525.Az

Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə


 

Kəngərlilər və şahtaxtılılar: ulu əcdadların izi ilə<b style="color:red"></b>

Musa RƏHİMOĞLU - QULİYEV
 Tarix üzrə fəlsəfə doktoru

 

(Əvvəli ötən saylarımızda)

 

1920-ci ilin yanvarında yazılan kameral təsvirdə Məşədi Sadıq ticarətçi kimi qeyd olunub. Atam böyük əmisi haqda rəğbətlə danışardı. Əmisinin oğlu Arazda çimərkən cavankən boğulmuşdu. Ən igid oğlunu itirən Məşədi Sadıq kişi həmişə dağlarda bayatı çəkərmiş. Atam nəql edirdi ki, bir dəfə Dərələyəzdə, Canı kəndinin üstündəki yaylağa gedəndə köçün qabağında Məşədi Sadıq əmim atın üstündə bir bayatı çəkirdi.

 

Daşım uçdu kələkdən,

Qolum sındı biləkdən.

 

Məşədi Sadığın məlahətli səsi varmış. Müşahidələrim sonralar da  göstərdi ki, həqiqətən dağ havasını çox sevən Cəfərquluların döyüş hünərləri ilə bərabər, ürəyə yatan səsləri də varmış... Ulu babamız Məşədi Cəfərqulu Şahtaxtı kəndində olan övliya Hacı Mehdi ağanın bacısı Şəhrəbanu ilə evlənib. Şəhrəbanunun (Şərəbanı deyirlər bizlərdə) atası Mir Abdulla ağa, anası isə Makudan olan Zərri xanım olub.

Atamın dediyinə görə, 6 oğul Hacı Seyid Mehdi ağanın, 6 oğul isə Cəfərqulu ilə  bacısı Şəhrəbanının imiş. Kəngərli elində bunlar 12-ləşəndə kimsə bunlara dav gələ bilmirmiş.

Onun bir xatirəsi elə indicə yadıma düşdü. Atamgil hər yayı Dərələyəzin Yazı yurduna köçürmüşlər. Onlar Gərməçataq yolu ilə Sultanbəyə, oradan isə Mərdürüsə gedib Yazı yurduna qalxırmışlar. Mərdürüşdə Qırmızı Yenok adı bir erməni varmış. Şahtaxtının köçü gələndə dərənin dibindən üzüyuxarı pis-pis söyüşlər söyürmüş. Atam nağıl edirdi ki, bir dəfə Akka (Allahqulu) əmim heç kimin sözünə məhəl qoymayaraq dərənin dibinə endi və Qırmızı Yenoku o ki var döydü. Əmim yaxşıca savaşa bilirdi. Atam ürəkdən gülə-gülə deyirdi ki, bu kötəkdən sonra daha Qırmızı Yenok köçümüzün qabağına çıxmadı. Yeri gəlmişkən, peçeneqlərin bir qolu da "yazı"dır. Yazı yurdu peçeneq-kəngərlilərə məxsus olub həmişə. İndi erməni əsarətində olan yurd yerlərini və o məşhur dağ cığırlarını atam bizə uşaqlıq illərində göstərmişdi. İndi də apaydın gözlərim önündədir: Yazı Yurdundakı məşhur Xan Bulağı.

Atamın kiçik əmisi Süleyman Cəfərqulu oğlunu yaxşı xatırlayıram. Mən tələbə olanda, 1971-ci ildə dünyasını dəyişdi. O, Şahtaxtı kəndində uryadniki öldürdüyü üçün 1914-1917-ci illərdə Rusiyanın Saritsin (indiki Volqaqrad) şəhərində sürgündə yaşamışdı. Görkəmli romançı Məmməd Səid Ordubadi ilə birlikdə sürgündə olmuşdu. Başqa versiyalara görə Süleyman əmi inqilabçılarla dəmiryol vağzalında vərəqə (özü listok deyirdi) yapışdıranda həbs etmişdilər.

Süleyman əmi dağ gövdəli bir kişi idi. Yaxşı qılınc oynada bilirmiş. 1950-ci ilədək milli kişi geyimində gəzməyi xoşlarmış. Yaxşı səsi varmış, dağlara baxıb Abbas Tufarqanlıdan  oxuyarmış.  Bir dəfə bizə gəlmişdi. Biz uşaqlar ona elə maraqla baxırdıq ki... O isə anama: "Qızım Gülsüm, sən o qovurma bozbaşını bişir, yanında da qatıq, yaman könlümə düşüb". Yemək yeyər, çay içər və dostu Səiddən söhbət edərdi... İndi də nəslimizin o nəhəng gövdəli son mogikanını xatırlayıram.

Atamdan eşitmişdim ki, onun Süleyman əmisi çox səyahətlər edərmiş. O, nənəsinin Makuda yaşayan qardaşı uşaqları ilə uzaq Ərdalana və Zaqrosa qədər gedib çıxıbmış...

Onun qızı Raziyə Şahtaxtının ilk müəllimələrindən olub. O, Şərurun kəndlərinin birində dərs deyirmiş, onu qəddarcasına öldürmüşdülər. Anam həmişə Raziyə müəllimənin ölümünə çox təəssüflənirdi. Əsrin əvvəllərində kasıblaşan Cəfərqulular 1930-cu ildən sonra yenə övladlarını, xüsusən qızlarını oxudurdular. Nəslin kökündə, mayasında elmə həvəs böyük idi. Elm ilə yanaşı irsən qanlarında axan döyüşçü ruhu o vaxtlar olduğu kimi, indi də gənc nəslin  hərbi fəaliyyətlərində uğurlar qazandırır. İndinin özündə də Məşədi Cəfərqulunun törəmələri Azərbaycanın elmində, maarifində, diplomatiyasında, səhiyyəsində, ordusunda, təhlükəsizlik sistemində çalışırlar. Həmişə öndə gedirlər. Ulu babalarının onlara olan əmanətlərini, sədaqətlə, namusla daşıyırlar. Hər vaxt and içdikləri hərbə anda sədaqətli qalıblar. İndi də bu işə çox müqəddəs baxırlar.

Məşədi Cəfərqulunun böyük oğlu Məşədi Sadıq təxminən 1867-ci ildə Şahtaxtı kəndində anadan olub. 1920-ci il siyahıya almada o və ailə üzvləri aşağıdakı kimi qeyd olunub: Məşədi Sadıq Məşədi Cəfərqulu oğlu 56 yaşında, həyat yoldaşı Ruqiyyə Seyid Həsən qızı 48 yaşında, oğulları Məşədi Hüseyn 12 yaşında, Qənbər 10 yaşında. Qızı Məsi (evdə Məsmə deyiblər) 20 yaşında ailə qurduğu üçün getdiyi ailədə qeydə alınıb. Oğlu Həsən isə Arazda boğulduğundan bu siyahıda yoxdur. Varisləri Quliyev familiyasını daşıyırlar.

Məşədi Cəfərqulunun 2-ci oğlu Məmmədqulu təxminən 1869-cu ildə Şahtaxtıda anadan olub. Onun 1873-cü ilə aid kameral dəftərdə 4 yaşı olduğu qeydə alınıb. Məmmədqulu riyaziyyatı və mühəndisliyi yaxşı bildiyindən əsasən, dəmiryolu çəkilişlərində çalışıb. Onun Məhəmmədəli, Abdulla (Abı) və Fatma (Matı) adlı övladları olmuşdur. Məhəmmədəli də dəmiryolunda işləmiş və Birinci Dünya müharibəsi zamanı Maku-Şahtaxtı dəmiryolunun çəkilişində iştirak etmişdi. O, dəmiryolunda işlədiyindən sonralar Şərurun Sərdarabad (Təzəkənd) kəndinə köçmüş və orada yaşamışdı. Məhəmmədəlinin İsmayıl, Qurban, Ələkbər, Əhməd və Firəngiz adlı övladları olub. Onlar da ataları kimi elmi çox sevmiş və müxtəlif ixtisaslara yiyələnmişlər. Hərbi həkim olan Ələkbər Qarabağda gedən Ağdərə döyüşlərində şəhidlik zirvəsinə ucalmışdı. Məhəmmədəlinin böyük oğlu İsmayıl və varisləri elm və ədliyyə sahəsində yüksək mənsəblərə çatmışlar. Məmmədov familiyasını daşıyırlar.

Məmmədqulunun digər oğlu Abdulla (Abı) və bacısı Fatma Böyükdüz kəndində yaşamışlar. Abdullanın oğlu Məmməd Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş və Naxçıvanda yaşayıb fəaliyyət göstərmişdi. Abdullanın Məmməd, Zeynəb, Adil və Arif adlı övladları olub. Cəfərov familiyasını daşıyırlar. Abdulla Məmmədqulu oğlunun varisləri Şahtaxtıda, Böyükdüzdə, Naxçıvanda və Bakıda yaşayırlar. Onların arasında iqtisadçı, hüquqşünas, müəllim və digər ixtisaslar üzrə mütəxəssislər vardır.

Məşədi Cəfərqulunun 3-cü oğlu Allahqulu təxminən 1871-ci ildə Şahtaxtında doğulub. 1920-ci il siyahıya almada onun aşağıdakı ailə üzvləri qeyd edilib. Allahqulu Məşədi Cəfərqulu oğlu 50 yaş, həyat yoldaşı Minəvvər Seyid Abbas qızı 43 yaş. Oğulları: Əkbər 22 yaş, Əli 15 yaş, Əsgər 12 yaş, qızları: Sura 10 yaş, Sara 6 yaş Varislər Quliyev familiyasını daşıyırlar.

Məşədi Cəfərqulunun 4-cü oğlu Muxtar təxminən 1874-cü ildə doğulub. Onun ailə üzvləri 1920-ci il siyahıya alınmada belədir: Muxtar Məşədi Cəfərqulu oğlu 47 yaşında, onun anası Şəhrəbanu Seyid Abdulla qızı 70 yaşında, həyat yoldaşı Sona Məşədi Xəlil qızı 40 yaşında, oğulları Heydər 15 yaş, İbrahim 12 yaş, Rəhim 8 yaş, Kərim 1 yaş, Qızı Lalabəyim 4 yaşında. Kərim və Lalabəyim çox cavankən vəfat etmişlər. Böyük qızı Səkinə ailə qurduğundan  bu siyahıda qeyd edilməyib.

Muxtarın həyat yoldaşı Sona 1922-ci ildə vəfat etmiş və o, Xok kəndindən olan Aminə ilə ailə qurmuş və bu nikahdan 6 övladı olmuşdu: Əfruz, Kərim, Günəş, Cəfər, Lala və Səməd. Varislər Quliyev familiyasını daşıyırlar.

Onun varisləri Şahtaxtıda, Böyükdüzdə, Naxçıvanda və Bakıda yaşayırlar. Oğlanları İbrahim və Rəhim İkinci Dünya müharibəsində iştirak etmişlər, orden və medallar almışlar. Onların varisləri arasında hərbçilər çoxluq təşkil edir. 44 günlük Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşublar. Alim, müəllim, mühəndis, iqtisadçı, həkim, hüquqşünas və digər ixtisas sahibləri də vardır. Varislər Quliyev familiyasını daşıyırlar.

1873-cü ilə aid siyahıyalmada Məmmədqulunun oğlanlarının və oğul nəvələrinin adları belə qeyd edilib:

Məhəmmədzaman, oğlanları: Məmmədbağır 15 yaşında, Heydər 12 yaşında;

Qardaşı Cəfərqulu, onun oğlanları: Sadıq 6 yaşında, Məmmədqulu 4 yaşında, Allahqulu 2 yaşında.

Sonralar doğulan Muxtar, Salman və Süleymanın adları bu kameral dəftərdə yoxdur. Ancaq 1920-ci ildə olan siyahılarda Cəfərqulunun özü vəfat edib, oğlanlarının isə hamısının, Süleymandan və Məmmədquludan savayı, ailəlikcə  siyahısı yazılıb.

Məşədi Cəfərqulunun 5-ci oğlu Salmandır. 1920-ci il siyahıya almada onun ailə üzvləri aşağıdakı kimidir: Salman Məşədi Cəfərqulu oğlu 38 yaşında, həyat yoldaşı Leylan Əli qızı 26 yaşında, oğlu Teymur 6 yaşında, qızı Xədicə 8 yaşında.

Sonralar onun Mədinə adında digər bir qızı da olmuşdur. Salmanın birinci həyat yoldaşından Badam adlı qızı olub.

Məşədi Cəfərqulunun sonbeşik, 6-cı oğlu Süleyman təxminən 1882-ci ildə doğulub. Onun Abdulla, Leylan, Səriyyə, Raziyyə, Ziynət və Rabiyə adlı övladları olmuşdur. Varislər Quliyev soyadını daşıyırlar.

Məşədi Cəfərqulunun Səkinə adlı bacısı da olub. Sonbeşik qardaşı Əhməddir. Əhmədin oğlu Məhəmmədhüseynin (Məmmədhüseynin) oğlu Məmmədqulunun (sovet dövründə sənədlərdə Məmməd kimi yazılıb) doğum tarixi 1900-cü ildir. O, Şahtaxtı kəndində doğulub və əsasən dəmiryol çəkilişlərində çalışıb. Naxçıvandan evlənib və şəhərə köçüb. Amma bizə məlum olmayan səbəblərə görə 1922-ci ildən sonra Gəncəyə köçüb. O, 1938-ci ildə Gəncədə vəfat edib. Onun və ailə üzvlərinin fotoşəklini mən Naxçıvanın "canlı arxivi" Matan (Fatma) xanım Nəsirbəyovanın albomunda görmüşdüm. Onun həyat yoldaşı Matan xanımın qohumu idi. Matan xanımın dediyinə görə ona "Məmmədqulu bəy" deyə müraciət edirmişlər. Məmmədqulunun Əhməd və Bahadur adlı oğulları Şahtaxtıda, digər oğlu və qızı isə Gəncədə dünyaya gəliblər. Əhmədin varisləri Məmmədquliyev, qardaşı Bahadurun varisləri isə Hüseynov familiyasını daşıyırlar. Hər iki qardaşların özləri və varisləri Azərbaycanın dövlətçiliyinə böyük xidmətlər göstərmişlər. Və varislər indi də xidmət göstərməkdədirlər.

Məşədi Cəfərqulunun İsmayıl adlı qardaşı da olub. Kameral siyahılarda İsmayılın  6 yaşlı Məmmədhənifə adlı oğlu yazılıb. Bu məlumat 1861-ci ilə aiddir. Sonralar heç bir məlumat yoxdur.

İsmayıl və qardaşı Əhməd Hacı Vəli ağa Şahtaxtinskinin süvari dəstəsində Rusiyanın apardığı müharibələrdə iştirak etmişlər. Dövrlərinin yaxşı süvariləri olmuşlar.

Beləcə, tanıdığım və tanımadığım gənc qohumlarımın arzularını yerinə yetirdim. Ulu əcdadlarımız və onların keçdikləri yolu yığcam yazdım. Soyumuzun əsas budaqlarını göstərdim. İstədim gənc nəsil bilsin ki, bu gün bizlər - Zamanovlar, Məmmədovlar, Cəfərovlar, Quliyevlər, Məmmədquliyevlər və Hüseynovlar - Cəfərqulunun və onun oğul varisi Məmmədqulunun törəmələriyik.

Və sonda dünya şöhrətli rus şairi A.S.Puşkinin öz babalarının haqqında yazdıqlarını bir daha xatırladım. Çünki yerinə düşür. O yazırdı ki, öz ata-babalarının şöhrəti ilə fəxr etmək nəinki olar, həm də lazımdır. Onların şöhrətinə hörmət etməmək ayıbdır, qorxaqlıqdır.

 

 

 





03.03.2023    çap et  çap et