525.Az

Türkün halı - Hüseyn Bağıroğludan poetik nümunələr


 

Türkün halı - <b style="color:red"> Hüseyn Bağıroğludan poetik nümunələr</b>

Hüseyn BAĞIROĞLU

 

Türkün halı

 

Mən ki, bir əlimdə haqqın qılıncı,

Mən ki, bir əlimdə mey doğulmuşam.

Qoymaram sönməyə ulduzları da,

Zülmət gecələrə Ay doğulmuşam.

 

Zalım məzlum qanı içməsin deyə,

Yetimlər boynunu bükməsin deyə,

Bu dünyanın dadı qaçmasın deyə,

Dünya qəmlərinə toy doğulmuşam.

 

Düşmən hər tərəfdən hədələr məni,

Köpəklər istər ki, didələr məni,

Gədə görmək istər gədələr məni,

Amma mən dünyaya bəy doğulmuşam.

 

Ömrü yaşamağın minbir yolu var

 

Ömrü yaşamağın minbir yolu var,

Adam kimi, qoyun kimi, qurd kimi...

Ömrü yaşamağın minbir halı var,

Naşı kimi, namərd kimi, mərd kimi...

 

Sən də bir nurusan müqəddəs göyün,

Tərəddüd etmərəm sevim-sevməyim;

Minbir yolu vardı səni sevmənin

Mələk kimi, çiçək kimi, yurd kimi...

 

Allah bilir kim nə tapır bu yolda,

Kimin ruhu təndən qopur bu yolda.

Hər kəs öz ömrünü çapır bu yolda,

Dəvə kimi, yabı kimi, at kimi...

 

Heç də uzaq deyil göy üzü yerdən

 

Tanrı insanları sınağa çəkir,

Hər kəs öz rənginə boyansın deyə.

Şeytan da yaxasın qırağa çəkir,

Adəm meydanda tək dayansın deyə.

 

Bu dünya üzümə ağ oldu hər gün,

Yenə könlüm-gözüm duruldu hər gün.

Mənim ömrüm-günüm yağ oldu hər gün,

Bu eşqin çırağı gur yansın deyə.

 

Heç də uzaq deyil göy üzü yerdən,

Agah oldunmu heç sirr ilə sirdən.

Dağlar dərələrə daş atır hərdən,

Təpələr yuxudan oyansın deyə.

 





03.03.2023    çap et  çap et