“Ayxan Məmmədov günahını tam etiraf edib və ittihama etirazı yoxdur”.
Vəkil Famil Süleymanov “Media forum” saytına açıqlamasında belə deyib.
Video qalmaqalının iştirakçısı olmuş mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Bakıda “Favorit” marketindən oğurluq etməkdə təqsirli bilinib və iyunun 25-də 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
Vəkilin sözlərinə görə, Ayxan Məmmədovun “Favorit” mağazasından oğurluq etməsini təsdiqləyən video çəkilişlər mövcuddur: “Onun oğurluq etməsi marketin təhlükəsizlik kamerasına düşüb. Həmin videolar işə əlavə olunub və oradan aydın şəkildə görünür ki, Ayxan Məmmədov marketdən oğurluq eləyir. Özü də bunu etiraf edib”.
Famil Süleymanovun sözlərinə görə, bununla belə, Binəqədi Rayon Məhkəməsinin Ayxan Məmmədov haqda çıxardığı hökmdən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub. Şikayətə yaxın günlərdə baxılacağı gözlənir.
Famil Süleymanov bildirib ki, Ayxan Məmmədov Bakı İstintaq Təcridxanasına göndərildikdən sonra onunla görüşməyib: “Nənəsi hüquq məsləhətxanasına gəlmişdi. Penitensiar Xidmətə ərazi yazdıq. Nənəsi görüşəcək”.
2012-ci ildə deputat Gülər Əhmədovanın Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsini əks etdirən videolar yayılıb. Videolarda deputatla rektor və vasitəçi kimi təqdim olunan, Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva arasında Elşad Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoqlar əksini tapıb.
Bakı Şəhər Prokurorluğu bu video işinə görə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla dələduzluq) iş qaldırıb. Gülər Əhmədova bu qalmaqala görə mandatından imtina edib, hakim Yeni Azərbaycan Partiyasından çıxarılıb, daha sonra 2013-cü il ilin fevralında tutularaq 3 il müddətinə azadlıqdan məhrum edib. Sabiq deputat külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib. Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.
2014-cü il mayın 5-də Gülər Əhmədovanın Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxılması prosesi yekunlaşıb. Gülər Əhmədova azadlığa buraxılıb. Onun həbs cəzası 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza ilə əvəzlənib.
178.3.2-ci maddə ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva 2012-ci il dekabrın 26-da Türkiyədə vəfat edib. Onun ürək çatışmazlığından öldüyü açıqlanıb. Ancaq mərhumun oğlu Ayxan Məmmədov bu versiyanı şübhə altına alıb, anasının zəhərləndirildiyini iddia edib və bu işdə Gülər Əhmədovanı, onun havadarlarını günahlandırıb.
çap et