525.Az

Azadlıq və eşq ünvanlı şair ömrü - Ramil Əhməd yazır


 

Azadlıq və eşq ünvanlı şair ömrü - <b style="color:red"> Ramil Əhməd yazır</b>

Yazıya yaxşı bir xəbərlə başlayım: Macarıstanın milli şairi Şandor Petofinin anadan olmasının 200-cü ildönümü münasibətilə, TÜRKSOY-un da təşkilatçılar sırasında olduğu beynəlxalq şeir tərcüməsi müsabiqəsinin qalibi seçilmişəm. Bugünlərdə mükafatı almaq üçün Macarıstanda keçiriləcək təntənəli və böyük bir ədəbiyyat festivalına getməyə hazırlaşıram. Mükafatın martın 15-də təqdim edilməsi təsadüfi deyil. Bu, Macarıstanın azadlıq uğrunda başlatdığı mübarizənin ildönümünü göstərən tarixdir. Bu il macar inqilabının 175, Şandor Petofinin doğumunun 200 illiyi xüsusi qeyd olunacaq. Azadlıq mübarizəsi və şairi bir-birinə bağlayan nədir? Əslində, bu inqilab və cəmi 26 il yaşamış Şandor Petofinin adı çox zaman qoşa anılmaqdadır. Petofi bu mübarizəyə ruh verən qələm adamı kimi anılmaqdadır. Onun şeirlərinin əksəriyyəti məhz macar tarixin bu məqamından güc almaqdadır.

Ədəbiyyat tarixində 30 yaşını belə görmədən dünyasını dəyişsə də, şeirləri ilə yaşayan şairlərin sayı az olsa da var. Həmişə bu şairlərin şeirlərini oxuyanda onların xalqın, ümumən ədəbiyyatın yaddaşında yaşadan amillər haqqında düşünmüşəm. Bir şair olaraq şairlərin hansı şeiri hansı yaşında yazdığı istər-istəməz diqqətimi çəkib. Şairin şeirində dediyi həqiqətə hansı yaşda çatdığı, üslubunu, dilini hansı yaşda formalaşdırdığını, gənc yaşındakı səriştəsizliyi sonralar necə düzəltdiyini düşünmək belə desək xobbimdir, ya da məsləyimin bir parçası...

"İtirəcək bircə gün,

bircə saniyə yox,

İş çox,

      vaxt az,

 həyat qısa..."

Həyatın qısalığını fəhmlə duyan şair dünyadan köçəndə geridə min beş yüz səhifəlik bir əlyazma, ədəbi irs qoyub getdi. Çox əsər qələm alınması, yəqin ki, gənclik enerjisi ilə bağlıdır. Gənc şair həmişə ilhamın sonsuz, parlaq günəşi altında yaratma gücünü hiss edir. Bütün dünyanın gənc şairlərinə məxsus bu dəliqanlılıq Petofinin həyatının hansısa bir məqamını yox, bütün ömrünü əhatə edir. Üstəlik tarixin bu qarışıq, coşqulu, hər tərəfi mövzu ilə, enerji ilə, min bir ovqatla çevrələnmiş anlarda şeir hər yerdədir və onu kağıza köçürəcək müəllifin yolunu gözləməkdədir. Şeirlərinin birində şərqdən qərbəcən hamıya azadlıq arzulayan Petofi qaynar bir dönəmin inqilabçı şairiydi.

1823-cü il yanvarın 1-də anadan olan Şandor Petofi Macar ədəbiyyatının ən yaxşı şairlərindən biri hesab olunmaqda və əsas mədəniyyət təsisatları tərəfindən təbliğ edilməkdədir. Açığı, Petofini təbliğ etmək, elə əslində Macarıstanı tanıtmaqla eynidir. XIX əsrdə bir şairin milli kimliyinə bu qədər bağlı olması və onun ədəbi mətnini yaratması danılmaz bir mədəni xidmətdir. Petofinin şeirlərində "macar" sözü ədəbi vətəndaşlıq qazanıb desək, yanılmarıq. Onun xalqın, zamanın yaddaşında qalmasının əsas səbəbi yaşadığı dövrün keşməkeşli tarixi-siyasi mənzərəsinin bədii həllini verə bilməsidir.

Petofinin poetik dünyası əsasən romantikanın, ovqatın hökmü ilə qurulmaqdadır. Azadlıq mübarizəsinin öndə gələn isimlərindən olan Petofinin şeirlərinin ardından azadlıq eşqi boylanmaqdadır. Təhsil həyatını yarım qoyub hərbi xidmətə yollanması faktı onun bu yola ruhən, qəlbən bağlılığının önəmli simvollarından biridir. Ədəbiyyat karyerasına 19 yaşında şeirlərini dərc etdirməklə başlayan Petofi artıq 21 yaşında kitab müəllif idi.

15 mart 1848-ci ildə azadlıq uğrunda inqilab başladı. Bu inqilabın marşını isə Şandor Petofi yazdı. Onun "Namzeti Dal" ("Milli mahnı") şeiri macar xalqının mübarizəsini özündə əks etdirən poetik nümunə kimi dillər əzbəri oldu. İnqilabçıların dilindən düşməyən bu nəğmə onlara əzm aşılayır, mübarizələrinə güc qatırdı:

"Qalx macar, vətən çağırır,

Vaxtdır, ya indi, ya da heç!

Kölə olaq yoxsa azad?

Budur sual, özün seç".

Şekspirin "Hamlet" əsərindəki ünlü "olum" və "ölüm" sualı Petofinin poetik dünyasında "köləlik" və "azadlıq"la əvəzlənir. Bu dilemma özlüyündə elə var və ya yox olmağın analogiyasıdır. Cəbhədə nə yaşanırsa yaşansın, Petofi şeirlə verdiyi mübarizəni heç vaxt dayandırmır. Həm də bir əsgər kimi cəbhədən cəbhəyə yollanır. Onun şeirləri də gücünü bu yaşanmışlıqdan alır. Petofinin poetik dünyası ədəbi hadisədən çox, tarixi hadisə kimi doğulur. Onun 7 illik qısa şairlik dövrünü iki əsrdir yaşadan da məhz tarixin diktəsidir. Xalq mahnıları üslubunda yazılan bu şeirlər elə nəğmə kimi də dildən-dilə dolaşaraq yaşayıb. Şeirlərinin əksəriyyəti mahnıya, şərqiyə çevrilib. Aradan keçən illər ərzində bu mahnılardan hansının müəllifinin Petofi olduğu, hansının xalq mahnısı olduğunu müəyyən etmək çətinləşib. Onun şair kimi gücü də burdan qaynaqlanır. Şeirləri elə anonim min illik xalq nəğmələri kimi macarların ruhundan doğulub.

"Yataqda, başım yumşaq yastıqdamı ölməli?

Yoxsa bir qərənfil kimi solmalı yavaşca,

Gizli bir qurdun içdən içə çürütdüyü?

Səssiz sədasız əriyib bitməlimi yoxsa

Boş otaqda yanan şam kimi?

İstəmirəm, Tanrım, belə bir ölümü rəva görmə mənə,

Birdən-birə ölmək istəyirəm, anidən!

Ayaq üstə ildırımla parçalanan bir ağac kimi!"

1849-cu ildə müharibədə yaralanıb vəfat edən Petofinin nəşi tapılmayıb. Özünə nə yataqda sakit bir ölümü, nə də otaqda şam kimi səssiz-sədasız əriyib ölməyi rəva görən Petofinin yuxarıdakı şeiri ədəbiyyat faktorundan çıxıb duaya çevrilir. Və dünyanın biz idrak etməyən nizamında görünür ki, bu dua qəbul olunub. Şair Əli Kərimin bir şeiri yada düşür: 

"Baxsan bu dünyanın ha tərəfinə,

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam".

Məmləkət və azadlıq şairi Şandor Petofi bu il 200-cü dəfə yenidən doğulur. Onu yad etmək üçün üz tutulan bir ünvan - məzar yoxdur. Şeirləri isə onu illərdən bəri yaşadır və şair bu dəfə təkcə Macarıstanda deyil, geniş bir ədəbiyyat coğrafiyasında yenidən doğulur: azadlıq və eşqlə!

 

 





06.03.2023    çap et  çap et