525.Az

Füzuli döyüşlərinin şəhidi Elçin Mahmudov


 

Füzuli döyüşlərinin şəhidi Elçin Mahmudov<b style="color:red"></b>

Bu dəfə haqqında söz açacağım qəhrəmanımız Ağdamdan olan şəhid Elçin Cəmil  oğlu Mahmudovdur.

Elçin  Mahmudov 1998-ci il iyunun  7-də  Ağdam rayonunda anadan olub. 2005-ci ildə Ağdam rayon 45 nömrəli köçkün  tam orta  məktəbinin 1-ci sinfinə daxil olub və 2016-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. 2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində  müddətdən artıq hərbi xidmətdə oluub.

Şəhidin Həyat yoldaşı Mahmudova Sona xanım deyir ki, onların evliliyindın iki oğul övladları var:

"Böyük övladımız Aydın 2018-ci il noyabrın 7-də Ağdam rayonu Kəngərli qəsəbəsində anadan olub. Hal-hazırda 2 saylı Ağdam rayon bağçasına gedir. Kiçik övladımız Uğur 2021-ci il yanvarın 10-da Ağdam rayonu Kəngərli kəndində anadan olub.

Böyük övladımız Aydını çox sevirdi. Onun böyüyəndə polis olmağını istəyirdi. Deyirdi, mən atasız böyümüşəm qoymayacağam balam atasız böyüsün. Heç özüdə bilməzdi ki, balaları da bir gün atasız böyüyər. (Red. Ağlayır)

Elçinin anası ilə atası ayrılmışdılar. Anası da 2017-ci ildə ağır xərçəng xəstəliyindən dünyasını dəyişib. Lakin yoldaşımın bacısı Tünzalə xanım həmişə yanımızda olur. Bizi tək qoymur, balalarımı dəhşət çox istəyir.

Elçini 2020-ci il 1 oktyabrda Quzanlıda xəstəxanaya gətiriblər. Biz uzun zaman idi ki, ondan xəbər tutmurduq. Getdim Quzanlılya çatanda dedilər ki, Elçin yaralanıb, sonra isə dedilər ki, şəhid olub...

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Allah bütün şəhid balalarını öz lütfü ilə qorusun, amin!"

Şəhidin dayısı deyir ki, balaca qardaşım İsmayıl dedi, gəl, uşaq yaralanıb. Daha sonra xəbər  gəldi ki, balamız şəhid olub. Ağdam Şəhidlər xiyabanında dəfn etdik.

Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elçin Mahmudov 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Elçin Mahmudov "Vətən uğrunda" medalı”, “Füzulinin azad olunmasına  görə" və “Döyüşdə fərqlənməyə görə” medalları təltif edilib.
 
Ruhun şad olsun, şəhid qardaşım!

 





28.02.2023    çap et  çap et