525.Az

Bir Azərbaycan sevdalısı - Fırat Kızıltuğ Hoca - Əbülfəz Süleymanlı yazır


 

Bir Azərbaycan sevdalısı - Fırat Kızıltuğ Hoca - <b style="color:red"> Əbülfəz Süleymanlı yazır</b>

Fırat Kızıltuğ Hoca! Türk milli musiqisinin mükəmməl bilicisi, violonçel, ud, fleyta kimi musiqi alətlərinin mahir ifacısı, Türk musiqisinin mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadan bir ziyalı. Onun ifa etdiyi musiqilər, bəstələri,  eləcə də yazdığı bədii əsərlər parlaq sənət nümunələri kimi Türk  musiqisi və ədəbiyyatı camiəsində özünəməxsus layiqli yer tutur.

Fırat Kızıltuğ 1935-ci il yanvarın 13-də Bayburd şəhərində anadan olub. Atası musiqi ifaçısı Ahmet Kızıltuğ, anası Hacıhanım xanımla zəngin xatirələrlə dolu uşaqlıq illəri keçirir. 1956-cı ildə Trabzon Pedaqoji Məktəbindən məzun olduqdan sonra Türkiyənin müxtəlif şəhərlərində müəllimlik fəaliyyətinə başlamış, Feyha Talaydan violonçel dərsləri  və Türk Musiqisi Konservatoriyasında türk musiqisi nəzəriyyəsi dərslərini almışdır. 1965-ci ildə Münir Nurəddin Səlcukun rəhbərlik etdiyi  musiqi kollektivinə əvvəlcə qonaq, sonra əsas violonçel  ifaçısı kimi qəbul olunmuşdur. 1976-cı ildən  Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyinə bağlı İstanbul Dövlət Klassik Türk Musiqisi Xor kollektivində çalışmaya başlayır. TRT-də yayımlanan İstanbul Dövlət Xorunun proqramlarını hazırlayır; "Qayıdış" televiziya filminin musiqisini bəstələyir. Fırat Kızıltuğun müxtəlif jurnallarda şeirləri və musiqi ilə bağlı məqalələri dərc olunmuşdur. Həmçinin,  müəllifi olduğu "Necdet Yaşar'la 60 Yıl", "Hikayeler", "Kop Dağından Birinci Orduya", "II. Murat Han'ın Fatih Sultan Mehmede Nasihatleri", "Satrançname", "Şikesteler", "Dilbeste",  "Dildeste", "Çocuklara Müzik" bədii əsərləri Türkiyənin nüfuzlu nəşriyyatlarından çap olunmuşdur. Fırat Kızıltuğ, Türk Ədəbiyyatı Vəqfi və İLESAM kimi Türkiyənin nüfuzlu ədəbi cəmiyyətlərinin fəal  üzvüdür.

Fırat Hocanın qısa tərcümeyi halına sənət və ədəbiyyatla bağlı daha çox bilgi, xarici qastrollar və müxtəlif xatirələr sığdırmaq mümkündür. Bu engin biliyə sahib ziyalını fərqləndirən başqa bir xüsusiyyəti ata yurdu Azərbaycanla olan dərin bağlılığıdır.  Fırat Hocanın elə bir konfransı, elə bir musiqili seminarı yoxdur ki, Azərbaycanı xatırlamasın, Azərbaycan musiqisindən, ədəbiyyatından nümunələr çəkməsin. Ələlxüsus hər səfərində ata yurdu Azərbaycana ilk ziyarətindən bəhs edərkən Gəncə istiqamətində yol kənarında  çaydan su alıb içməsi və bu əsnada keçirdiyi kövrək duyğular babasının "nəvəm Azərbaycanı mütləq görəcək" vəsiyyətinin gerçəkləşməsinin də sevincinin bir nişanəsidir.

Xalqımızın üzləşdiyi 20 Yanvar qırğınında da Türkiyədə  ilk reaksiya verən ziyalılar arasında yenə Fırat Kızıltuğ Hoca vardı. Onu "Ağlama qərənfilim" şeri  o günlərdə Azərbaycan xalqının üzləşdiyi acı həqiqətləri Türk xalqına şeir diliylə çatdıran nadir nümunələrdən biridir. Bu şeir həmin ağrılı-acılı günlərdə Azərbaycanda Gənclik qəzetində də yayımlanaraq 20 Yanvar faciəsi ilə bağlı  Türkiyənin qardaş harayını xalqımıza duyurmuşdur.

Fırat Hocanın  Azərbaycanla bağlı xatirə xurcunun  içində kimlər yoxdur ki... Daha sovet illərində maestro Niyazinin Türkiyədə keçirdiyi illərdə onunla bağlı xatirələri və ona həsr etdiyi şeir, ədəbiyyat dünyamızın korifeylərindən olan Bəxtiyar Vahabzadə ilə dostluğu və onunla məktublaşmaları, yazıçı Anar və Məmməd İsmayılla yaxın dostluq münasibətləri və xatirələri.

Mənimdə Fırat Hocamla bağlı xatirələrim zəngindir. Onunla 1990-cı illərdə  İstanbuldakı tələbəlik  həyatımın ilk illərində tanış olmuşdum. İlk qarşılaşmamızda türk musiqisi ilə bağlı zəngin bilgiləri, yanğılı sərzənişləri,  Azərbaycanla bağlı xoş və duyğu dolu xatirələri daha bugünkü kimi hafizəmdədir. Daha sonra Fırat Hocanı Türk Ədəbiyyatı Vəqfində aylıq Türk musiqi seminarlarını, Akıl-Fikir nəşriyyyatında söhbətlərini dinləyərək müxtəlif tədbirlərdə onun bilgi və sənət dolu söhbətlərindən bəhrələnmə imkanım olmuşdur. Fırat Hocanın yubiliyinə həsr olunmuş məqalələr toplusuna verdiyim yazının başlığını da belə adlandırmışdım: "Bir Azerbaycan sevdalısı olan Fırat Kızıltuğ Hocam".

Öz təcrübəsini, sənətinin incəliklərini tələbələrə böyük həvəslə öyrədən Fırat Hocanın yetişdirdiyi tələbələr bu gün Türkiyənin və dünyanın müxtəlif musiqi kollektivlərində  öz fəaliyyətlərini davam etdirirlər. Özünün də sözü ilə desək, "yetişdirdiyi tələbələri ilə bir orkestr qurmaq olar".

Türk ədəbi və incəsənət ictimaiyyəti onun yaradıcılığına xüsusi əhəmiyyət verir. Dövlət qurumları  və ədəbi dərnəklər tərəfindən çoxlu sayda təltiflərə layiq görülən Fırat Hocanın yubiley mərasimləri geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə böyük təntənə ilə qeyd olunur.

Fırat Hoca vəzifəsindən və cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hamı ilə mehriban və səmimi münasibətlər quran qayğıkeş bir insandır. Sakin təbiətli olsa da, vətəndaş mövqeyini qoruyan, sözünün çəkisini, yerini bilən bir söz sahibidir. Zahirən sakit, daxilən coşqun təbiətli olan Fırat Hoca  güclü məntiqi, iti yaddaşı ilə bu gün də onu dinləyənləri özünə heyran etməyi bacarır.

Türk milli musiqisinin inkişafında xüsusi xidmətləri olan, qəlbi hər daim Türk dünyası  eşqi ilə döyünən ömrünün müdriklik zirvəsinə çatan bu dəyərli insana bundan sonrakı ömür yolunda da möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömür, bütün təşəbbüslərində uğurlar və firavanlıq arzulayıram.

 





06.03.2023    çap et  çap et