525.Az

Şekspir dünyası - Telman Orucov yazır


 

Şekspir dünyası - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən şənbə sayımızda)

 

 

Xarici siyasət

 

Londonun yeni inkişafa daxil olması, İngiltərənin dünya ilə əlaqələrinə də təsir göstərməyə bilməzdi. 1558-ci ildə Fransa ərazisindəki Kalenin itirilməsi və onu 1562-ci ildə bərpa etmək sahəsindəki cəhd uğursuzluğa düçar olduqda, İngiltərənin Fransadakı ərazi ambisiyalarına birdəfəlik son qoyuldu. Yüzillik müharibə 1453-cü ildə başa çatanda, fransızlar ingilisləri, La-Manş sahilində olan Kale istisna olmaqla (İngilislər isə boğazı, fransızlardan fərqli olaraq, İngilis kanalı adlandırırdılar), bütün torpaqlarından qovmuşdular. XVI əsrin ortalarında isə Kale də birdəfəlik itirilərək, Fransanın nəzarətinə keçmişdi.

Flamand limanı olan Antverpen daha mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu liman vasiləsilə inglis yun tacirləri öz mallarını Avropaya ixrac etməyə başladı. Limanı açıq saxlamaq ehtiyacına görə, İngiltərə üsyan qaldırmış hollandların ispan işğalçılarını Niderlandlardan qovmaq cəhdlərinə dəstək verdi. İlk dəfə idi ki, İngiltərə öz iqtisadi marağını qorumaq üçün hərbi qüvvədən istifadə etməyə hazır olduğunu göstərdi. Çünki bu vaxt xarici ticarətin ölkə üçün inkişafın açarı olduğunu gördü. Kommersiya maraqları ilə İngiltərənin xarici siyasətinin uzlaşdırılması 1600-cü ildə İngilis Şərqi İndiya Kompaniyasının yaradılması ilə daha açıq şəkildə özünü göstərdi. Kompaniya İngiltərənin Şərqi İndiya ədviyyat ticarətindən pay alması üçün yaradılmışdı, ancaq tezliklə siyasətə də müdaxilə etdi və XVIII əsrdə Asiyadakı ingilis imperiyasının xeyli hissəsini öz sobasında döyüb düzəltdi.

Ancaq ser Frensisk Dreykə (ona ser titulunu kraliça I Elizabet vermişdi, məşhur dəniz qulduru kimi İspaniya limanlarına hücum edib, gəmilərə ağır ziyan vurmuşdu, Magellandan sonra ikinci olaraq Dünya ətrafına uğurlu səyahət etmişdi), Uolter Reliyə və Hemfri Cilbertə bənzəyən dəniz quldurları və tədqiqatçıları sərbəst şəkildə həm Qərbi, şəm də Şərqi İndiyalarda öz işlərini görürdülər, Elizabet isə Avropa ilə İngiltərənin əlaqələrini idarə edirdi.

Antverpenin ingilis ixracı üçün açıq saxlanması davam edirdi, kommersiya maraqları, əlbəttə ki, vacib faktor olaraq qalırdı, lakin kraliçanın diqqəti daha çox üç daxili işə yönəlmişdi. Bunlar İngiltərənin dini, kraliçanın özünün, bu mümkünsə, ərə getməsi və varis məsələsi idi. Axırıncıya isə qitə Avropasının sülalələri müdaxilə etmək istəyirdilər.

Elizabet taxt-taca gələndə, ispaniyalı II Filipp nəhəng imperiyanı idarə edirdi, bu imperiyaya İtaliyanın çox hissəsi, Fransanın bir hissəsi, Amerikanın əksər əraziləri, Niderland və İspaniyanın özü daxil idi. O, həmçinin, bunlardan istifadə edərək, Protestantizmin genişlənməsinin yayılmasını dayandırmaq istəyirdi. Mariya Tüdorun dul əri kimi o, Elizabetə ona ərə getməyi təklif etdi, inanırdı ki, onların varisi İngiltərəni katolitsizmə qaytaracaqdır.

1570-ci ildə bu, xüsusi bir məsələyə çevrildi, bu vaxt papa V Piy Elizabeti xristian dinindən kənarlaşdırdı və on il sonra isə papa XIII Qriqori dekret verdi ki, bir yeretik kimi Elizabet qətlə yetirilə bilər.

Bu ərəfədə, belə qütbləşmənin səbəblərindən biri ingilis dəniz quldurlarının fəallaşması idi, İspaniya ilə münasibətlər 1585-ci ildə açıq müharibə nöqtəsinə gəlib çatdı. İngiltərə Niderlanddakı uzunmüddətli münaqişəyə pis hazırlaşmışdı, lakin onun donanması daha yaxşı silahlanmışdı. 1588-ci ildə Filipp artıq nəhəng dəniz qüvvələri ilə İngiltərəyə müdaxiləyə çox ciddi hazırlaşmışdı, onlara Niderlanddakı ispan qoşunları da köməyə gələcəkdi.

İngilis hərbi gəmiləri İspan Armadasını La-Manşda məğlub etdi. Müharibə sonrakı 15 il ərzində İspaniyanın yeni suya salınan armadaları vasitəsi ilə davam edirdi. İspaniya İrlandiya sahillərində qüvvə toplamışdı ki, yenidən müdaxilə cəhdi etsin. Lakin İngiltərə artıq asan şəkildə qorxudulan deyildi.

 

Şotland kraliçası Mariya Styuart

 

İngiltərə, həmçinin, İspaniya kimi Fransa tərəfindən də hədələnirdi. Axırıncının niyyəti İngiltərədə katolitsizmi bərpa etmək kimi görünürdü. Fransanın bu kampaniyası Şotland kraliçası Mariya Styuartın iddiası ətrafında qurulmuşdu. O, Tüdor ailəsinin üzvü olan nənəsinin malik olduğu xəttin köməyi ilə İngiltərə taxt-tacına yiyələnmək istəyirdi. Onun nənəsi kral VIII Henrinin bacısı idi. Mariya Tüdoru Elizabet əvəz edəndə fransız kralı II Henri öz gəlini üçün ingilis taxt-tacına iddia etdi. Əri öldükdən sonra (o, Fransa kralı II Fransiskin arvadı idi və nikahın müddəti ərinin ölümünə qədər 1,5 il çəkmişdi) dul qalan Mariya vətəninə qayıtdı və artıq o, açıq şəkildə katolik təhlükəsini təmsil edirdi. Onun öz əmisi oğlu Henri Styuarta - Darnli qrafına ərə getməsi də bir sıra hadisələrlə müşayiət olundu, hətta qadının taxt-tacdan devrilməsinə aparıb çıxardı. 1566-cı ildə Mariya uşaq doğduqdan sonra, Bosvill qrafı ilə zinakarlıq əlaqəsinə girdi və deyilənlərə görə, 1567-ci ildə Darnlinin qətlə yetirilməsi təşkil olundu. Üç ay sonra Mariya Bosvillə ərə getdi. Lakin qısa müddətdə o, protestant lordlar tərəfindən taxt-tacdan uzaqlaşdırıldı. Onlar onun körpə oğlu Ceymsi anasının yerinə kral etdilər. Şotlandiya üçün körpənin taxt-taca qalxması adi bir hal idi, Mariya Styuartın özü 6 günlük körpə olanda, öldürülmüş atası kral V Ceymsin yerinə kraliça elan edilmişdi. Belələrinin uşaqlıq vaxtında ölkəni regentlər idarə edirdi. 1568-ci ilin mayında Mariya İngiltərəyə qaçdı ki, orada öz qohumu, nənəsinin qardaşı qızı I Elizabetin himayəsinə sığınsın. Elizabet isə onu dustaq etdi. Lakin tezliklə Mariya katolitsizmi bərpa etmək qəsdini hazırlayanların fokus nöqtəsinə çevrildi. 1586-cı ildə bir sıra qəsdlər təşkil olundu, onlara Mariya da qoşulmuşdu. Nəticədə Elizabeti inandırdılar ki, böyük ambisiyalara sahib olan şotlandiyalı qohumu onun özünün öldürülməsinə çalışır. Hətta o vaxtlar qanuni monarxların edam edilməsi pretsedenti ehtiyatlı hərəkət etməyi tələb edən bir iş olduğundan, Elizabet Mariyanın boynunun vurulmasına əvvəlcə tərəddüd edirdi. Mariyanın oğlu VI Ceymsə yazdığı məktubda bu hərəkətinə görə ona özünün kədərli hisslərini ifadə etmişdi.

Mariya Styuartın oğlu kimi İngiltərə taxt-tacında varis olan Ceymslə kraliça Elizabet çox sayda məktub mübadiləsi etmişdi. O, həqiqətən də, 1603-cü ildə Elizabeti əvəz etməklə İngiltərə kralı oldu. Bundan xeyli əvvəl Bakirə adlanan kraliça 50 yaşına qədəm qoysa da (öləndə onun 70 yaşı var idi), hələ də ərə getməmişdi, baxmayaraq ki, Avropa ölkələrinin krallarından və şahzadələrindən çoxlu təkliflər almışdı. Onların arasında Avstriya ershersoqu Karl, İsveçdən XIV Eriki, Anju hersoqu (sonralar Fransa kralı olan) III Henri və Alonson hersoqu Fransisk var idi. Elizabet onların hamısına rədd cavabı vermişdi. O vaxlar xəstə ayaqlarına görə yeriyə bilməyən Elizabet Fransa şahzadəsinin təklifinə istehza ilə cavab vermişdi ki, axsaq qoca qadın cavan oğlanı nikah üçün kilsəyə aparacaqdır. Robert Dadliyə - Lester qrafına vurulmasına baxmayaraq, bir ingilis kübarı kimi onunla evlənməkdən də imtina etmişdi. Heç bir şey nəzərdən qaçmırdı, çünki onun ərə getməsi ilə həm hakimiyyəti zəifləyəcək, həm də zəruri olmayan münaqişələr yaranacaqdı.

Heç bir variant onun üçün faydalı görünmürdü. Əcnəbi ər İngiltərəni Avropa mübahisələrinə girməyə dartacaqdır, ingilis ər isə kübarlar arasında qəzəbli rəqabət yaradacaqdı. Xaotik varislikdən və katolitsizmin qayıtmasından qorxaraq, İngilis Parlamenti dəfələrlə ona ərə getməyi və varis doğmağı israr etmişdi. Şekspirin yazdığı tarixi pyeslərdə də oxşar qaydada qeyri-müəyyən varisliyin təhlükəsi əks olunurdu və İngiltərənin birliyi üçün buna ehtiyac duyulduğu qeyd olunurdu. Hətta Elizabetin hakimiyyətinin final illərində onun təsiri azalmağa doğru gedirdi, tənəzzülə uğrayırdı. O, ölüm yatağına düşənə qədər varisini adlandırmaqdan imtina etmişdi. Lakin 1603-cü ildə şotlandiyalı VI Ceyms - həmin ölkədə salamlandı və o, İngiltərədə I Ceyms kimi taxt-tacın sakit qaydada ötürülməsinin mümkün əminliyinə kömək etdi.

Ceyms artıq böyük hökmranlıq təcrübəsinə malik idi, iki dekada müddətində Şotlandiyanı idarə etmişdi, özünün sözü ilə dediyi kimi, ingilis taxt-tacına "köhnə və təcrübəli bir kral" kimi gəlmişdi. Axı o, həqiqətən 20 il ərzində Şotlandiyanın kralı olmuşdu. Onun uşaqlığında Şotlandiyanı güclü regentlər idarə etmişdi. 16 yaşına çatanda Ceyms hakimiyyəti öz üzərinə götürmüşdü və sonrakı idarəetmə illərində özünün qabiliyyətli və razılıq yaratmağı bacaran kral olduğunu sübut etmişdi. O, özünü Presbuterian kilsəsinin başçısı etmiş, lakin həm də şotland kübarları arasındakı katoliklər fraksiyasına qarşı da tolerant yanaşmışdı. Hətta öz anası, Şotland kraliçası Mariyanın edam edilməsindən əvvəl o, Elizabetin varisi kimi qəbul olunurdu. Bu baş tutduqda, beləliklə, İngiltərə ilə Şotlandiya arasındakı sülhə də müəyyən əminlik yaranacaqdı.

 

İngiltərə I Ceymsin hakimiyyəti dövründə

 

Ceyms uzun müddətdə Şotlandiyanın kralı olsa da, uğurlu ingilis hökmdarı olmasını, bu taxt-tacda olan vaxt sübut etməli idi. O, tez bir qaydada və müdrikliklə İspaniya ilə sülh bağladı, lakin onun ölkə Parlamenti ilə münasibətlərində çətinlik mövcud idi. Şotlandiyada isə o, kübarlığa nəzarət etməyi bacarmışdı. Ona iqtisadi böhran miras kimi qalmışdı, taxt-tac İspaniya ilə müharibəyə görə pul borcuna düşmüşdü. Parlament yeni vergiləri bəyənməkdən imtina etdikdə, yeni gömrük vəzifələri yaratmaqla mövcud düşmənçiliyə əlavə bir canlanma verdi. Sonralar Parlamentə məhəl qoymamaqla və özünün populyar olmayan favoritləri ilə ölkəni idarə etməklə, o, həm İcmalar Palatasından, həm də Lordlar Palatasından uzaqlaşdı və beləliklə, 1642-ci ildə oğlu I Karlın əleyhinə parlament üzvlərinin qiyamının qalxmasının bünövrəsini xeyli əvvəl qoymaqla, baş verən bədbəxtliyə ilkin şərait yaratmışdı. Ceymsin ləqəbi "Xristianlıqda müdrik səfeh" idi. Oğlu kral V Karla qarşı qiyam isə əsl inqilaba, vətəndaş müharibəsinə çevrildi və İngiltərə tarixində müstəsna bir hadisə baş verdi, kral I Karl edam edildi. I Ceymsin Parlamentə məhəl qoymaması sonra təkcə oğlunun məhv edilməsi ilə deyil, İngiltərədə monarxiyanın qısa müddətdə də olsa ləğv edilməsi ilə nəticələndi. Özünə güvənmənin cəzası birbaşa onu şəxsən haqlamasa da, oğluna çatdı və dövlət quruluşuna ağır zərbə vurulmasına gətirib çıxardı.

Həm də Ceyms müəyyən uğurlu siyasi addımlar atmaqdan da xali deyildi. O, İngiltərənin Avropadakı Otuz illik müharibədən (1618-1648-ci illər) kənarda saxlamışdı və vətənindəki bütün dini münaqişələrin qarşısını almağı bacarırdı. O, həmçinin, ingilis dilində çap olunmuş ən mühüm kitablardan birinin buraxılmasına sponsorluq etmişdi. Bu kitab kral Ceyms Bibliyası adlanır. 47 alimi o, özü şəxsən seçmiş, onlar tərcümənin hazırlanması üzərində 7 il işləmişdilər. 1611-ci ildə kitab çap olunmaqla, bu "nüfuzlu versiya" ingilis dilindəki mətn kimi bir standarta çevrildi, üç əsrdən artıq bir müddətdə Ceyms Bibliyası öz səviyyəsini saxlamışdı.

İngilislər və amerikanlar XX və XXI əsrlərdə də Bibliyanın tərcüməsinin mükəmməlliyini təmin etmək işini davam etdirirlər. Bu sahədə Amerika Bibliya Cəmiyyəti və Birləşmiş Bibliya Cəmiyyətləri olduqca böyük və nəcib iş görür. İngilis dilindəki Bibliya hər dekadada yeni, daha dəqiq tərcümədə və redaksiyada çap olunur. Mətnin tərcüməsinin qiymətli alınması üçün qədim dillərdə olan yəhudi, aramey və yunan mətnlərindən istifadə olunur. Onlar Bibliyanın dəqiq və başa düşülən dildə nəşrini təkmilləşdirməklə, bu vacib vəzifəni ləyaqətlə yerinə yetirirlər.

(Ardı var) 

 





06.03.2023    çap et  çap et