Martın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş mövzusunda beynəlxalq elmi konfransın açılışı olub.
Konfransın təşkilində AMEA-nın Şərqşünaslıq İnstitutu ilə yanaşı, Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu Qadınlar Cəmiyyəti, Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu, İraq Strateji Araşdırmalar Mərkəzi və Çin Xalq Respublikasının Hebey Universiteti də iştirak edir.
Konfransa Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alim qatılıb.
Konfransın açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladaraq, bununla əlaqədar ölkəmizdə, o cümlədən, AMEA-da bir sıra tədbirlərin, konfransların keçirildiyini qeyd edib. Akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən danışan İ.Həbibbəyli, Fiziologiya İnstitutunda vaxtilə Z.Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılmış laboratoriyada dəyərli araşdırmaların aparıldığını bildirib.
AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın səhiyyə tarixində əvəzedilməz yerinin, oftalmologiya sahəsində geniş elmi axtarışlarının, tədqiqatlarının olduğunu vurğulayıb. O, Zərifə xanımın timsalında ideal qadın və əsl Azərbaycan xanımı obrazının təcəssüm tapdığını bildirib.
Daha sonra konfransın təşkilatçıları olan xarici elmi və ictimai qurumların nümayəndələrinin videoçıxışları təqdim edilib.
Rusiya Federasiyası Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti tarix üzrə elmlər doktoru, professor İqor Turitsin, Misir Ərəb Respublikası Bint Bələd qubernatorluğu üzrə Qadınlar Cəmiyyətinin vitse-prezidenti professor Əmirə Əbdulhəkim, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm Komitəsinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktor müavini iqtisadiyyat üzrə elmlər doktoru Duysen Qalımjan
akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş konfransda qadınlarla bağlı mövzularda məruzələrin səsləndirilməsini yüksək qiymətləndiriblər.
AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə "Birinci vitse-prezidentliyə gələn yol və gender siyasəti", Qafqaz Müsəlmanları İdarəsinin ictimaiyyətlə əlaqələr və ailə problemləri üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Qəmər Cavadlı "İslamda qadın hüquqları və gender bərabərliyi", Asiya Fəlsəfə Assosiasiyasının vitse-prezidenti, AMEA-nın müxbir üzvü, fəlsəfə üzrə elmlər doktoru Könül Bünyadzadə "Qadına fəlsəfi baxış" mövzusunda məruzə ediblər.
Konfrans martın 7-də yekun vurulacaq.
çap et