525.Az

"Oğlum arzuladığı Vətən müharibəsində savaşıb düşməndən qisasını aldı"


 

"Oğlum arzuladığı Vətən müharibəsində savaşıb düşməndən qisasını aldı"<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım Vətən müharibəsi şəhidi Emil Rəfael oğlu Qurbanovdur.
 
Emil Rafael oğlu Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. 2018-ci ildə Naxçıvan rayonu "N" saylı hərbi hissənin kəşfiyyat taborunun snayper ixtisası üzrə xidmət edib. 2019-cu ildə həqiqi hərbi xidmətini bitirib ehtiyata buraxılıb.

2020-ci ilin avqust ayında 057 saylı hərbi hissədə XTQ bölməsində xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-si Vətən müharibəsinə könüllü olaraq ön xətdə Suqovuşana yollanıb. Murovdağ, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib, Mübariz postu daxil olmaqla 22 postun azad edilməsində iştirak edib. 50-dən çox düşmənin canlı qüvvəsini snayperle məhv edib.

Şəhidin anası Qurbanova Xatirə xanım deyir ki, həyat yoldaşı Qurbanov Rəfael 2013cü ildə rəhmətə gedib:

"Hərbçi idi, Birinci Qarabağ müharibəsində tank komandiri və zabit olub. Ailədə 3 övladımız var. Böyük oğlum Lətif, ortancılım Elsevər və şəhidimiz Emil. Emil idmanla məşğul olurdu, idman qurğuları həyətdə ondan xatirə qalıb. Ən böyük arzusu hərbçi olmaq idi. Orta məktəbdə deyərdi ki, mən idmançı və hərbçi olacağam. Həmişə tarix dərsində deyirmiş ki, Allah edə müharibə başlaya, gedib torpaqlarımızda döyüşmək, düşməndən qisas almaq bizim payımıza düşərdi. Oğlum arzuladığı Vətən müharibəsində savaşdı, düşməndən qisasını aldı.Talışdağ, Murovdağ yüksəklikləri istiqamətlərində döyüşüb balam. Çox igid, cəsur oğul idi. Biz onunla fəxr edirik!

Oğlumun şəhid olmasını əvvəl dostlarına zəng edərək deyiblər. Daha sonra qardaşlarına deyiblər. Bakıdan Yevlaxa qədər elə bildim ki, yaralıdır. Gəldim orada xəbər tutdum ki, balam şəhid olub...

Şəhid analarına, xanımlarına dözüm, səbr arzulayıram! Nə qədər ömrümüz var onların adına layiq yaşamağı arzulayıram həyatda. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, amin! Cənab Prezidentimizə də təşəkkür edirik, Allah ordumuzu qorusun, daha Allah analara bala dağı, şəhid anası olmağı göstərməsin. Qazilərmizə Allahdan şəfa diləyirəm!"
 
Şəhidin adına abidə bulaq kompleksi, orta məktəblərdə isə sinif otaqları var.

Azərbaycan Ordusunun əsgəri Emil Rafael oğlu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Rafael oğlu Qurbanov oktyabrın 10-da saat 11:30 radələrində Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə",  "Kəlbəcərin azad olunmasına görə" və " Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Ruhun şad olsun, şəhid qardaşım!

 





01.03.2023    çap et  çap et