Tanrının böyük lütfi ilə Vətənimizin hər bir guşəsində yaşamaq, işləmək, istirahət etmək, eləcə də həyatdan, təbiətdən zövq almaq mümkündür. Azərbaycanın torpağı, suyu, havası, təbiətinin nemətləri insan könlünə səfa, canına şəfadır. Dörd fəslin hər birinin öz gözəllik və özəllikləri ilin istənilən anında coğrafiyamızın istənilən hissəsinə səyahəti mənalı edir.Amma bu baxımdan, turizm potensialı hələ tam miqyası ilə açılmayan rayonlarımız da az deyil. Son illər onların bu sahədəki perspektivlərinin genişləndirilməsi üçün əhəmiyyətli addımlar atılır.
Dağlar qoynunda bərqərar olmuş Daşkəsən də istər yay, istərsə də qış fəslində turizm baxımından böyük imkanlara malik bir rayon sayılır. Burada ekoloji, xüsusən də qış turizminin inkişafı üçün böyük imkanlar mövcuddur. Son illər rayon ərazisindəki kəndlərarası yol şəbəkəsinin əsaslı surətdə qaydaya salınması da bu sahənin irəliləyişinə təkan verib. Dağlıq relyefə malik Daşkəsəndə xüsusən sadə xidmət üsullarına söykənən kənd turizminə marağın artması hiss olunur.
Rayonda turizmin inkişaf etdirilməsi, xidmətin müasir tələblər səviyyəsində qurulması üzrə pilot layihə kümi 10 kənddə 10 ailə kənd turizminə cəlb edilib. Kənd turizminə cəlb edilən evlər dövlət xətti evləri dövlət xətti ilə təmir olunub. "Yayda turizm idarəsi xətti ilə bizim evləri də təmir etdilər. Gözəl təbiəti olduğu üçün, bizim kəndə bütün fəsillərdə gəlib, qalırlar. Bizə kirayə haqqı verirlər, o da bizim ailə büdcəmizə köməkdir", - deyə Quşçu kəndinin sakini Maarif Mazanov razılıq edir.
"Daşkəsən rayonunun Quşçu kəndi turizm potensialına uyğun kənddir. Şəfalı təbiəti, çayı, meşəlik ərazisi olduğu üçün turistləri özünə cəlb edib. Kənd, həmçinin, qazla, asfalt örtüyü ilə də təmin edilib. Bu da turistlərin gediş-gəlişinə əlverişli şərait yaradıb. Ötən il yayda Quşçu kəndində 10 ailənin evində bərpa-təmir işləri aparılıb", - deyə Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsinin müavini Xudat Məmmədov məlumat verir.
Daşkəsənin maraqlı təbiəti ilə yanaşı, tarixi abidələrinin zənginliyi də turistlərin rayona böyük maraq göstərməsi üçün əsas yaradır. Bunu nəzərə alaraq, yeni marşrut istiqamətləri təyin edilib.
"Daşkəsənin turizm imkanlarını təbliğ etmək məqsədi ilə visitdashkasan.az adlı sayt yaratdıq. Dövlət Turizim Agentliyi ilə də qarşılıqlı fəaliyyət göstəririk. Burada onlarla birlikdə yeni turizm cığırları təşkil olunub, göstərici lövhələr vurulub. Bu məsələdə Çexiya təcrübəsindən istifadə edilib. Hazırda Agentliklə birgə Daşkəsən rayonunun Xoşbulaq turizm rekreasiya zonasının, yəni təbiət və tarixi yerləri əhatə edən ərazi sahəsinin yaradılması üzərində də iş aparırıq", - deyə Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Elmar Əliyev bildirir.
Statistik məlumatlar göstərir ki, yay mövsümündə yalnız Xoşbulaq kəndinə 30 minə yaxın turist gəlir ki, bunun da 90 faizi öz vətəndaşlarımızdır. Həmçinin, rayonun əsas hərəkət damarlarından hesab edilən, əvvəllər bir hissəsi bərbad halda olan Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması da bu yerlərin turizm sahəsinin canlandırılmasına əhəmiyyətli dəstəkdir.
Zakir MURADOV
Gəncə-Daşkəsən
çap et