525.Az

Rusiyanın müharibədəki itkiləri - Xaqani Cəfərli yazır


 

Rusiyanın müharibədəki itkiləri - <b style="color:red"> Xaqani Cəfərli yazır</b>

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya ordusunun müharibə başlayandan - ötən ilin fevralından bu il martın 2-nə kimi olan müddət ərzində ümumi canlı qüvvə itkisi 150 605 nəfər təşkil edir. Məlumatda bildirilir ki, bu müddətdə Rusiya ordusu 3397 ədəd tank, 6658 ədəd zirehli döyüş maşını, 2398 ədəd artilleriya sistemi, 247 ədəd hava hücumundan müdafiə sistemi, 300 ədəd təyyarə, 288 ədəd helikopter, 18 ədəd gəmi və qayıq, 873 ədəd qanadlı raket, 2058 ədəd pilotsuz uçuş aparatı, 5264 ədəd avtomobil və yanacaq daşıyıcı itirib.

Müharibə zamanı tərəflərin düşmənin itkilərini şişirtməsi bütün tarix boyu müşahidə edilsə də, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda həqiqət payı çoxdur. Bunu müstəqil mənbələrin və kəşfiyyat məlumatlarına istinadən Qərb dövlətlərinin rəsmi qurumlarının yaydığı bilgilər də təsdiqləyir. Eyni zamanda Rusiya hərbi blogerlərinin, ictimai xadimlərinin və müxalifət təmsilçilərinin yaydıqları məlumat da Rusiya ordusunun ağır itkilər verdiyini göstərir. Ən əsası isə sputnik və dron çəkilişləri də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatın həqiqətə yaxın olduğunu sübut edir. Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) araşdırmasına görə, ölən və yaralananlar arasında Rusiyanın canlı qüvvə itkisi ölü və yaralı olmaqla 200-250 min arasındadır. Mərkəzin araşdırmasında qeyd edilir ki, Rusiya ordusunun Ukraynada orta aylıq itkiləri Çeçenistanda hər ay öldürülənlərin sayından azı 25 dəfə, Əfqanıstandakından isə 35 dəfə çoxdur.

Hələ 10 il əvvəl Suriyadakı hərbi münaqişəni izləmək üçün yaradılmış Niderland mərkəzli Oryxspioenkop internet resursu Rusiya ordusunun ən azı 1700 tankının vurulduğunu sənədləşdirib. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu Rusiya ordusunun müharibədən əvvəl döyüşə yayarlı olan tanklarının yarısını itirdiyi qənaətindədir.

BBC-nin Rus Xidməti və Mediazona internet resursu açıq mənbələrə əsaslanaraq kimliyi məlum olan, ölən Rusiya hərbçilərinin sayının 15 136 nəfər olduğunu müəyyən edib. Bu rəqəm Sovet Ordusunun Əfqanıstanda doqquz il davam edən müharibədə məruz qaldığı itkidən çoxdur.  Qeyd edək Sovet Ordusunun Əfqanıstanda 15 051 əsgəri ölüb. BBC-nin rus xidmətinin və Mediazonanın yaydığı məlumatda deyilir ki, ölənlərin real sayı jurnalistlərin təxminlərindən bir neçə dəfə çoxdur. Jurnalistlər əsgər ölmləri ilə bağlı ictimailəşmiş xəbərləri, o cümlədən, hərbçilərin qohumlarının yazılarını, regional mediadakı xəbərləri və yerli hakimiyyət orqanlarının hesabatlarını nəzərə alıblar. Ölümü ilə bağlı məlumat yayılmayan və ya ümumiyyətlə, öldüyü rəsmən təsdiqləməyən, itkin düşmüş hərbçilərin sayı isə kimlikləri müəyyən olunanlardan dəfələrlə çoxdur.

"Novaya qazeta Avropa" saytının əməkdaşlarının apardığı bir araşdırma isə başqa bir dəhşətli statistikanı üzə çıxarıb. Məlum olub ki, müharibə bölgəsinə göndərilən əsgərlər döyüş bölgəsinə çatdıqdan  60 gün sonra "itkin düşür". Gerçəklikdə isə onların böyük əksəriyyəti həlak olur. Amma qohumları onların cəsədlərini ala, basdıra və dövlətdən təzminat tələb edə bilmir. Bəziləri öz yaxınlarını təkbaşına axtarmağa çalışır. Bu məqsədlə xəstəxanalara və morqlara, Rusiya Müdafiə Nazirliyinə müraciət edir və sosial şəbəkələrdə axtarışla bağlı mesajlar dərc edirlər. "Novaya qazeta Avropa" "V-Kontakte" internet axtarış resursunda döyüş bölgəsində itkin düşmüş yaxınlarını axtaran insanların yaratdığı ən böyük beş qrupdan 9905 postu təhlil edib. Bu təhlil dəhşətli nəticəni üzə çıxarıb. Məlum olub ki, bir əsgərin "döyüşçü ömrü"  60 gündür. Öldüyü və ya itkin düşdüyü rəsmən təsdiqlənməyən hərbçilərin yaxınları kompensasiya ala bilmirlər. Xüsusilə də əsgər ölümləri ilə bağlı rəsmi məlumatın verilməsində çox böyük problem var. Çünki dövlət bu zaman ölən hərbçinin ailəsinə 12,5 milyon rubl ödəməlidir. İtkin düşdüyü rəsmən təsdiqlənən hərbçilərin ailəsi isə kompensasiyanı müharibə bitdikdən iki il sonra ala bilər. Çeçen müharibələri zamanı əsgər anaları Çeçenistana gedir, yaraqlılarla görüşür və yaxınlarını özləri axtarırdılar. İndi əsgər ailələri belə bir imkandan da məhrum edilib. Rusiya Müdafiə Nazirliyi itkin düşənlərin axtarışını təşkil etmək və onların qohumları ilə əməkdaşlıq etmək istəmir.

Bütün bu dəhşətli itkilərə baxmayaraq Rusiya generalları əsgərləri qırğına göndərməkdən çəkinmir. Uqledar yaxınlığındakı üç həftəlik döyüşlərdə Rusiya ordusu ən azı 130 tankını və zirehli döyüş maşınını itirib. Böyük Britaniya Müdafiə Nazirliyinin dərc etdiyi şəkillər də bu məlumatı təsdiqləyir. Britaniya kəşfiyyatı Rusiyanın 155-ci Hərbi Dəniz Piyada Briqadasının Uqledar yaxınlığındakı çox ağır itkilər verdiyi qənaətindədir. Amerika Müharibənin Tədqiqi İnstitutu (ISW) da Rusiya Sakit Okean Donanmasının dəniz piyadaçılarının ağır itkilər verdiyi qənaətindədir. "Vaqner" Özəl Hərbi Şirkətinə bağlı olan GRAY ZONE Teleqram kanalı Şərq Hərbi Dairəsinin komandanı general Rüstəm Muradovu Uqledarda Rusiya ordusunu "öldürməyə davam etdiyini" yazıb. Generallara və Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı belə ittihamlar kütləviləşməkdədir. Hətta qırğına göndərilən əsgərlərin yaxınlarının generallara, xüsusən də Rüstəm Muradova qarşı qan davası aparacaqları ilə bağlı məlumatlar yayılır.

Rusiya hələlik canlı qüvvə itkilərinin yerini səfərbərliklə müəyyən qədər doldurmağa nail olsa da, itirilən texnikanın yerini doldurmaq daha çətindir. Çünki Rusiyada yalnız bir tank zavodu, Uralvaqonzavod qalıb. Bu zavod ötən əsrin 30-cu illərində tikilib və sonralar modernləşdirmə aparılmayıb. The Economist yazır ki, bu zavodda tankları demək olar ki, əllə yığırlar. Bunun nəticəsində Rusiyanın yeganə tank zavodu olan Uralvaqonzavod ayda cəmi 20 tank istehsal edir. Halbuki Rusiya ordusu bir ay ərzində bundan 7-8 dəfə çox tank itirir. Başqa zavodları işə salmağa nail olsa belə, müasir tankların istehsalı üçün əvəzedilməz yarımkeçiricilərin, kompüter çiplərinin çatmamazlığı Rusiyanı "dəmir at" itkisinin yerini doldurmağa imkan vermir.

 





06.03.2023    çap et  çap et