, axşam bozbaş" əvəzinə "Səhər və günorta yavan şor, axşam da barmağını sor" şüarını həyat devizinizə çevirin (yess!)

4. Sizə vaxtsız qonaq gələndə süfrə açmayın - vaxtsız gələn qonaq öz kisəsindən yeyər (əhsən!)

5. Pulunuz ət almağa çatmayanda pişik kimi "iylənib" deməyi bacarın (yaşa!)

6. Şənbə və bazar günləri villaların həyətlərindən qalxan kabab iyindən doymağı öyrənin (var ol!)

II. Klassiklərin bu gün də aktual olan misraları əsasında formalaşdırılmış tezislər

1. Dahi Nizaminin "Azərsu"nun məmurları ilə həmrəyliyini əks etdirən bu misralarını əzbərləyin:

Bir inci saflığı varsa da suda,

Artıq içiləndə dərd verir o da (halaldır!)

2. Ondan bir az balaca dahi Xaqaninin aşağıdaki beytini iri hərflərlə yazıb çarpayınızın baş tərəfindən divara vurun:

Mən bir pələng ikən it olum, bir də it kimi

Qaçsam çörək dalınca bu gündən sonra, çörək!

Ahu kimi düşüb çöldə daim ot otlaram,

Qoy verməsin bu kənddə mənə kəndxuda çörək

(gözlər yaşarmış halda - maşallah!)

III. Kəlamov yoldaşın şəxsi kəlam boğçasından:

1. Siz gündə 1 xurma ilə dolanan Şeyx Nəsrullahın varislərisiniz (velikolepno!)

2. Qarın çox yeməkdən partlayar (ura!)

M.Kəlamovun çıxışı seçicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Yaranmış fürsətdən istifadə edən M.Kəlamov "Aclıq olsun, kef olsun, həyat firavan olsun" mahnısının sədaları altında meydana girib seçicilərlə rəqs edə-edə deputat seçiləcəyinə qəti əminliklə sarayı tərk etdi...

 

SƏRÇƏDƏN QARĞAYA  ZƏFƏR YÜRÜŞÜ

 

Böyük sevinc hissi ilə qeyd edirik ki, müxbirimiz "Xoruz səsi eşitməyən yeni səslər" ümumdünya müsabiqəsində sonuncu yeri tutub rəqiblərini pat, pərəstişkarlarını isə mat vəziyyətində qoyan gənc müğənni Məlahət Gülməşəkər Səda xanımla təsadüfən Bakının zoomağazalarının birinin qarşısında rastlaşmış və jurnalist peşəsinin bütün icazə verilən və icazə verilməyən fənd-fellərini işə salaraq ondan ayaqüstü eksklüziv müsahibə almışdır. Həmin müsahibəni  təqdim edirik:     

 

- Məlahət xanım, icazənizlə, bu uğursuzluğa görə sizə təskinlik verim. Necə deyərlər, son qəminiz olsun.

- Nə uğursuzluq, nə qəm canım? Əksinə, mən buna bir cəsarət, orijinallıq və qeyri-adi uğur nümunəsi kimi baxıram. Əvvəla, ona görə ki, mən birinci yeri tutmuşam - nə fərqi var əvvəldən, ya axırdan, yaxud yuxarıdan, ya aşağıdan. Məgər məşhur filmdə deyildiyi kimi, siyahını tərsəmayallaq fırlayıb axırdan birincini əvvəldən birinciyə çevirmək eləmi çətin bir işdir? Sizə deyim ki, tale hər müğənnini belə bir şansla - yəni həm tərsinə, həm də düzünə birinci olmaq şansı ilə mükafatlandırmır. Buna sevinmək lazımdır, nəinki üzülmək.

- Düzü, bu tərsəmayallaq məsələsini başa düşmədim, Məlahət xanım.

- Əşi, sən nə dilbilməz müxbirsən? İndi sənətin, yaradıcılığın bütün sahələrində kəlləmayallaqlıq siyasəti aparılmırmı? Buna bəzən alternativ sənət axtarışları da deyirlər. Yəni ədəbiyyatda alternativ mətn, musiqidə alternativ səs, rəssamlıqda, heykəltaraşlıqda alternativ ölçü-biçi  axtarışları. Bunu reallaşdırmağın kəsə və çox asan yolunu da tapıblar - özünə qədər olanları tərsinə fırladıb qoyursan təpəsi üstə - olur əvvəlkinə alternativ. 

- Jurnalistlərdən biri sizin səs tembrinizi və oxu maneranızı təhlil edəndə "sərçədən qarğaya" metodunun tətbiq olunmasının vacibliyini vurğulayıb...

- Ay alım onun qadasını. Nə qədər dəqiq bir fikir! Bəli, mən Azərbaycan musiqi sənətində sərçə cikkiltisindən başlayıb qarğa qarıltısında bitən səs tembrinə malik yeganə müğənniyəm.

- Olarmı ki, yaradıcılığınızdakı bu yeniliyi bir qədər ətraflı şərh edəsiniz?

- Olar da sözdür? Niyə olmur ki? Bilirsiniz ki, musiqidə yuxarı və aşağı, zil və bəm kimi tonallıqlar var. Yəqin onu da bilirsiniz ki, bütün səslər insan hələ dünyaya gələnə qədər təbiətdə mövcud olub. Deməli, insan öz səsini tonallığı, tembri ilə bir yerdə təbiətdən əxz edib. Bu mənada səslərin tembrində küləyin, yağışın səsinin, canım sənə desin, arının vızıltısının, pişiyin miyoltusunun, quzunun mələrtisinin, üzr istəyirəm, eşşəyin anqırtısının... çalarlarını, izlərini axtarıb tapmaq olar. Mənim səsim isə rəngarəng quş səslərinin sintezində formalaşan nadir səsdir.

- Bunu nə vaxt bildiniz?

- Uşaq vaxtı həyətdə dayanmışdım. Birdən yeri dimdikləyib dən axtaran bir sərçə diqqətimi çəkdi. Lap o mahnıda deyildiyi kimi, hərdən üzümə baxıb "cik-cik, cik-cik" deyirdi. Qəfildən eyvanımızdakı radioda da bu mahnını səsləndirdilər və yazıq sərçə diksinərək uçub getdi  və elə o andaca hiss elədim ki, o, mənim ruhumu da özü ilə apardı. Bu hadisədən sonra səsimdə qəribə bir deformasiya prosesi başladı - nə isə demək istəyəndə əvvəlcə sərçə kimi cikkildəyir, sonra elə o tembrdə danışırdım. Başa düşdüm ki, bu, yaradanın lütfü sayəsində  mənə göndərilən vergidir və bu şansdan sənət naminə istifadə etmək lazımdır. Bundan sonra içimdə quş səslərinin sintezi deyilən əziyyətli, fəqət sevinc duyğuları oyadan bir proses başladı. Nəticə isə o oldu ki, dünyada analoqu olmayan tembrə malik bir səs - sərçə cikkiltisindən başlayıb qarğa qarıltısında sona çatan bir səs formalaşdı...

- Belə demək olarmı ki, sizin səs tembrinizin formalaşmasında, məsələn, qaşqaldaq, sığırçın, dəvəquşu, hacıleylək, hətta mən deyərdim ki, bayquş səslərinin də müəyyən rolu olub?

- Əlbəttə, amma sintezləşmə prosesi tam başa çatmayıb, proses davam edir.

- Bu səslər sırasında bülbülün səsi hansı mövqedə dayanır?

- Düzü, hələ bülbülün səsini tam əxz etməmişəm. Nə qədər əlləşirəm, bülbül səsinin şah damarını tuta bilmirəm ki, bilmirəm. Bunu böyük qüsur hesab edirəm. Hətta bir dəfə böyük vokalçımız Bülbül yuxuma girib mənə barmaq silkələdi. Düzü, o vaxtdan canıma vəlvələ düşüb, çünki kişi çox qəzəbli və incik görünürdü.

- Məlahət xanım, sonda belə bir sual vermək istəyirəm: "Zoomağazada xeyir ola?"

- Evdə qəfəsdə saxladığım sərçə və qarğaya yem almağa gəlmişəm. Bir gün onların səsini eşitməsəm, bağrım çatlar. Evimin yaraşığı, ruhumun bəzəyidir onlar.

                    

MƏCHUL QILÇA

 

Müxbirimiz dünən hava limanında Amerikadan əsanın köməyi ilə axsaya-axsaya qayıdan tanınmamış aktyor Məchul Naməlumlunun başımın üstünü elə təyyarənin trapının yanındaca kəsdirib, ondan  eksklüziv müsahibə almışdır. Həmin müsahibəni təqdim edirik.

- Məchul müəllim, məlumdur ki, bir neçə ay əvvəl sizi Hollivuddan "Əzilmiş qılça" adlı supersavaş filmində çəkilməyə dəvət etmişdilər. Bilmək olar hansı rola?

- Elə qılça roluna.

- Heç nə başa düşmürəm, Məchul müəllim. Necə yəni qılça roluna? Qılçanın da rolu olur?

- Niyə olmur ki? Olur! Film keçmiş kəşfiyyat zabitinin terrorçulara qarşı təkbaşına mübarizəsindən bəhs edir. Deməli, terrorçular onun qızını oğurlayırlar. Bu gözünə döndüyüm də təkbaşına onların atasını yandırır, ən azından 35-40 terrorçu ilə döyüşə girib hamısını cəhənnəmə vasil edir. Amma axırda ehtiyatsızlıq üzündən ayağının üç yerindən yaralanır. Onu təcili  xəstəxanaya gətirib qılçasını əməliyyat edirlər. Bax, həmin səhnədə onun əməliyyat stolunun üstündəki qılçasının rolunu mənim qılçam oynayır.

- İndi kompüterin köməyi ilə nəinki qılçanın, hətta adamın elə obrazını yaradırlar ki, deyirsən canlı insandır. Bir qılça nədir ki, ondan ötrü sizi bu günə qoyublar?

- Bu sualı onlara mən də verdim. Dedilər ki, bu dəfə ənənəni pozub qılçanın canlı obrazını yaratmaqla bu sahədə eksperiment etmək istəyirlər. Həm də qılçanın kompüterdə yaradılan obrazı onun canlı obrazından baha başa gəlir. Ona görə də razılaşdım. Əlqərəz, filmdə cərrahların kəsib doğradıqları qılça aktyorun yox, mənim qılçamdır.

- Heç olmasa yaxşı qonorar verdilər?

- Əlbəttə. Hətta təklif elədim ki, əgər ssenaridə dəyişiklik etsəniz, qəhrəmanın o biri qılçasını da oynamağa hazıram. Dedilər ki, bəy, get öz işinlə məşğul ol, bizə ağıl öyrətmə.

- Sizə başqa təkliflər oldumu?

- Bir podüser mənə çəkilişləri planlaşdırılan filmdə kişi striptizi göstərən personajı oynamağı təklif elədi. Düzü, yaman xətrimə dəydi bu təklif. Ona görə otkaz elədim. Dedim, ni za çto, bizim milli mentalitet imkan vermir ki, belə avantüraya gedəm. Amma 1-2 məlum bədən üzvünü çıxmaq şərtilə digərlərini oynamağa hazıram. Məsələn, əyilmiş omba, sınmış qol, kəsilmiş barmaq, şaxtan qopub düşən qulaq, burun...

- Sizə yeni yaradıcılıq uğurları arzulayırıq. Mənə elə gəlir ki,  gurultulu uğurunuz şərəfinə bu gündən etibarən "Qılça" təxəllüsünü daşımağa tam haqqınız çatır. Məchul Qılça! - görün necə də əzəmətli səslənir!

 

 





03.03.2023    çap et  çap et