525.Az

Penitensiar Xidmət: “Kameranın dəyişdirilməsi qanunla həyata keçirilib”


 

Penitensiar Xidmət: “Kameranın dəyişdirilməsi qanunla həyata keçirilib”<b style="color:red"></b>

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məhbus bloqçu Ömər Məmmədovun atası Elyar Məmmədovun açıqlamasına münasibət bildirib.

İyulun 6-da Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında oğluna baş çəkən Elyar Məmmədov “Media forum” saytına deyib ki, Ömərin məhkəmədəki son sözü ona münasibəti sərtləşdirib: “Əvvəl görüş üçün rahat şərait yaradılırdı. İndi isə giriş-çıxışda ciddi şəkildə yoxlandıq, həm də şüşə arxasından görüşdük. Kamerasını da dəyişiblər. Öməri çox pis, şəraitsiz bir kameraya köçürüblər. Bizə bir şey deməsə də, kefinin yaxşı olmadığı hiss olunurdu”.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. İstintaqın məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Müdafiəçiləri isə Ömər Məmmədovun bloqçu fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ömər Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

İyulun 10-da Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən “Media forum” saytına deyiblər ki, Elyar Məmmədovun oğlunun saxlanma şəraiti ilə bağlı mətbuata verdiyi məlumatlar həqiqəti əks etdirmir: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqları” haqqında qanunda nəzərdə tutulan bütün hüquqlardan digər şəxslər kimi Ömər Məmmədovun da tam istifadə etməsi təmin olunub. Ömər Məmmədov saxlanıldığı müddət ərzində ailə üzvləri ilə 13 dəfə qısamüddətli görüşdə olub. Görüş təqdim olunarkən həyata keçirilən axtarış-baxış tədbirləri və görüşlərin təqdim olunma şəraiti qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir.

Ömər Məmmədovun saxlanıldığı kameranın dəyişdirilməsi prosesi də qanunla həyata keçirilib. Bu onun barəsində artıq məhkəmə hökmünün mövcudluğu ilə bağlıdır. İstintaq təcridxanalarının daxili nizam-intizam qaydalarına uyğun olaraq barəsində məhkəmə hökmü çıxarılmış təqsirləndirilən şəxslərlə istintaq altında olan şəxslərin kameraları müxtəlifdir”.

 





10.07.2014    çap et  çap et