525.Az

Rahmi M.Koç muzeyində bir gün - Türkan Turan yazır


 

YÜZ DƏFƏ EŞİTMƏKDƏNSƏ, BİR DƏFƏ GÖR

Rahmi M.Koç muzeyində bir gün - <b style="color:red"> Türkan Turan yazır</b>

Zaman tunelində əsrarəngiz bir səfərə hazırsınızmı? Gördüyümüz, istifadə etdiyimiz əşyaların hansı mərhələlərdən keçərək günümüzə gəlib çıxdığı sizə maraqlıdırmı? Məsələn, bir uşaq arabası, bir Cadillac, bəlkə də bir Chevrolet, ya da bir Rolls Royce - bunların tarixi, yarım əsr-bir əsr öncəki modelləri haqqında düşündüyünüz olubmu? Yaxşı, bəs, içərisində lokomotiv, bərə, təyyarə, tramvay, gəmi kimi nəqliyyat vasitələri, Rayt qardaşlarına aid Planer modeli ilə Dougles DC-3 və bombardman qırıcıları, F104 S Starfighter görüb, teleqram, fonoqraflar, qramofonlar, telefonlar, kameralar, televizorlar, əsrlər əvvələ aid at arabaları, velosipedlər, motosikletlər, uşaq arabaları, buxarlı avtomobillər və daha artığını görmək istəyirsinizmi? O zaman doğru yerdəsiniz. Bura sənaye muzeyidir.

İstanbulun tarix qoxuyan səmtində, Haliçdə, Hasköy sahilində ziyarətçiləri qəbul edən 27 min kvadratmetrlik böyük bir əraziyə yayılan bu bənzərsiz yer Rahmi M.Koç muzeyidir. İnsanı keçmişin ən ağılagəlməz anlarına aparan, xüsusilə orta əsr Avropasını gözlər önündə canlandıran əzəmətli, sehirli məkanlardan biridir bura. 1994-cü ildən bəri ziyarətə açılan bu muzeyi görəndə özünə bircə sual verməyə fürsət tapırsan: İndiyə qədər buraya niyə gəlməmişəm?

Oğuldan ataya...

Rahmi Koç muzeyi adını iş adamı, kolleksioner Rahmi Koçdan alıb və buradakı əməyi hər addımda qarşına çıxır. Qurucusu isə iş adamının oğlu Ömər Koçdur. Muzey təəssüratlarımı dostuma danışarkən məlum oldu ki, dostum Ömər Koçla dostdur və muzey sadəcə İstanbulla kifayətlənmir, Ankara, Ayvalık olmaqla üç şəhərdə fəaliyyət göstərir və  hər biri ən azı burdakı qədər zəngin və heyrətamizdir. Yenə dostumdan aldığım məlumata görə, Ömər Koç sadəcə atasının adını daşıyan muzeylər qurmayıb, şəhərin başqa istiqamətlərində fərqli muzeylərin də ərsəyə gəlməsinin səbəbkarıdır. Onlardan biri də hər birimizin yaxşı tanıdığı Orhan Pamukun eyniadlı əsəri əsasında açılan "Məsumiyyət muzeyi"dir. Mədəniyyətə, kültürə bu qədər qatqısı olan insanlar əlbəttə dəyərlidir.

Böyük "köç"

Muzey açıldığı ilk illərdə hazırda fəaliyyət göstərdiyi ərazinin qarşı tərəfindəki ləngərxana binasında ziyarətçiləri qəbul edirmiş. Ləngərxana Osmanlı dönəmində gəmilərin dənizdə sabit qalması üçün istifadə edilən zincirlərin və lövbərlərin istehsal edildiyi yerlərə deyilirmiş.

Zaman içində kolleksiyanın sayı artıb, zənginləşdikcə buraya sığmayacaq hala gəlib. Ləngərxananın qarşısında yerləşən tarixi abidələr restavrasiya edilərək muzeyə çevrilir və əsərlər bu gün fəaliyyət göstərən Tarixi Ləngərxana Binasından (Mustafa V.Koç Binası) Tarixi Hasköy Gəmiqayırma binasına köçürülür.

Muzeyin ilk fəaliyyətə başladığı yer ləngərxana olduğu üçün ziyarətə buradan başladım. Əsas bölümlərdən olan ləngərxana, yuxarıda da bəhs etdiyim kimi, digər bölmələrdən ayrı, yolun qarşı tərəfində yerləşir. Buranın XII əsrdən qaldığı və Sultan III Əhməd tərəfindən inşa edildiyi düşünülür. İkinci dərəcə tarixi əsər sinfində yer alan bina taxta damı, daş divarları və ilk görüntüsünə uyğun olaraq restevrasiya edildiyinə görə, hər tərəfindən qədimlik yağır.

Muzeyin ən gözəl yeri: Atatürk bölümü

Muzeyin ən özəl yerlərindən biri Atatürk bölümüdür. Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün ömür boyu istifadə elədiyi geyimlərdən bəziləri, eynəkləri, sənədlərini daşıdığı çanta, möhür, şəxsi baxım əşyalarından fincanına qədər olduqca geniş bir kolleksiya mövcuddur.  Lətifə xanıma aid olan əşyaların da burada sərgiləndiyini görmək mümkündür. Fotoların da yer aldığı bu bölüm insanlara duyğu dolu anlar yaşadır.

Hərəkət mexanizmi və hədəflər

Vaxt itirmədən yolun qarşı tərəfinə - Tarixi Hasköy Gəmiqayırma muzeyinə keçirəm. Burada nələrlə qarşılaşacağımı az çox təxmin edirdim. Hər şey solda görünən qapıdan içəri addım atmaqla başlayır. Başqa bir aləm, başqa bir hava elə ilk saniyədə səni qucaqlayır.

İlk qarşılaşılacaq bölümlər: sualtı, astronomi və enerji ilə bağlı stendlərdir. Əslində, enerji bölümü daha çox diqqət çəkir. Çünki burada günlük həyatımızı asanlaşdıran bir çox mexanizmin xam halını incələyib necə işlədiyini görmək mümkündür. Məsələn, avtombili hərəkətə gətirən mexanizmin işləmə tərzini, mətbəxt sobası, paltaryuyan maşın, elektrikli velosipedlərin aktiv hala gəlməsini ən xırda ayrıntısına qədər görə bilirik. Sərgilənən əşyaların üzərindəki düyməni basaraq bütün alətlərin işləmə mexanizmini hərəkətə gətiririk. Uşaqların və yeniyetmələrin bu stendlərin qarşısında daha çox dayandıqlarını görmək olur. Rəngli riyaziyyat dünyası da bu yaş qrupunda olanların maraq dairəsindədir.

“Cadillac”, “Rollse Royce”, “Chevrolet” və balaca “Anadol”...

Muzeydəki ən rəngli bölmələrdən biri olan Ərdoğan Gönül Qalereyasıdır. Ziyarətçilərin zövqlə gəzdikləri bu bölüm insanı valeh edir. 2003-cü ildə vəfat edən iş admı Ərdoğan Gönül kolleksioner olub. Bu bölümü ziyarət edərkən onun necə bir kolleksioner olduğu bütün detalları ilə gözlər önünə sərilir. Klassik avtomobil həvəskarları üçün bu bölmə bənzərsiz yerdir.  Hətta avtomobilə xüsusi bir marağın yoxdursa da, bir-birindən gözəl klassik nümunələri gördükdən sonra fikrinin tamamilə dəyişməsi də mümkündür. Yaşılın ən yaşılı, qaranın ən qarası, qırmızının ən qırmızısı, çəhrayının ən çəhrayısı burada - bu taxta tavanın altında parıldayır.

Yan-yana sıralanan avtomobilləri, buxarla çalışan maşınları gördükcə, XIX əsrin əvvəllərindən bəri nələrin dəyişdiyini görmək olur. Bəzi avtomobillər isə elə bil indicə film səhnələrində çıxıb önünə düşmüş kimi görünür. "Cadillac"lar, "Rolls Royce"lar, "Chevrolet"lər və digər markalar göz oxşayan dizaynları və keçmiş zaman estetikası ilə insanı tilsimə salır. Türkiyədə istehsal edilən avtomobillərdən "Anadol" ilə də burada tanış olmaq mümkündür. Bizim nəsil bu avtomobilləri daha çox Yeşilçam filmlərində görüb. Hətta muzeydə qarşılaşmasam onun nə "Anadol", nə də yerli istehsal olduğunu biləcəkdim.

Qalereyada gəzərkən insanın beynindən bu qədim avtomobillərdən birinə oturub 50, 100 il əvvələ qayıtmaq fikri bir an belə səndən əl çəkmir. Görəsən, bu, yeni dünyadan qaçmaq hissidir, yoxsa özündən?!

"Harry Potter" ve "Sirlər evi" filmində istifadə edilən uçan avtomobilin kopyası da burada sərgilənir.  Üst mərtəbədə isə motosikletlər, uşaq arabaları, at arabaları kimi fərqli minik vasitələrinin hansı mərhələdən keçib günümüzə gəlib çıxdığını görə bilirik. Ən diqqət çəkənlər isə uşaq arabalarıdır. Fərqli dizaynları ilə insanı heyran qoyur. Burada elə uşaq arabaları sərgilənir ki, daha əvvəl əksəriyyətinin  nə fotosunu, nə videosunu görmüşdüm.

Gerçəklə xəyal arasında

Digər bölümlərdən biri Bülent Bulgurlu Qalereyasıdır. İş adamı və mühəndis olan Bulgurlu eyni zamanda bir kolleksionerdir. Qalereyanın Bulgurlu bölümündə buxarla və dizellə işləyən nəqliyyat vasitələri var. Arxasınca sənaye inqilabından əvvəl istehsalın canlandırıldığı bölümlər gəlir. Ayvalıkdakı bir zeytun yağı fabrikindən gətirilən, buxarla işləyən parçalardan ərsəyə gətirilən bölüm heyrətamizdir. İşıqlı bir panel üzərindən təqib edərək, hərəkət edən makinalar və səslərin müşayiətində zeytun yağının istehsal prosesinin bütün mərhələlərini izləmək mümkündür. Zeytun yağı fabrikindən çıxdıqdan sonra dülgər emalatxanası və dəmirkəsən dəzgahlardakı canlandırılmış iş proseslərini səsli şəkildə seyr etmək olar.

Muzeyin bölümlərindən biri də Aydın Çubukçu Qalereyasıdır. Bura həm Türkiyədə, həm də digər ölkələrdə istifadə edilən motosikletlərin, atlı vaqonların, tramvaylarıın olduğu bölümdür. Şüşə qutular içərisində keçmişə aid raylı nəqliyyat vasitələri mövcuddur, dəmir yolu boyunca canlandırılan maketləri seyr etmək insanı fərqli dünyaya atır.

"Yaşayan keçmiş"

Muzeyin içərisini gəzərkən hərdənbir pəncərədən gözucu baxdığım açıq hava altındakı əsərləri görmək üçün səbirsizlənirdim. Və budur, təknələr, gəmilər, səltənət qayıqları, balıqçı qayıqları, buxarlı gəmilər və dənizçiliklə bağlı bir çox detallar dünya xəritəsi kimi önümdə açılmışdı. Yeri gəlmişkən, ziyarət etdiyim bütün bölmələrdə bal mumundan hazırlanan heykəllər var - bərədə, qayıqda olduğu kimi. Bu, əsərlərə fərqlilik və daha bir canlı ab-hava qatır muzeyə.

Ən əsrarəngiz bölmələrdən biri də "Yaşayan keçmiş"dir.  Sıralanmış dükanlarda zamanın donub qaldığı bir həyat var sanki. Daktiloda yazı yazan qız, ayaqqabı təmir edən başmaqçı, saat satan və təmir edən saatsaz, dərman hazırlayan əczaçı, bal mumundan hazırlanan heykəllər heyrətamizdir. Hər dükanın qapısından içəri boylananda keçmiş zamanın gündəlik həyatı ilə üzləşirsən. Dükanların önündə isə rəsm çəkdirmək istəyənləri bütün gözəlliyi ilə işıldayan qırmızı klassik avtomobil gözləyir.

Sultan Abdulazizin səltənət vaqonu...

Gəmiqayırma bölümündən sonra Açıq Hava Sərgisi gəlir. Tanklar, qırıcılar, təyyarələr, özəl jetlər, yangınsöndürən, avtomobillər, qatarlar, burada sərgilənir.

Bunlardan ən gözəli isə Sultan Abdulazizin səltənət vaqonudur. 1867-ci ildə çıxdığı Avropa səyahətində mütəmadi olaraq bu vaqondan istifadə etmişdi. Padşahın Avropa səyahəti tarixində bənzəri olmayan bir hadisədir. Çünki bu səfər "xəlifə" özəlliyi olan Osmanlı İmperatorluğunun bir padşahının, rəsmi və barış məqsədli ziyarət kimi hakim olduğu torpaqlardan kənara çıxdığı ilk və son səfər idi. Sultan bu vaqonda qonaq da qəbul etmişdi: Prussiya kralı və Avstriya-Macarıstan imperatoru, Saksoniya kralı, Papanın böyükelçisi ilə görüşmüşdü. Və yenə bu vaqon ilə İngiltərə kraliçası Viktoriyanı ziyarətə getmişdi. Səltənət vaqonu Sultan Abdulaziz üçün xüsusi olaraq İngiltərədə hazırlanmış və 1866-cı ildə hədiyyə edilmişdi. 1998-ci ildə isə Dövlət Dəmir Yolları Müdürlüyü və Rahmi Koç Muzeyi və Kültür Vəqfi arasında müqavilə imzalanması nəticəsində vaqon alınaraq restevrasiya edilir və muzeydəki yerini tutur. Vaqonun ağırlığı on min beş yüz kiloqram, uzunluğu 955, eni 280, hündürlüyü 490 santimetrdir. Vaqonun içində Sultan Abdulazizin bal mumundan hazırlanan heykəli var. O qədər canlıdır ki, sanki Sultan bir az sonra səfərə çıxacaq. Bəlkə də Fransaya! Kim bilir...

Rahmi M.Koç Muzeyində dörd-beş saat vaxt keçirdim. Məncə, həmin vaxt ömrümün ən gözəl anları idi. Yolunuz düşərsə mütləq baş çəkin. Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.

 

 





06.03.2023    çap et  çap et