525.Az

Səsin qara xəbəri - Məmməd Oruc yazır


 

UNUDULMAZ MƏHƏMMƏD BAHARLININ XATİRƏSİNƏ

Səsin qara xəbəri - <b style="color:red"> Məmməd Oruc yazır</b>

Yəqin ki, tələbə yoldaşım - tanınmış jurnalist Məhəmməd Baharlının vaxtsız vəfatı pandemiya ərəfəsinə düşməsəydi və mən onun dünyasını dəyişməsindən zamanında xəbər tutsaydım, Keşlə qəsəbəsindəki həyət evinə gedərdim, övladlarına başsağlığı verərdim və şübhəsiz ki, acılarımı, onun haqqında düşüncələrimi də qələmə alıb paylaşardım və ay yarım sonra onun qara xəbərəni eşidəndə özümü qınamazdım.

Etiraf edim ki, təqaüdə çıxandan sonra əsasən o məni axtarardı və hökmən harasa dəvət eləyərdi; həyatsevərdi, həmişə istənilən ünsiyyətə hazır idi. Qaracaoğlanın məşhur misraları isə dilinin əzbəri idi:

Dəryalarda üzər qayıq,

Kimi sərxoş, kimi ayıq.

Dünya fani, insan qonaq

İnsanı duyan öyünsün...

Qaracaoğlanın yaradıcılığına xüsusi rəğbət bəsləməsinin bir başqa səbəbi də vardı; o, apardığı araşdırmalar nəticəsində bu qənaətə gəlmişdi ki, Qaracaoğlan, bütün türk dünyasında izləri görünən Baharlı tayfasına mənsubdur.

Maraqlıdır ki, o, hələ tələbə ikən, türk dünyasına səpələnmiş Baharlı tayfalarını, bu tayfaların tarixdə iz qoymuş insanlarını araşdırmağa başlamışdı. Hətta mənə elə gəlirdi ki, yaxın gələcəkdə o, alim olacaq. Axı, əlaçı idi. Üstəlik də diribaşdı, zirəkdi. Xatirimdədir, hətta bizə xarici jurnalistikadan dərs deyən Şirməmməd Hüseynovdan da "beş" qoparda bilmişdi. Və bu minvalla o, qiymət kitabçasını "əla"larla dildura-doldura, son olaraq, jurnalistika kafedrasında işə dəvət olunsa da, başqa yol seçdi.

"Azərbaycan müəllimi" qəzetinin səhifələrində, vaxtaşırı onun imzasını görmək, əlbəttə, xoşdu. Amma məni daha çox sevindirən və bir qədər də heyrətləndirən, onun cavan yaşında bu nüfuzlu qəzetə baş redaktor təyin olunması oldu. Bəli, o zamanın qeyri-adi hadisəsi idi bu. Çoxları bilməsə də, mən bilirdim ki, Bakı şəhərində onun heç bir kimsəsi, arxası yoxdur.

Bir tələbə yoldaşı, bir həmkar kimi məndən umacağı da vardı; onun baş redaktor olduğu qəzetə məqalələr yazım və mən çalışırdım ki, ara-sıra da olsa, onun sifarişinə əməl eləyim. Görüşəndə giley-güzarını da gizlətmirdi və mən hiss eləyirdim ki, redaksiya "intriqa" meydanına çevrilib, "köhnə nəsil" onun iş prinsiplərini qəbul etmək istəmir. Bütün bunlara baxmayaraq, o dözdü və uzun bir zaman kəsiyində cəmi Azərbaycan müəlllimlərinin ünsiyyət vasitəsi olan bu mötəbər qəzet onun istədiyi kimi çap olundu.

Bəli, o, mətbuat aləmində özünü cavan yaşlarından tanıda bilmişdi və sonralar, zamanın ən mötəbər, ən çoxtirajlı dərgilərindən biri olan "Gənclik" jurnalına məsul katib vəzifəsinə məhz onun dəvət olunması da təsadüfi deyildi. Sanki Məmməd İsmayıl bilirdi ki, bu yeni jurnalın nəşrində onun qolundan kim tuta bilər.

O, özü də istedadlı insanlara arxa, dayaq olmaqdan zövq alırdı. Bir dəfə zəng vurub dedi ki, bizim zəngilanlı Şükufə Əliyeva sizin jurnala yeni hekayələrini göndərib. Və mən dərhal onu sevindirdim: "Şükufə Əliyevanın tapşırılmağa ehtiyacı yoxdur". Və həqiqətən də, çox keçmədi ki, Şükufə xanımın silsilə hekayələri çap olundu və üstəlik də, ilin ən yaxşı hekayələri nominasiyasında "İsi Məlikzadə ödülünə" layiq görüldü.

Ötən əsrin doxsanıncı illərində mən Orta Asiya səyahətim haqqında "Buxara əsirinin sirri" adlı bir sənədli povest yazıb "Azərbaycan" jurnalında çap etdirəndən sonra ilkin təbrik zənglərindən biri də Məhəmməd Baharlıdan gəldi və mən dərhal hiss elədim ki, onun diqqətini çəkən və sevindirən məqamlardan biri də mənim Turanda rast gəldiyim Baharlı tayfalarından bəs etməyimdir. Bəli, bu, həqiqət idi: Aşqabad yaxınlığında gecələməli olduğum Baharden qəsəbəsində görəndə ki, burda insanlar türkmən ləhcəsində yox, eynilə bizim kimi danışırlar, həqiqətən də heyrətlənmişdim. Yerli qocalardan biri isə qulağıma pıçıldamışdı: "Biz türkmən deyilik, baharlıyıq".

Əlbəttə, mən yuxarıda adı çəkilən sənədli povestdə bu barədə ətraflı bəhs etmişəm. Amma sözüm onda yox, Məhəmməd istəyirdi ki, mən onun dəstəyi ilə bu povestı kitabça halında nəşr etdirim. Əlbəttə, mən onun imkanlarını bilirdim və buna razı olmadım, o yazı kitab halında bir neçə il sonra Kamil Vəli Nərimanoğlunun köməyi və "Ön söz"ü ilə nəşr olundu. Kamil müəllim bu yazıda, günbəgün aktuallaşan İpək yolu layihəsi ilə paralellər görmüşdü və hətta türkiyəli araşdırmaçı Hüseyn Adıgözəllə birlikdə bu yazını Türkiyədə də nəşr etdirmək istəyirdi.

Baharlı, təqaüdə çıxandan sonra da, tələbəlik illərində olduğu kimi, şeir yazmağa başlamışdı və hərdən təzə şeirlərini mənə oxuyanda soruşurdum ki, niyə çap etdirmirsən? "Mən özümü ovutmaq üçün yazıram" deyirdi... Bəli, mənim tələbə dostum həm də asan anlaşılan bir insan deyildi.

Pandemiya başlanandan xeyli sonra görəndə ki, tələbə dostumdan xəbər yoxdur, qərara aldım ki, özüm ona telefon açım. Və çox keçmədi ki, Məhəmməd Baharlıdan yox, "robotdan" səs gəldi: "Aradığınız nömrə mövcud deyil..."

Əslində, bu, mənim üçün SƏSİN QARA XƏBƏRİ idi. Dərhal vaxtaşırı əlaqə saxladığım digər tələbə yoldaşımla - uzun illər "Kommunist" qəzetində zona müxbiri işləmiş Rafiq Həsənovla əlaqə saxladım... Bu ağır xəbəri qəbul etmək çox çətin oldu. Axı o, 75 yaşının tamamında özü də məclis qura bilərdi və görərdi ki, onun ziyarətinə kimlər gəlib!..

Nə yaxşı ki, onu unutmayanlar daha çoxdur. Keçən çərşənbə isə həmkarım Azad Qaradərlidən zəng gəldi: "Məhəmməd Baharlı haqqında Qulu Məhərrəmli ilə birlikdə xatirə kitabı hazırlamaq istəyirik, bir şey yazarsınızmı?" Və mən bu yazını yazdım. Əslində isə, sanki bu yazı mənim dilimin ucunda imiş...

 

 

 

 

 

 

 

 

 





07.03.2023    çap et  çap et