525.Az

Dünya beş dövlətdən ibarət deyil...


 

BMT TƏHLÜKƏSİZLİK ŞURASINDA DƏYİŞİKLİK QAÇILMAZDIR

Dünya beş dövlətdən ibarət deyil...<b style="color:red"></b>

BMT Təhlükəsizlik Şurasında islahatların aparılması, onun tərkibinin genişləndirilməsi artıq neçə ildir ki, gündəmə gətirilib. Bunu zəruri edən bir sıra mühüm səbəblər və amillər vardır. Nəzərə almaq lazımdır ki, BMT TŞ BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. BMT Nizamnaməsinə görə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində başlıca məsuliyyəti məhz Təhlükəsizlik Şurası daşıyır. Onun tərkibinə veto hüququ olan 5 daimi (Böyük Britaniya, ABŞ, Çin, Fransa və Rusiya) və 10 müvəqqəti üzv daxildir. Müvəqqəti üzvləri Baş Məclis ikiillik müddətə seçir. Təhlükəsizlik Şurası beynəlxalq sülhü və təhlükəsizliyi pozan dövlətlərə qarşı məcburi xarakterli tədbirlər görə bilər. Məsələn, qaydaları pozan ölkələrə qarşı iqtisadi embarqo qoyula və ya münaqişə zonalarına sülhməramlı qüvvələr yeridilə bilər. Son dövrlərdə isə BMT TŞ-nın qlobal miqyasda təhlükəsizlik məsələlərini həll edə bilmədiyini, qəbul etdiyi bəzi qərarların reallığa uyğun olmadığını, bəzilərinin isə sadəcə kağız üzərində qaldığını görürük. Elə Azərbaycanın timsalında nümunə gətirmək yetərlidir. BMT TŞ-nın erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsinə dair 4 qətnaməsi olsa da, bu sənədlər uzun illər ərzində yerinə yetirilmədi. BMT öz sənədlərinin icrası ilə bağlı hər hansı addım atmadı. Amma Liviya ilə bağlı nümunəni yada salaq, qətnamə qəbulundan dərhal sonra icra edildi. Azərbaycan torpaqlarını işğaldan azad etməklə, özü həmin qətnamələri yerinə yetirdi. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə məhz bu məqama diqqət çəkib. Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə günün içində icra olunduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycana gəldikdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır: "2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi".

Bakıdakı Zirvədə BMT sistemində ciddi islahatların aparılması, TŞ-nın tərkibinin genişləndirilməsi zərurəti də vurğulandı. Prezident bildirdi ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.

Sitat: "Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik".

Yeri gəlmişkən, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının lehinə çıxış ediblər. Dörd ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında BMT TŞ-da islahatların aparılması üçün danışıqlar prosesində "aktiv və konstruktiv" şəkildə iştirak etməyi öhdələrinə götürüblər.

BMT-nin baş katibi Antonio Quterreş də bildirib ki, TŞ-nın genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir və "masa üzərindədir". Onun sözlərinə görə, o, ABŞ və Rusiyadan bu cür təşəbbüslərə müsbət münasibət barədə siqnallar eşidib.

Qərbi Kaspi Unuversitetinin professoru,  politoloq Fikrət Sadıqov mövzunu "525"ə şərh edib. Onun sözlərinə görə, BMT sistemində, xüsusilə də Təhlükəsizlik Şurasında ciddi islahatlar aparılmalıdır: "Çünki 1945-46-cı illərdə yaradılan bu təşkilat artıq indiki reallıqlara sadəcə olaraq cavab vermir. Biz görürük ki, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr də yerinə yetirilmir. Azərbaycan özü məlum 4 qətnamənin icrası ilə bağlı 30 il ərzində gözləmə vəziyyətində oldu, nəhayət ki, o qətnamələri elə özümüz yerinə yetirdik".

BMT TŞ-nın daimi üzvləri ilə bağlı məqama toxunan politoloq deyib ki, dünya bu beş dövlətdən ibarət deyil: "Dünyada sözünü deyən, aparıcı rol oynayan bir sıra böyük dövlətlər var. Bu sırada Türkiyənin, Cənubi Amerikada Braziliyanın, Pakistanın və digər ölkələrin adlarını çəkmək olar. Yəni TŞ-nın üzvü olacaq ölkələr var, həmçinin, Qoşulmama Hərəkatı da bir oyunçu kimi bu quruma üzvü ola bilər. Azərbaycan Prezidenti bu məqamı öz çıxışında vurğuladı və bununla bağlı ətraflı faktlar, arqumentlər səsləndirdi".

 

 





06.03.2023    çap et  çap et