525.Az

Mao Tszedunun və Titonun lənkəranlı tələbə yoldaşı - Etibar Əhədov yazır


 

Mao Tszedunun və Titonun lənkəranlı tələbə yoldaşı - <b style="color:red"> Etibar Əhədov yazır</b>

1925-ci ildə Moskvada Şərq Zəhmətkeşləri Kommunist Universitetində təhsil alanlar arasında dünyanın bir çox tanınmış şəxsiyyətləri - Mao Tszedun, Palmiro Tolyatti, Ənvər Xoca, Manolis Qlezos, Kim İr Sen və başqaları vardı. Azərbaycanın vətənpərvər oğlu, ictimai və siyasi xadim, tanınmış müəllim, dəyərli ziyalı Cəbrayıl Səttar oğlu Səttarzadə də onlarla bir qrupda oxuyub.

Lənkəran Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri işlədiyim dövrdə coğrafiya elmləri namizədi, dosent Ağazeynal Qurbanzadə dayısı Cəbrayıl Səttarzadə haqqında iftixar və qürur hissi ilə danışardı. Deyərdi ki, biz Cənubi Azərbaycanda demokratik hərəkatın rəhbərlərindən biri, Azərbaycan xalqının milli azadlığı uğrunda fədakar mübariz Səttarxanın nəslindənik.

Ədəbiyyatşünas-tədqiqatçı Ramiz Atakişiyevdən 60-cı illərdən Cəbrayıl müəllimlə dostluq etdiyini eşitmişdim. Qəhrəmanımızın həyat və fəaliyyəti haqqında ilk məlumatı da ondan almışdım.

Sən demə, Cəbrayıl Səttarzadə 1905-ci ildə İran Astarasında anadan olub. İlk təhsilini orada alıb (1914-1923), gənc yaşlarından inqilabi hərəkata qoşulub. İranda siyasi fəaliyyətinə görə yerli hakimiyyət orqanları tərəfindən həbs edilib, 1925-ci ildə həbsxanadan qaçaraq Sovet Azərbaycanına gəlib. Elə həmin il Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə daxil olub. 1921-ci ilin aprel ayından fəaliyyət göstərən bu məktəb Sovet Şərq ölkələri və dünyanın bir çox ölkələri üçün partiya, sovet və ictimai işçilər hazırlayırdı.

Tələbələr hələ o dövrdə dünya siyasət aləmində tanınmırdılar. Universitetin ictimai həyatında, o cümlədən, Moskvada təşkil olunan mədəni-kütləvi tədbirlərdə iştirakı gənc Cəbrayıl Səttarzadənin dünyagörüşündə də mühüm rol oynadı. Moskvada, Qurultaylar Sarayında Oktyabr inqilabının ildönümünə həsr edilmiş yığıncaqda iştirakı isə illər boyu yadından çıxmadı. Lenin artıq bir il idi ki, həyatda yox idi. Onsuz dövlətin necə idarə olunacağı haqqında ölkədə söz-söhbətlər gəzirdi. Amma həyat davam etdi, Cəbrayıl Səttarzadə və ideya dostları gələcəyə ümidlə baxırdılar.

Cəbrayıl Səttarzadə. 1935-ci il.

Üç illik təhsildən sonra hərə öz vətəninə qayıtdı. Onlar üçün yadigar qalan isə xatirə şəkil oldu, bu gün də şəkil öz tarixini itirməyib. Budur, bir qrup gəncin təsvir olunduğu şəkil qarşımızdadır.

Şəkildəkilərə baxırıq, birinci sırada Yunanıstanın ictimai-siyasi və dövlət xadimi, "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı və Beynəlxalq Sülh mükafatı laureatı Qlezos Manolis dayanıb. Onun yanında Cəbrayıl Səttarzadə oturub. Daha sonra İtaliya və beynəlxalq kommunist və fəhlə hərəkatı xadimi Palmiro Tolyattini görürsünüz.

İkinci sırada, soldan ikinci Çin Kommunist Partiyasının sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı olmuş Mao Tszedundur (1893-1976). Ondan sonra Yuqoslaviyanın dövlət və hərbi xadimi, marşal Broz Titodur (1892-1980). Broz Tito üç dəfə Yuqoslaviyanın Xalq Qəhrəmanı adnı alıb.

Üçüncü sırada, sağdan birinci Kim İr Sendir. O, Koreya və beynəlxalq kommunist hərəkatı xadimi, Koreya Xalq Demokratik Respublikasının siyasi və dövlət xadimidir. Sağdan dördüncü Albaniya dövlət və siyasi xadimi Ənvər Xoca (1908-1985) dayanıb.

Moskva təhsilindən sonra Cəbrayıl Səttarzadə Azərbaycan Daxili İşlər Komissarlığında şöbə rəisi (1928-1933) vəzifəsində işə başlayıb. Nazirlikdə işlədiyi dövrdə dəyanət, prinsipiallıq, qətiyyət, mübarizlik onun iş prinsipinin əsasını təşkil edib. İnsafı, ədaləti əldən vermədən, hər bir vətəndaşın hüquqlarına hörmətlə, ədalət prizmasından yanaşıb. Sonralar Lənkəran onun tale yazısına çevrilib, 1934-1936-cı illərdə sovet-partiya məktəbinin direktoru olub. 1936-cı ildə Lənkəran Xalq Maarif Şöbəsinin müdiri təyin edilib. Daha sonra, 1940-cı ildə Lənkəran pedaqoji məktəbinin direktoru işləyib.

Şəkildə: Birinci sırada (soldan): Manolis Qlezos, Cəbrayıl Səttarzadə, Palmiro Tolyatti. 2-ci sırada: (soldan 2-ci) Mao Tszedun, İ.B.Tito, (sağdan 4-cü) Ənvər Xoca. 3-cü sırada: (sağdan 1-ci) Kim İr Sen
Foto 1925-ci ildə çəkilib.

Lənkəran pedaqoji məktəbində tədrisin keyfiyyətinin yaxşılaşdırılmasında məktəbin direktoru Cəbrayıl Səttarzadənin əməyi az olmayıb. Məktəbə direktorluğu dövründə keçmiş SSRİ-nin siyasi həyatında gərginlik varmış. Məktəbdə təhsil dövrün tələblərinə uyğunlaşdırılaraq gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət artırılıb.

Lənkəran pedaqoji məktəbi müharibə ərəfəsində - 1940-cı ilin may ayında Salyana, sonralar Cəlilabad rayonunun indiki Göytəpə qəsəbəsinə köçürülüb.

Pedaqoji məktəb başqa yerə köçürüldükdən sonra Cəbrayıl Səttarzadəni Azərbaycan KP MK-nın təbliğatçılar məktəbinin direktoru təyin ediblər. Daha sonra Yardımlı Rayon Xalq Maarif Şöbəsinin müdiri və Lənkəran rayonunun Sara adası orta məktəbinin direktoru (1944-1947) işləyib.

Kiçik qardaşı - uzun illər Azərbaycan Dövlət Universitetində kafedra müdiri işləmiş kimya elmləri doktoru, Əməkdar elm xadimi, professor İsrafil Səttarzadə Böyük Vətən Müharibəsi cəbhələrində batalyon komandiri olub, 73 yaşında, 1983-cü il fevralın 29-da Bakıda vəfat edib.

Cəbrayıl müəllim ömrünün son illərində Lənkəran rayonunun Nərimanabad qəsəbəsində yaşamış, onun ictimai həyatında fəal iştirak etmişdi. Söhbətlərində Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə oxuduğu illər, tələbə yoldaşları, sonralar dünyanın görkəmli siyasi liderləri və dövlət xadimləri kimi tanınmış Mao Tszedun, Palmiro Tolyatti, Ənvər Xoca, Manolis Qlezos, Kim İr Senlə bağlı xatirələr də yer tuturdu. Deyərdi ki, Mao Tszedun ciddi adam idi, ilk anda qaraqabaq görünürdü, Broz Tito isə şən zarafatları ilə seçilərdi. Ənvər Xoca və Palmiro Tolyatti universitetin ictimai həyatında fəal iştirakla seçilərdilər. Kim İr Senin yerişində və danışığında qətiyyətlilik, sərtlik vardı. Amma hər biri təmsil etdiyi ölkənin gələcəyi üçün fikirləşir, yüksək arzularla yaşayırdı.

Cəbrayıl Səttarzadə sonrakı illərdə tələbə yoldaşları ilə əlaqə yarada bilməsə də, mətbuatdan, kütləvi informasiya vasitələrindən onlar haqqında xəbər tutur və tələbə yoldaşlarının dünya siyasətində qazandıqları uğurlarına sevinir, belə şəxsiyyətlərlə bir qrupda oxuduğuna fəxr edirdi.

Cəbrayıl Səttarzadə 1969-cu ildə Lənkəranda vəfat edib. Bacısı oğlu Ağazeynal Qurbanzadə bildirdi ki, vəsiyyətinə görə Cəbrayıl Səttarzadə İran İslam Respublikasına daha yaxın olan Şimali Azərbaycanın Astara şəhər qəbiristanında dəfn edilib.

İllər hiss edilmədən keçir, indi hər şey arxada qalıb. Həyatının 64 illik dövründə Cəbrayıl Səttarzadəyə qalan yaxşı, təmiz ad, xalqın hörmət və nüfuzu oldu.

 

 

 





07.03.2023    çap et  çap et