525.Az

“Balamın iki tarı vardı, asmışıq divarda şəkillərindən ibarət guşəyə...”


 

“Balamın iki tarı vardı, asmışıq divarda şəkillərindən ibarət guşəyə...”<b style="color:red"></b>

Bu dəfə haqqında söz açacağım qəhrəmanımız Ağdamdan olan şəhid Elvin Azim oğlu İsizadədir.

Elvin İsizadə 2001-ci ildə sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 2007-ci ildə Ayaz Abbasov adına Qaradağlı kənd orta məktəbinin I sinifinə qəbul olub. Məktəbdə  təhsil almaqla yanaşı Qaradağlı kənd Musiqi məktəbində tar musiqi aləti üzrə də təhsil alıb. 2018-ci ildə həmin  məktəbin XI sinifini bitirib. 2018-ci  ildə Asəf Zeynallı adına Musiqi Kollecinə  qəbul olub. 2019-cu ildə isə könüllü olaraq hərbi xidmətə gedib.

Şəhidin anası Quliyeva Gülbəniz müəllimə deyir ki, ailədə iki övladları var, bir oğlan, bir qız:

“Qızım Könül 2006-ci ildə Ağdam rayonu Qaradağlı kəndində anadan olub. Hal hazırda 11-ci sinifdə oxuyur. Həkimliyə hazırlaşır. Oğlum Elvin çox mehriban, mərd, tərbiyəli uşaq idi. Tarda ifa edərdi, musiqiyə böyük maraq göstərərdi. Tarda ifa edib yutub kanalına yerləşdirərdi, çox həvəskar idi. Elə böyük arzuları vardı ki... Balamın iki tarı vardı, asmışıq divarda şəkillərindən ibarət olan guşəyə, hər şeyi özündən sonra yadigar qaldı. Heç inana bilmirik, çox ağırdı...” (Red. Ağlayır)

Şəhidin atası Quliyev Azim bəy deyir ki, Elvin Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqmətində döyüşüb:
“Oğlumun şəhid xəbərini bizə Qaradağlı kənd icra nümayəndəsi Arzuman Muradov dedi. Zəng etdi ki, səninlə görüşmək istəyirik. Tez bura gəl. Dedim, mənə dəqiq bir söz de, balama nə olub? (Red. Ağlayır). Getdim Füzulidən oğlumu özüm götürdüm. Mən balamı götürəndə bədəni hələ isti idi... (Red. Ağlayır)

Allah bütün şəhid valdeynlərinə səbr versin, səbr versin ki, biz dözə bilək. Allah qazilərimizə cansağlığı versin! Allah şəhidlərimizə rəhmət etsin! Amin!

Qaradağlı kənd orta məktəbində oğlumun adına sinif var, iki ədəd abidə bulaq kompleksi var, üçüncü abidə də tikilir. Valdeynləri olaraq arzumuzdur ki, Ağdam rayon Qaradağlı kənd uşaq musiqi məktəbi onun adına verilsin”.

Azərbaycan Ordusunun əsgəri olan Elvin İsizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elvin İsizadə ölümündən sonra "Vətən uğrunda" və"Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ruhun şad olsun, şəhid qardaşım!



 

 





02.03.2023    çap et  çap et