525.Az

Xaricdə doktorantura təhsili: fərdi və milli inkişaf üçün mühüm mərhələ


 

Xaricdə doktorantura təhsili: fərdi və milli inkişaf üçün mühüm mərhələ<b style="color:red"></b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir. Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. 2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub.  Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. Fevralın 1-dən 2023-cü il üzrə ilk sənəd qəbuluna start verilib. Proses aprel ayına qədər davam edəcək.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədləri əhatə edir. Yəni növbəti, yəni doktorantura təhsil səviyyəsi üzrə 2023-cü ildə dövlətdən dəstək almaq istəyənlər ilk növbədə əvvəlcədən elan edilən 7 ixtisas istiqaməti - Təbiət ixtisasları istiqaməti (riyaziyyat; mexanika; astronomiya; fizika; kimya; biologiya elmləri;yer elmləri; coğrafiya), Kənd təsərrüfatı ixtisasları istiqaməti (aqrar elmlər), Səhiyyə və rifah ixtisasları istiqaməti (tibb elmləri; əczaçılıq elmləri; səhiyyənin idarə edilməsi), Texniki və texnoloji ixtisaslar istiqaməti (texnika elmləri),  İqtisadiyyat və idarəetmə ixtisasları istiqaməti ( iqtisad elmləri),  Təhsil ixtisasları istiqaməti (pedaqogika; psixologiya; təhsilin idarə edilməsi) və nəhayət, Humanitar və sosial ixtisaslar istiqaməti (tarix; sosiologiya; hüquq elmləri) - üzrə qəbul sənədi təqdim etməlidir. Təbii ki, seçdiyiniz ali təhsil müəssisəsinin də bəlli bir şərti var. Həmin universitet 2 önəmli reytinq cədvəlində - Times Higher Education (THE) World University Rankings və Academic Ranking of World Universities (Shanghai) - 2022-ci ilin nəticələrinə görə, ilk 500-lükdə yer alan universitetlərdən biri olmalıdır.

Bununla yanaşı, namizədlərdən təhsillərini başa vurduqdan sonra qayıdacaqları və 5 il müddətində əmək fəaliyyəti ilə məşğul olacaqlarına dair Azərbaycan ali təhsil müəssisələrindən birindən aldıqları razılıq məktubu tələb edilir. Onlar, elektron qaydada 2000 sözdən az olmayaraq Azərbaycan dilində hazırladıqları tədqiqat işini də təqdim etməlidirlər.

Müraciət dövlət proqramına aid veb-səhifədən elektron qaydada həyata keçirilir. Artıq doktorant olmaq arzusunda olan hər kəs üçün açıq olan dp.edu.az-da elektron qeydiyyat bölməsindən müraciət ünvanlayan namizədin yüklədiyi sənədlər siyahısında diplom və əlavəsi; hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd, 2 tövsiyə məktubu, sağlamlıq haqqında arayış (AZS - 086/1)  və CV mütləq olmalıdır.

Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyir ki, gənclər Dövlət Proqramına müraciət edərkən diqqətli olmalıdırlar. Xüsusilə bu mərhələ onların müsabiqədə iştirak etməsində çox önəmlidir: "Gənclər sənədlərin tələb edilən qaydaya uyğun düzgün yüklənməsinə diqqət etməlidirlər ki, ekspertizası mümkün olsun və müsahibəyə dəvət edilsinlər". Beləliklə, sənədlərinizi təqdim edərək təsdiq etdiyiniz andan müsabiqəyə qatılmış sayılırsınız. Başqa sözlə, müsabiqədə öncə təqdim etdiyiniz sənədləriniz, sonra bilik və bacarıqlarınız qiymətləndirilir. Yəni, birinci mərhələ uğurlu olarsa, müsahibəyə dəvət ediləcəksiniz.

Müsahibə müsabiqənin ən önəmli mərhələsidir. Bu mərhələ 3 nümayəndənin iştirakı ilə baş tutur. Elm və Təhsil Nazirliyinin əməkdaşı, maliyyələşməni həyata keçirən Dövlət Neft Fondunun nümayəndəsi və namizədin ixtisas sahəsi üzrə ekspertin iştirakı ilə keçirilən müsahibə 20 dəqiqə çəkir. Burada müraciətçilərin 3 istiqamət üzrə bilik və bacarıqları yoxlanılır. Onlara ixtisas sahəsi üzrə suallar da verilir. Bir sözlə, doktorantura üzrə keçid, yəni 40 balı toplayan Dövlət Proqramının təqaüdçüsü adını qazanır. Çünki burada hər hansı kvota yoxdur.

Mütəxəssislərin fikrincə, xaricdə təhsil alan doktorantların çox olması ali təhsilin beynəlmiləlləşməsinə töhfədir. Belə ki, doktorantlar Dövlət Proqramı çərçivəsində xaricdə təhsil aldıqları müddətdə yerli ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, mühazirələr oxuyur, onların tədris işlərinə müəyyən qədər dəstək göstərirlər. Bu da onların əsas öhdəliyi, onlardan başlıca gözləntidir.

Əgər biz ali təhsil sisteminin beynəlxalq rəqabətliliyindən, beynəlmiləlləşməsindən danışırıqsa, ali təhsil sisteminə dəstək göstərilməli, xaricdə təhsil alanlar vasitəsilə beynəlxalq təcrübə təhsil sisteminə daşınmalıdır. Ona görə də onlardan əsas gözlənti təhsil aldıqdan sonra 5 il yerli ali təhsil müəssisələrində çalışaraq öz ölkəsinə töhfə vermələridir. Bununla bağlı Dövlət Proqramına müraciət etmədən öncə razılıq məktubu əldə edirlər və nəticədə yerli ali təhsil müəssisələri də bu prosesdə aktiv iştirak edirlər.

T.Topalova deyir ki, Dövlət Proqramı İdarəetmə Qrupu təqaüdçü tələbələrin qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməkdə də onlara dəstək olmağa çalışır: "Təcrübə göstərir ki, təqaüdçü olmaq yaxşıdır. Amma onun da müəyyən çətinlikləri ortaya çıxır. Həmin çətinliklər Dövlət Proqramının qaydalarından deyil, universitetlərin yerləşdiyi ölkələrin qoyduğu qaydalar səbəbindən də yarana bilir. Təqaüdçü tələbələrimizi ola biləcək çətinliklərlə bağlı məlumatlandırmaq, həmin situasiyalara hazırlamaq və vəziyyətdən çıxmalarına yardımçı ola bilmək üçün məlumat xarakterli tədbirlər keçirəcəyik. Ancaq indidən namizədlərin maliyyələşmə qaydaları ilə tanış olmalarını tövsiyə edərdim. İstənilən ödənişin həyata keçirilməsi üçün müəyyən sənədlər tələb olunur ki, təqdim edilməyən sənəd maliyyələşmənin gecikməsi ilə nəticələnir".

T.Topalova qeyd edib ki, tələbə Dövlət Proqramına qəbul olunduqdan bir müddət sonra maliyyələşmə mexanizmi işə düşür. Lakin buna qədər olan sənədləşmə prosesi xeyli vaxt aparır və bu baxımdan vəsaitin tələbəyə verilməsi gecikə bilir. Hətta bəzən bu, tələbələr təhsilə başladıqdan sonra mümkün olur. Təhsilə başlamaları üçün universitetlər depozit tələb etdikdə təqaüdçü olan tələbələr üçün ali təhsil müəssisələrinə dəstək məktubları göndərilir: "Ötənilki təcrübəmiz çox uğurlu oldu. Bəzən tələbə vasitəsilə, bəzən isə birbaşa universitetlərə müraciət edərək tələbələrimizi dəstəklədiyimiz faktlar var".

Xatırladaq ki, Dövlət Proqramı təqaüdçüsünün təhsilə aid olan bütün xərcləri ödənilir. Burada 5 istiqamət üzrə xərclərdən söhbət gedir: Təhsil haqqı, il ərzində bir dəfə nəqliyyat, viza, sığorta və hər ölkə üzrə təqaüd xərcləri.

Təhsilini tamamlayıb ölkəyə qayıdan nəinki doktorantura, istənilən təhsil səviyyəsi üzrə Dövlət Proqramı təqaüdçülərinin tətbiq edilən sadələşdirilmiş mexanizmlə sənədlərinin tanınması asan və qısa müddətdə başa çatır. Amma dövlətin qayğı və himayəsi davam edir. Məsələn, onlar dövlət qulluğu imtahanında iştirak etmədən dövlət qulluqçusu hesab olunurlar: "Biz onların məzun kimi qeydiyyatını aparır, müvafiq qurumlara müraciətlərində onlara dəstək göstəririk".

Bu üstünlüklərin fərqinə varanların sayı isə hər il çoxalır. Bunu ildən-ilə artan müraciət sayı da göstərir. T.Topalovanın sözlərinə görə, bu il müraciətlərin daha çox olacağı gözlənilir: "7 prioritet ixtisas istiqamətindən hər biri üzrə müraciətlər mövcuddur. Kənd təsərrüfatı üzrə ilk 2 ildə qəbul yox idi. Təşviqat və məlumatlandırmadan sonra bu ixtisas istiqaməti üzrə də müraciətlərin sayı artıb".

Onun sözlərinə görə, doktorantura təhsili üçün iş təcrübəsi olan gənclər daha çox müraciət edirlər: "Onlardan tək gözlənti xaricdə təhsil alıb qayıdaraq 5 il ərzində müxtəlif qurumlarda çalışmaları və ölkənin inkişafına töhfə vermələridir".

Sevinc QARAYEVA

 





07.03.2023    çap et  çap et