525.Az

Sulutəpə ilə Biləcərini birləşdirən yeni yol çəkilir


 

Sulutəpə ilə Biləcərini birləşdirən yeni yol çəkilir<b style="color:red"></b> Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması üzrə işlərin böyük hissəsi yerinə yetirilib.

Nəqliyyat Nazirliyi "Azəryolservis "ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, uzunluğu 1,5 km təşkil edən mövcud 2 zolaqlı yolda əlavə 6 hərəkət zolağı inşa edilir.

Layihə üzrə Sulutəpə və Xocəsən istiqamətində dairəvi qovşaqlar, 2 avtobus dayanacağı, hər tərəfdə eni 1 m olan səkilər və eni 1 m olan ayrıcı zolaqda işıqlandırma sistemi quraşdırılacaq.

Ötən müddətdə kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri, Sulutəpə-Biləcəri istiqamətində 3 qat, Biləcəri-Sulutəpə hissəsində isə 2 qat asfalt-beton örtük döşənməsi başa çatıb. Hazırda Biləcəri-Sulutəpə hissəsində asfalt-beton örtüyünün 3-cü qatının vurulmasına hazırlıq işləri gedir.

Sulutəpə-Biləcəri hissəsində nəqliyyatın hərəkəti üçün açıq olan yolun yaxın vaxtlarda bütün zolaqlarının istismara verilməsi gözlənilir.

Yolun müasir üslubda yenidən qurulması ölkənin şimal-qərb bölgəsindən Bakı şəhərinə, eyni zamanda Lökbatan-Xocasən istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin Bakı-Şamaxı-Yevlax və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarına çıxışını asanlaşdıracaq.
 





11.07.2014    çap et  çap et