525.Az

General Yücel Karauz: "Qarabağda antiterror əməliyyatları başlamalıdır"


 

General Yücel Karauz: "Qarabağda antiterror əməliyyatları başlamalıdır"<b style="color:red"></b>

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan tərəfi Ermənistana qalan məsələlərin həlli üçün danışıqlara başlamağı, sülh müqaviləsinin imzalanmasını təklif etdi. Eyni zamanda rəsmi Bakı bu istiqamətdə atdığı əməli addımlarla düşmənçiliyə son qoyulmasında, bölgədə sülh və sabitliyin yaranmasında maraqlı olduğunu nümayiş etdirdi. Ancaq təəssüf ki, Ermənistan 30 ilə yaxın sülh danışıqları ilə imitasiya etdiyi kimi, indi də öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, hərbi təxribatlara, terror əməlinə əl atır. Bununla İrəvan sülhdə maraqlı olmadığını, vaxtı uzatmaqla nələrəsə nail olmağa çalışır. Lakin Azərbaycanın daha 30 il bu oyunlara imkan verməyəcəyinin də fərqindədir. Məlumdur ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazisində ermənilər qanunsuz fəaliyyətlə məşğul olmağa davam edir, ərazilərimizə silah-sursat, minalar daşıyır, hətta İran və digər ölkələrdən terrorçular, diversantlar gətirir. Bu silahlar, minalar, terrorçular daha sonra öz ərazimizdən özümüzə qarşı istifadə olunur. Həmçinin, bölgədəki təbii sərvətlərimiz qanunsuz olaraq istismar edilir. Məhz buna görə də azərbaycanlı eko-fəallar 90 günə yaxındır ki, Laçın-Xankəndi yolunda aksiya keçirirlər. Bu aksiya həmin qanunsuz fəaliyyətlərin qarşısını alsa da, ekspertlər ermənilərin Laçın yoluna alternativ yoldan istifadə edərək silah-sursat, minalar daşıya bilməsinə dair açıqlamalar vermişdilər. Martın 5-də baş verən hadisə bu məqamın doğru olduğunu isbatladı. Məlum oldu ki, separatçılar gizli yollarla Ermənistandan Xankəndinə silah daşıyır. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi açıqlamasında vurğulanır ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın  və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınması barədə operativ məlumatlar daxil olub. Martın 5-də səhər saatlarında məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Qeyd olunub ki, Qarabağ iqtisadi rayonu ilə Ermənistan arasında yeganə istifadə oluna biləcək avtomobil yolu Xankəndi-Laçın yoludur. Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırılıb ki, başqa marşrutlar üzrə hərbi və digər təyinatlı daşınmaların həyata keçirilməsi qəti surətdə yolverilməzdir.

Həm Müdafiə Nazirliyinin, həm də Xarici İşlər Nazirliyinin bəyanatlarında bu insidentin bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərdiyi vurğulanıb. Bu o deməkdir ki, rəsmi Bakı öz mövqeyində qətidir, ərazisində qeyri-qanuni əməllərinin davam etməsinə, separatçıların əl-qol açmasına, öz ərazimizdən özümüzə silah tuşlanmasına, minaların başdırılmasına imkan verməyəcək. Rusiyanın istəyib istəməməsindən asılı olmayaraq, Laçın-Xankəndi yolunda nəzarət-keçid məntəqəsi qurulacaq. Çünki sülhyaratmaq məqsədilə bölgəyə gələn rusiyalı hərbçilər ermənilərin sülhü pozan, vəziyyəti gərginləşdirən addımlarında onlara dəstək verməkdədirlər. Bir neçə gün əvvəl separatçıların yeni səngərlər qazdığı, "mövqelər" qurduğunu əks etdirən görüntülər yayılmışdı. Həmçinin, onların üç videomüşahidə kamerasının Ordumuz tərəfindən sıradan çıxarıldığına dair məlumat var idi.

Səngərlər məhz sülhməramlıların müşahidə məntəqəsinin yanında qazılmışdı. Bu bir daha qanunsuz erməni silahlı dəstələrinin təxribatlara hazırlaşdığını göstərirdi.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı "525"ə bildirib: "Bu hadisə bir daha göstərdi ki, Ermənistan tərəfi imza atdığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmir. Həmin bəyanata əsasən, qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Eyni zamanda, ərazi müxtəlif yollarla Xankəndinə gətirilən terrorçulardan da təmizlənməlidir. Başqa sözlə, bu bənd yerinə yetirilmədiyi üçün 2021-2022-ci illərdə Azərbaycan ərazisinə qanunsuz olaraq silah-sursat, minalar daşınıb, terrorçular gətirilib. Bölgədəki separatçılar səngərlər qazmaqla mövqelərini gücləndirməyə, Azərbaycana  qarşı təxribatlar həyata çalışırlar. Əsas məqsəd bölgədə qan tökülməsinin, faciənin, ağrı-acının davam etməsi, çıxılmaz vəziyyətin qalıcı hala gətirilməsidir. Ermənistan keçmişdə olduğu kimi, bu gün də bir maşa dövlət olaraq başqalarının onlara biçdiyi rolu oynamağa davam etməkdədir, bölgəyə barışın, sülhün, sabitliyin gəlməsini istəmir. Martın 5-də törədilən təxribat da tamamailə bunun nəticəsidir".

General deyib ki, Azərbaycan çox qərarlı bir mövqe ortaya qoyub: "Rəsmi Bakı bu nəzarət və monitorinq fəaliyyətini güclü şəkildə davam etdirməli, üçtərəfli bəyanatın tələbi olan qanunsuz erməni silahlı dəstələrini və terrorçu qrupların Qarabağı tərk etməsi üçün bəlli bir zaman verməlidir. Bu zaman ərzində həmin dəstələrin Azərbaycan ərazisini tərk etmədiyi təqdirdə, terror hədəfləri və ünsürləri ortadan qaldırılmalı, antiterror əməliyyatları başlamalıdır. Son hadisə bir daha 85-ci günə daxil olan Laçın yolundakı azərbaycanlı eko-fəalların aksiyasının nə dərəcədə doğru və əhəmiyyətli olduğunu ortaya çıxardı. Eyni zamanda Laçın-Xənkəndi istiqamətində istər ana yolda, istərsə də ermənilərin istifadə etdiyi digər yollarda nəzarəti həm elektron, həm də fiziki olaraq gücləndirilməlidir. Mövcud olan silahlı dəstələrin, terrorçuların mina, mərmi, silah-sursat daşınmalarına heç bir şəkildə imkan verilməməlidir. Rus sülhməramlıların müşahidəsi altında bu qanunsuz fəaliyyətlər, o cümlədən, onların gözü önündə postlar, səngərlər salınmağa davam etdiyi və Azərbaycanın verdiyi vaxtda bu silahlıların Qarabağı tərk etmədiyi təqdirdə anti-terror əməliyyatları qaçılmazdır və mütləq həyata keçirilməlidir. Ermənistan bir maşa dövlətidir. Dolayısı ilə burda qanın, göz yaşının, çözümsüzlüyün hakim olmasını istəməkdədir. Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olaraq yaşamasını, bölgəyə barış, sülh və sabitliyin gəlməsini istəmir. Onların müasir, inkişaf etmiş, normal və güvənartırıcı bir dövlətin - Azərbaycanın vətəndaşı olaraq yaşamalarını istəmir və buna görə də Qarabağ ermənilərinin önünə keçməyə çalışır. Bu niyyətinə nail olmaq üçün isə atışma olması, təxribatlar törətməsi, çıxılmaz durumun olduğunu göstərməsi lazımdır. Bu, 30 ilə yaxın davam edən Ermənistanın işğalçılıq siyasətinin  davamıdır. Buna görə də Qarabağ ermənilərinin blokada şəraitində yaşamasına, kin-küdurət, nifrət aşılamaqla barışdan, Azərbaycanla inteqrasiyadan uzaqlaşdırmağa çalışmaqdadır".

P.SULTANOVA

 





07.03.2023    çap et  çap et