525.Az

"Deyirdi, ana, bu yüksəkliklərdən Ağdama baxanda çox möhtəşəm görünür"


 

"Deyirdi, ana, bu yüksəkliklərdən Ağdama baxanda çox möhtəşəm görünür"<b style="color:red"></b>


Bu gün xatirəsini böyük ehtiramla yad etdiyimiz Vətən müharibəsi şəhidi Elvar Eldar oğlu Qasımovdan bəhs edəcəyik. O, mənfur düşmənlə qəhrəmancasına savaşıb və şəhadətə qovuşub.

Elvar 1995-ci il fevralın 7-də Ağcabədi rayonunun Türk Qızılay çadır şəhərciyində anadan olub. Şəhid atası Qasımov Eldar bəy deyir ki, oğlum 2019-cu il Aprel döyüşlərində də iştirak edib. General-mayor Polad Həşimovla birgə Vətən uğrunda döyüşüb. Döyüş yolu Ağdamın Qərbənd, Əhmadağalı, Çıraxlı kəndləri istiqamətində olub. Oğlum evli idi, bir qız balası var. Fidan 2018-ci il aprelin 22-də Ağdamın Qasımbəyli kəndində anadan olub. (Red. ağlayır)

Şəhid həyat yoldaşı Qasımova Mayanın da əsli Xocalıdandır. Onların da qohumları Xocalı soyqırımında kütləvi öldürülüb".

Şəhid anası Qasımova Tamam xanım deyir ki, onun arzuları bitib tükənməzdi:

"Çoxlu dostları vardı. O, həmişə özündən böyüklərlə oturub durardı. Bütün dostları onu çox sevirdi. Balam yaşından tez böyüdü. Şəhid olduqdan sonra elə adamlar dost deyib bu qapıya gəldi ki, heç biz onları tanımırdıq.
Həmişə deyirdi ki, ana, bu yüksəkliklərdən Ağdama baxanda buralar çox möhtəşəm görünür. Allah qoysa ora alınacaq və mən də o yerləri qarış-qarış gəzəcəyəm. Hələ Aprel döyüşlərindən deyirdi ki, ana, az qalıb torpaqlarımız düşməndən geri alınacaq. Ən böyük arzusu Ağdamı işğaldan azad görmək idi.

Oğlumun şəhid xəbərini bizə ərazi üzrə nümayəndə dedi... (Red: Ağlayır)

Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Bütün analar, atalar həmişə övladları ilə fəxr etsinlər! Hər zaman onların ruhunu uca tutsunlar. Allah bütün qazilərimizə, Ali Baş Komandanımıza cansağlığı versin!"

Qasımbəyli ərazisinin icra nümayəndəsi Allahverdiyev Mütəllim bəy deyir ki, bu xəbəri mənə deyəndə bilmədim ailəyə nə cür çatdırım:

" Elvar bizimdə balamız idi, çox əziz idi. Mən bunu şəhidimizin atasına necə çatdıracağımı bilmirdim. Çünki Atası Eldara yaxınlaşanda dedi ki, Elvarla danışmısanmı? Dedim, gedək xəstəxanaya, Elvar yaralanıb, biz yolboyu ağlaya- ağlaya getdik. Orada mənə kömək etdilər, vəziyyəti atasına bildirdik. Balamızın şəhid xəbərin vermək çox ağrılı idi, çox..."
Şəhid Elvarın adına kənd nümayəndəliyi qarşısında sinif yoldaşları və dostlarının dəstəyi ilə bulaq tikilib, baralyefi var. Ağdam rayonu ərazisində Dördyol qəsəbəsindəki orta məktəbdə isə adına sinif otağı var.

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, əsgər Elvar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Elvar Qasımov oktyabrın 5-də Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub və Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elvar Qasımov "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ruhun şad olsun, igid qardaşım!


 
 
 

 





01.03.2023    çap et  çap et