|
|
|
|
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Fatma Əsgərlidir. Onunla Pablo Pikassonun dünyaca məşhur "Avinyon qızları" əsərindən danışacağıq.
Dünya şöhrətli rəssam və heykəltaraş Pablo Pikasso 25 oktyabr 1881-ci ildə İspaniyada anadan olub, 1973-cü ildə vəfat edib. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltaraşlıq, dizaynla yanaşı, digər çoxsaylı təsvir və tətbiqi incəsənət sahələrində də göstərir.
- Fatma xanım, əsərin yaranma tarixçəsi haqqında nə bilirik?
- "Avinyon qızları" 1907-ci ildə çəkilib. Rəsmdə çəhrayı bədənli beş nəfər qadın gümüşü və mavi pərdələrə bürünüb. Onlardan ikisi sinələrini qabartmış halda, qollarını yuxarı qaldıraraq dayanır. Digər üçü isə maskalıdır. Biri tablonun solunda profildə dayanır, ikisi Afrika maskalarında. Onlardan biri diş-diş edilmiş pərdə arxasından boylanır, digəri isə zərli parçalar arasında çöməlib. Boşqabda, açıq-aydın simvolik mənalı meyvələr toplusu var.
- Bir də meyvələr və fərqli cizgilər var. Bu barədə nə deyə bilərsiniz?
- Testikulyar üzümlə bir dilim qovun, bir alma və armud. Burada əyri cizgi görmək demək olar ki, mümkün deyil - dirsəklər bıçaq kimi itidir, bel və budlar həndəsi siluetlərdir, sinələr üçbucaqdır. Rəsm ilk baxışdan kvadratdır. Əslində, onun hündürlüyü enindən bir neçə santimetr daha çoxdur. Bu xüsusiyyət, sizə məkan və simmetriyanı izləməyə imkan verir. Daha doğrusu, düzbucaqlılıq, sizi heç vaxt öz canlılığını itirməyən bu əbədi hərəkət maşınına baxmağa vadar edir.
- Əsərin kompozisiyası necədir?
- "Avinyon qızları"na baxın və onun mənasını təxmin etməyə çalışın. Bacarmazsınız. Siz heç vaxt tabloda beş qadının rəsmi olduğunu güman edə bilməzsiniz. Hələ onların fahişə olduqlarına qərar vermək bir yana qalsın, obrazları sözlərə çevirməklə hansısa düzgün yola belə, vara bilməzsiniz. Onu şərh etmək üçün siz baxışınızı çəkməlisiniz, ya da diqqətinizi dağıtmalısınız. Əslində, rəsmə baxmaq daim bir aspektdən digərinə keçmək deməkdir; o, heç vaxt sizə qəti bir fikir üzərində dayanmağa imkan vermir. İlk növbədə, bu, baxış haqqında bir tablodur. Pikasso mərkəzi fiqurun avtoportret səlahiyyətində olan böyük asimmetrik gözləri ilə cəsarətlə sizi süzür. Maraqlıdır ki, biz Leonardonun və ya Marsel Düşanın yaradıcılığında transvestit avtoportretlərini görməyə öyrəşmişik, lakin biz Pikassonun karikaturaları vasitəsilə aldanaraq bu əsəri nadir hallarda eyni cür qavrayırıq. Afrikan maskalarında Pikassonu valeh edən xüsusiyyət ən sadə bir şey idi: onlar sizi maskalayırlar, sizi nə isə başqa bir şeyə - heyvana, iblisə, Tanrıya çevirirlər. Modernizm maska taxan incəsənətdir. O, nəzərdə tutduğu mənanı demir; bu, pəncərə deyil, divardır.
- Pikasso niyə məhz bu mövzunu seçmişdi?
- Pikasso bu mövzunu ona görə seçmişdi ki, o, klişe idi: rəssam göstərmək istəyirdi ki, incəsənətdə orijinallıq süjet-tematikada və ya əxlaqda deyil, forma ixtiraçılığındadır. Bax buna görə də, "Avinyon qızları"nı bordellər, fahişələr və ya müstəmləkəçilik haqqında rəsm əsəri kimi görmək doğru deyil. XVIII və XIX əsrin incəsənətinin böyük, acınacaqlı faciəsi onda idi ki, o, Mikelancelonun parlaqlığı ilə müqayisədə yaradıcılıq aktını nəzərdən qaçırmışdı. Pikassonun səs-küyə səbəb olan yeniliyi budur.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər - üzərində düşünüləsi bir yüzillikdir. Bu, yalnız bir rəsm əsərinin tarixində 100 il deyil, həm də modernizmin 100 ilidir. "Avinyon qızları" keçmişi və gələcəyi ayıran qırılma nöqtəsidir. Kultural baxımdan, XX əsr 1907-ci ildə başlamışdı. Musiqidə Şönberqin "İntizar"ı 1909-cu ildə bəstələmişdi, Stravinski "Bahar mərasimi"nə 1910-cu ildə başlamışdı. Ceyms Coys 1914-cü ilə qədər "Uliss" üzərində işləməyə başlamamışdı və o zamana qədər Pikasso artıq kubizmin son mərhələsində idi.
Aytac SAHƏD