525.Az

Dünya, bir sirrini aşkar et mənə...


 

Dünya, bir sirrini aşkar et mənə...<b style="color:red"></b>

Fidan Rzayeva - ərəbşünas, tərcüməçidir. Uzun illərdir ki, Bakı Dövlət Universitetində dərs deyir. Rus, türk, ərəb dillərindən bədii mətnləri Azərbaycan türkcəsinə çevirib. Türk yazıçısı - Xalidə Ədib Adıvarın "Atəşdən gömlək", rus klassiki Anton Çexovun "İvanov" əsərləri Azərbaycan oxucusuna məhz onun tərcüməsində təqdim olunub. Tərcümələri bir neçə kitabda işıq üzü görüb, dərgilərdə yayımlanıb. Xalq şairlərimiz Rəsul Rza və Nigar xanım Rəfibəylinin ilk qız övladı olan Fidan Rzayevə son dərəcə qeyri-adi, dərin və maraqlı adamdır. Jurnalistlərin bədii yaradıcılıqla bağlı suallarına da zarafatyana - Bir ailədən neçə şair, yazıçı olar?! - deyib mövzunu dəyişir. Bildiyim qədəri ilə Fidan xanımın bir şeiri, bir essesi işıq üzü görüb. Anasına həsr etdiyi şeiri Anar müəllimin "Sizsiz" əsərində yer alıb. "Anar dünyası" kitabımı çapa hazırladığım günlərdə Anar müəllim Fidan xanımın ona həsr etdiyi "Yorğun gəmi" adlı essesini oxumağım üçün mənə verdi... Oxudum və kitaba daxil etdim. Sonralar da bir neçə dəfə müxtəlif tədbirlərdə, Ustadın yubileyi ərəfəsində İstanbul səfərimizdə onunla ünsiyyət qurmaq, müşahidə etmək imkanım olub. Amma bu dəfə Fidan xanımın simasında elə öz ailəsinə xas kübarlığın, əsilzadəliyin, özünəməxsus ağayanalığın sirrini az da olsa anlamağa çalışdım. İki gün öncə telefonla danışanda - elə evə gələrsən, evdə söhbət edərik - demişdi. Qədim binanın hündür pilləkənlərini qalxdıqca düşünürdüm - şok xəbər, sensasiya həvəskarı çağdaş jurnalistikamız bezdirib tanınmışların övladlarını. Serial ab-havasında söhbətlərlə, danışdıqlarını tərs yazıb başlığa "qandonduran", "tükürpədən" (bunlar da "sevilən" ifadələrdi) cümlələr  çıxaranların qeybət xarakterli yazılarıyla hər şey  ucuzlaşıb sanki. Və yubileyi ərəfəsində mənə zaman ayıran Fidan xanıma suallarımı müəyyənləşdirməkdə çətinlik çəkirdim... Amma elə hər guşəsi zövq, işıq, səliqə saçan evinə girən kimi söhbətə başladıq. Pəncərə önündə düzülmüş, Fidan xanımın özünün qulluq etdiyi otaq bitkilərinin üstünə düşən gün işığı gözlərimi qamaşdıranda yadıma düşdü ki, axı yaz gəlib. Hər gün qaçhaqov, dinamik həyat, başımızdan aşan işlər ən kiçik sevincləri belə yaxalamağa, doyunca yaşamağa imkan vermir. Bəzən iş-güc karvanından qopmaq, qaçhaqaç zamanın sürətini azaldıb daha dərin düşünmək ehtiyacı yaranır. Məndən ötrü Fidan xanımla söhbət məhz belə fürsət oldu...

 

- Fidan xanım, istərdim söhbətimizə elə tərcüməçi fəaliyyətinizlə başlayaq... 

- Deyə bilmərəm ki, özümü tərcüməçi hesab edirəm. Çünki bu işlə ardıcıl məşğul olmamışam. Sadəcə bəzən hansısa əsərlərin çevrilməsinə ehtiyac olub və bu işi boynuma götürmüşəm. Misal üçün, anam Xalidə Ədib Adıvarı çox sevirdi, onun "Atəşdən gömlək" əsəri bizim dildə yox idi, onu Türkiyə türkcəsindən çevirdim. Yaxud Çexovun "İvanov" əsəri dilimizə tərcümə olunmamışdı. Onu da çevirdim. Çexovu çox sevirəm... 

- Amma sanki "İvanov" onun ən sadə əsəridir... 

- Elədir. Çevirəndə də hiss etdim ki, "Qağayı", "Üç bacı" kimi dərin deyil. Amma bütün hallarda Çexovun əsərlərində qəribə bir hava, daxili həyəcan var ki, məni çox cəlb edir... 

- Ərəb mətnlərindən də, orijinaldan tərcümələriniz var. Bu və ya digər ərəb mətnləri içərisində klassik ədəbiyyat səviyyəsində əsərlər varmı?! 

- Deməzdim. Şərq təfəkkürü və düşüncə tərzi bu mətnlərdə üstünlük təşkil edir. Misir yazıçısı, Nobel mükafatçısı Nəcib Məhfuzu orijinaldan tərcümə etmək istəyirdim. Hətta əldə etdim də kitabı, amma həcminə baxanda tərəddüd keçirdim. Bilmirəm, vaxtım, enerjim çatarmı o həcmdə kitabı çevirməyə... 

- Sovet dövründə Ərəb dilini seçməyiniz maraqlı görünür! Bülbül adına Musiqi məktəbində təhsil alanda ərəb dili keçirdiz?! 

- O zaman Konservatoriya nəzdində Musiqi məktəbi adlanırdı. Mən oxuyanda on bir il oldu təhsil və mən oranı bitirəndən sonra qəti qərar verdim ki, Konservatoriyaya verməyəcəm sənədlərimi. Musiqi təhsilini davam etdirməyə həvəsim yox idi. Ona görə Universitetin Şərqşünaslıq fakültəsinə verdim sənədlərimi, ərəb dilini də orda öyrəndim. Çox xoşuma gəlirdi bu dil. Atam heç razı deyildi bu seçimimlə, deyirdi - ərəb dilini öyrənib molla olacaqsan?! (gülür)

- Məgər onda belə bir "şans" ola bilərdi?! 

- Yox, əlbəttə. Onda deyəsən Əlcəzairə getmişdim, Quran almışdım ordan, qayıdanda buraxmadılar sərhəddə. Amma Ərəb ölkələri ilə iqtisadi əlaqələr qurulurdu və bu dili bilənlərə ehtiyac vardı. Hətta biz universitetdə oxuyanda bəzən bütün bir qrupu üçüncü kursdan tərcüməçi kimi ezam edirdilər o ölkələrə. 

- Siz də çalışmısız Suriyada...  

- Bəli onda da sıx əlaqələr qurulurdu. Mən yoldaşımla bərabər Suriyada işləyəndə Fərat çayı üzərində sədd tikirdi Sovet hökuməti. Bizə orda qalıb fəaliyyətimizi davam etdirməyi təklif edirdilər. Amma mən razılaşmadım, çünki valideynlərimdən uzaqda darıxırdım. 

- Onda Sovet nümayəndə heyətinin tərkibində Rəsul Rza da gəlmişdi Hələbə və Nəsiminin qəbrinin tapılmasının siz də iştirakçısı oldunuz... 

- Bəli, atamın və qaynatam Süleyman Vəzirovun Hələbə gəlişi böyük sürpriz olmuşdu bizim üçün. Onda atam Nəsiminin qəbrinin yerinin tapılması məsələsini qaldırmışdı orda. Biz də tərcüməçi kimi həmin görüşdə idik. Növbəti gün Nəsimi soyadlı, elə şairin öz nəslindən olan bir adamın həyətinə apardılar bizi, qəbir orda imiş. Üzərində şairin şeirlərindən misralar yazılmışdı, köçürüb atama da vermişdim o şeiri. 

- Bədii yaradıcılıqla ara-sıra məşğul olursuz? Çap eləməsəniz, üzə çıxarmasanız belə, nələrsə yazırsız?!  

- Uşaq vaxtı atam başımızı qatmaq üçün - nələrsə yazın - deyirdi. O zaman yapon hoqqularına marağımız vardı. Oxuyurduq hoqquları və özümüz də o üslubda bəndlər yazmağa cəhd edirdik. Mən də yazırdım, Anar da, Araz Dadaşzadə də, Rəhman Bədəlov da... Amma bu, elə-belə yeniyetməlik, gənclik həvəsi idi. İraqda işləyəndə, anamın ölümündən iki il sonra idi, onun doğum günündə Bakıda ola bilməmişdim... Birdən nəsə bir içimdən gəldi, şeir yazıldı, Anara verdim o şeiri. Məndən xəbərsiz "Sizsiz"ə salmışdı. Sonra əsər çıxmazdan əvvəl ehtiyatla mənə deyirdi - "qorxuram səndən, amma bir şey etmişəm..." Mən də təəccüblənirəm ki, axı sən məndən nə zamandan qorxan olmusan?! (gülür) Sonra "Sizsiz"dən oxudum öz şeirimi... Şeir demək olarsa, elə-belə bir anlıq hissə qapılıb yazdığım mətndi. Sonralar bir-iki hekayə də yazdım, vəssalam. 

- Çox kədərlidi "Sizsiz"dəki həmin şeir. Xüsusən ana ilə birgə "uğunub gülmək" arzusu qəmləndirir adamı...  (Bu məqamda haşiyəyə çıxıb Fidan xanımın yeganə çap olunmuş şeirini oxuculara təqdim edirəm...)

Bu gecə, bu gecə
Keçəcək qorxular,
vahimələr,
Gələcək yerinə xəyallar.
Açılacaq cənnət qapıları
taybatay.
Səni görəcəyəm
sağ-salamat.
Əlini uzadıb sığallayacaqsan
ipək saçlarımı.
Bağrına basacaqsan məni.
Deyəcəksən: qorxma,
mən yanındayam.
Nədənsə, kəkotu ətri gələcək
cənnətdən
Ürəyimin çilik-çilik qəlpələri
cingildəməyəcək içimdə
Boğazıma tıxanmayacaq
yaş düyünü
səsini eşidəndə.
Deyəcəksən yenə: "Ay aman,
bu qız nə arıqdı,
canına bir az fikir ver, ay bala",
Uğunub güləcəyəm
əvvəl mən,
sonra sən
Elə-belə, səbəbsiz
uğunub güləcəyik ürəkdən.
Xoşbəxt gülüşümüz,
Səslənəcək cənnətdə
Qorxusuz,
itkisiz,
ölümsüz
cənnətdə.
28 iyul, 1984. İraq

- Hər gün yada salırsız valideynlərinizi?! 

- Bəli. Əvvəllər daha çətin idi. Anamı bir an unutmurdum. Sanki bütün günü mənimlə idi. Hər gecə yuxuda görürdüm, hər an elə bilirdim yanımdadı. Amma zaman keçdikcə o "acı tam" keçdi elə bil... 

- Çox gözəl yumoru olub Nigar xanımın...  Yəqin çox şeyləri  həm də təbəssümlə yada salarsız... 

- Elədi. Atamla müəyyən pərdə, məsafə vardı aramızda. Atam Anarla daha yaxın idi. Çünki Anar yaşca böyük idi, eyni zamanda onları məslək birləşdirirdi. 

- Təranə xanıma da xüsusi incəliklə yanaşıb Rəsul Rza... Məktubları var sizə - Təranəni incitməyin - deyir...  

- Təranə uşaq vaxtı da elə gözəl qız idi ki, atamgilin ondan ötrü ürəkləri gedirdi. İri, gözəl gözləri, qıvırcıq saçları vardı. Atam da, Ənvər də "kukla" kimi oynadırdılar onu... Mən isə daha çox anamla yaxın idim. Onunla zarafatlarım da vardı. Deyirdim - "Düzünü de, sən məni bunlardan - (yəni Anar və Təranədən)  daha çox istəyirsən də hə?!" O da, gülə-gülə özündən çıxırdı - "boynuma qoyma, niyə axı səni daha çox istəməliyəm, hamınızı eyni sevirəm..." - deyirdi. Amma mən heç məhəl qoymurdum, yenə təkrar edirdim ki, guya məni daha çox sevir... (gülür) Anarın da yadımda qalan bir zarafatı vardı. Anam biz ailə qurandan sonra bir adəti vardı, hər həftə sonu plov bişirirdi və onlarda yığışırdıq. Anar hər dəfə deyirdi anama - Sən aş bişir, amma bunları çağırma, mən tək gəlim yeyim... (gülür) 

- Nigar xanım öz bəy nəsli və ailəsinin kədərli taleyi haqqında heç danışmayıb sizə?! 

- Yox, inanın ki, bu mövzular ancaq zarafatda danışıla bilərdi. Özü də daha çox atamla anamın bir-birinə zarafatyana atmacaları ilə. Anam atama xan balası, ya da atam anama Bəy qızı filan deyib sataşırdılar. Biz də gülürdük... Amma indi düşünürəm ki, o ağrını içində gəzdirib anam. Bizimlə isə ancaq xoş danışıb, zarafat edib... 

- İllər sonra suallarınız çoxdu onlara?! 

- Çoxdu, lap çoxdu. Məsələn, biri elə bu... Anamın atasının "xalq düşməni"  kimi həbsi, aparılıb güllələnməsi. Biz heç vaxt bu barədə danışmamışıq. Özü də bu mövzuya heç toxunmayıb. Yaxud atamla anam beş il Moskvada oxuyublar, nişanlı qalıblar, niyə evlənmirdilər bəs?! Bu da sualdı mənim üçün. Axı elə bir dəbdəbəli toy da etməmişdilər, evdə bir neçə dostla, qohumla yığışıb məclis qurmuşdular...  Başqa da suallarım olur ikisinə də... Amma onların cavabını özləri ilə aparıblar, təəssüf! 

- Nigar xanımın anası Cəvahir xanımın taleyi kədərlidir... Bəy ailəsinin xanımı, Gəncədə ev-mülk və sonra ərinin güllələnməsi, Bakıda balaca bir evdə yaşamaq  məcburiyyəti. Özü də hər an sürgün təhlükəsi ilə üz-üzə... 

- Hə, onun da haqqında düşünürəm. Təsəvvür edin bəy qızı, yoldaşı cərrah.  O babamla birgə Xarkovda yaşayıb. Ordan Gəncəyə gələndə başında şlyapa, əynində Avropa paltarı... O mühit üçün çox qəribə idi. Ona görə şlyapaları filanı yığışdırıb qoyub sandıqlara, çarşab taxmayıb, amma yüngül kəlağayısı olub. Qabaqlarında qulluqçu işləyib, hər şeyləri olub. Amma əri gedəndən, güllələnəndən sonra çox ağır vəziyyətə düşüb. Bir adam ki, ömrü boyu işləməsin və birdən belə həyat. Balaca, alaqaranlıq otaqda yaşamağa məcbur olmuşdu. Anam aparırdı məni hərdən onun yanına. Mən dünyaya gələndə çox sevinirmiş ki, nəhayət Nigarın yanında bir qız uşağı olacaq... Evinə də gedəndə çox əzizləyirdi məni, deyirdi - nə istəyirsən bişirim sənə... Mən də sadalayırdım yeməkləri. (gülür) 

- Sonralar gedib Gəncədəki evi tapdız?! 

- Bəli, ilk dəfə 90-cı illərin əvvəllərində, yeni müstəqillik qazandığımız  vaxtlarda idi gedişimiz. Onda belə söhbət yaymışdılar ki, guya Sovet dövründə evləri əlindən alınmış ailələr gəlib evlərin geri istəyəcəklər, alacaqlar filan. Ona görə biz Gəncəyə gedəndə Rəfibəylilərin evini göstərdilər bizə. Qapını döyəndə qadın açıb bizi gördü və qorxdu. Onda mən dərhal dedim ki - narahat olmayın, qorxmayın, öz evinizdi yaşayırsız, sadəcə baxmaq istəyirik. Bizim belə niyyətimiz yoxdu. Sadə bir ev idi əslində. Aşağıda yarımzirzəmidə tağlar vardı... Görünür ərzağı filanı orda saxlayırmışlar. 

- Bütün danışıq tərzinizdə, davranışınızda o kübarlıq, əsilzadəlik duyulur. Özünüz fərqindəsiz bunun?! 

- Yox, bu haqda düşünmürəm. Yəni, baxın mən filan ailədən, filan nəsildənəm düşüncəsi, davranışı yoxdu xasiyyətimdə. O insanlar doğrudan da böyük işlər görüblər, biz də sadəcə onların ailələrinin, nəsillərinin davamçılarıyıq. 

- Bəs Rəzul Rzanın, Nigar xanımın övladı olduğunuzu hər yerdə deyirlər, yadınıza salırlar?! 

- Anarın bacısı olduğumu da... (gülür) Daha mən özüm yaşlı adamam, amma camaat hərdən filankəsin qızıdı, filankəsin bacısıdı deyir. Bir dəfə gülməli bir şey olmuşdu. Hardasa istirahətdə idim deyəsən. Bir xanım yaxınlaşdı, dedi - siz Rəsul Rzanın qızısız?! Dedim - bəli... Elə bircə bu sözü deyə bildim - bəli. O da başladı - amma mənim atam .... Və bir saat öz atası və ailəsi haqqında danışdı mənə. (gülür) 

- Axıra kimi dinlədiz?! Amma sizin ailədə özündən demək, özünü öymək, tərifləmək ədəbsizlik sayılıb həmişə. Təsəvvür edirəm bir saat özündən deyən adama nə müsibətlə dözmüsüz...  

- Hə, inan ki, ən çox bundan əziyyət çəkirəm. Doğrudan da bizim ailədə heç vaxt heç kəs özünü tərif eləməzdi. Deyirəm də sizə, hətta valideynlərim öz ailələrindən də ancaq zarafata danışardılar. Kimsə özündən desə, bu, mədəniyyətsizlik sayılardı. Bəzən deyəndə - təvazökarsan, təəccüblənirəm. Axı təvazökarlıq xüsusi bir üstün keyfiyyət deyil. Belə olmalıdı normal adam. Başqaları da özündən deyəndə, özünü öyəndə dözmürəm, ya da zorla dözürəm... (gülür)

- Anar müəllimin xatirələrindən bir məqamı da anladım ki, ailənizdə bir-birinizə çox sadə, sakit, pafossuz münasibət olub. Hətta deyək ki, bir-birinin şeiri, yazısı haqda çox rahat danışa, hətta tənqid edə bilərdilər... 

- Elədir. Mən hətta anama sataşırdım da arada. Amma indi ağrıdır bu məni. O bütün günü bizim üçün çalışırdı, bizə baxırdı, yemək bişirirdi. Ancaq gecələr imkanı olurdu nə isə yazsın. Mən də gülüb deyirdim - yenə gül-çiçəkdən yazırsan. İndi düşünürəm, gərək etməzdim. 

- Rəsul Rzanın şeirlərini daha çox sevirdiz!? 

- Yeniyetməlik və gənclik illərində bəli. Atamın hər şeirin hadisə kimi, üsyankar, mübarizəyə, yeniliyə çağıran sənət əsəri kimi qəbul edirdik. Anamın şeirlərinə isə daha çox ənənəvi üslubda yazılan həzin, lirik parçalar kimi baxırdıq. Amma bilirsən, zaman keçdi, bu yanaşmam dəyişdi. Bir dəfə radioya dəvət etmişdilər ki, onların şeirlərindən parçalar oxuyum. Hər ikisinin kitabların oxudum, şeirlər seçdim və gördüm ki, anamın şeirlərini daha yaxından hiss edirəm, onları oxudum radioda. 

- Hər ikisindən ən sevdiyiniz şeirləri deyə bilərsiz?! 
- Atamın şeirlərindən ən sevdiyim kiçik bir bənd var... 

Günəş qızıl yaylığını 
dağ başında saldı, getdi. 
Göy sularda şəfəqlənən 
işığını çaldı, getdi. 
Təbiətdə nəyi vardı, 
bir qırpımda aldı, getdi. 
Varmı duyan bu həsrəti 
yer üzündə, insan kimi?!

- Folklordan gələn deyim tərzidir... 

- Həm mənzərə var burda, həm kədər var, həm də fəlsəfə... Özü izah etməyə çalışırdı o folklordan gələn deyimləri hamıya, amma təəssüf başa düşən az idi. 

- Nigar xanımdan ən sevdiyiniz şeir var?! 
- Mən niyə baxıram yollara, yenə?
Sən ki, bu yollardan gələn deyilsən.
Bir zaman qoymazdın ürəyim yana... 

(kövrəlir) Yox, deyə bilməyəcəm... Görürsən, adam yaşa dolanda, belə sentimental olur. 

- Bəzən Sovet dövründə yazılanlar tənqid olunur. Sovet ədəbiyyatı - deyə damğalanır və əsl dəyəri verilmir. Sizcə necə yanaşmaq lazımdı bu ədəbiyyata?! 

- Mənə elə gəlir ki, hər bir sənətkara onun yaşadığı dövrə, yazdığı əsərlərin sənətkarlıq xüsusiyyətlərinə görə qiymət verilməlidir. Atamın şeirlərindəki yenilikçilik, dilə və şeirə gətirdiyi yeni sözlər, deyim tərzi, intonasiya - bunlar təhlil olunmalıdı. O vaxtı hər yeni şeiri tənqidlə qarşılanırdı. Xüsusən Rənglər silsiləsi haqqında nələr yazmadılar?! Onda başa düşürdü ki, o zaman üçün qəlizdi, bəlkə intellektual poeziyadı, ona görə çətin qəbul olunur. İndi də deyirlər - Lenin poeması yazıb... Mövzuya görə necə ittiham etmək olar şairi?! Məsələn, mən soruşuram, Makedoniyalı İskəndər yaxşı adam olub? 

- Əla sualdı... No komment. Yorum yok... 

- (gülür) Ay sağ ol. Bəli, ona görə də Sovet dövrü şairlərinin üstünə düşmək ki, niyə o mövzuda yazmısan, niyə bu mövzuya toxunmusan - sadəcə gülməlidir. Həm də axı nələrdən keçməyiblər bu adamlar?! Kasıbçılıq, aclıq, repressiya, dünya müharibəsi, mühit, qorxu, xəstəliklər - daha insanın yaşaya biləcəyi hansı dərdlər, ağrılar, çətinliklər qalıb ki, onlar yaşamasınlar?! 

- Fidan xanım, bu haqda sizdən də, Anar müəllimdən də o qədər soruşulub, mətbuat bu mövzu ilə, "Ala gözlüm" mahnısı ilə o qədər "eksperimentlər" edib ki, düzü sualı verməyə çətinlik çəkirəm. Amma hər halda bu da şansdır mənim üçün... "Sizsiz" əsəri bir çox suallara cavab verir, ancaq sizin fikrinizi bilmək istəyirəm. Ürəyinizdə bir narahatlıq qalıbmı?! Heç düşünmüsüz ki, nahaq gizlətdiz Rəsul Rzanın ölümünü Nigar xanımdan?! 

- Xeyr. Bir an da tərəddüd etməmişəm bu haqda. Atam dünyasını dəyişəndə anam yataqda idi. Anar məndən soruşdu ki, nə vaxt deyək Nigara bu acı xəbəri?! Dedim - heç vaxt. Çünki bunu ona demək çox ağır nəticə verəcəkdi. Beş dəqiqədə itirə bilərdik anamı. 

- İnanırdız sağalacaq?! 

- Yox, bilirdik sağalmayacaq. Ümidimiz yox idi. Xəstəliyinin son mərhələsi idi. Özü də bir dəfə demişdi. Məhz belə: Məndən incimə, amma mən sağalmayacam. Bizim arzumuz sadəcə o idi ki, nə qədər bacarırsa, bizimlə olsun. Xəbəri demək isə, ona ölüm hökmü vermək idi. 

- Bunları "Sizsiz"dən oxuyanda hansı hissləri keçirdiz?! Əsərdə bir məqam yadımdadı Nigar xanımın Rəsul Rzanın yanında dəfn edilmədiyinə görə Anar müəllimə təsəlli verməyiniz.  

- Anar öz əsərini yazıb, həm də ictimai hadisələrin içində olan adam kimi. Biz iki qız - Təranə və mən bəlkə başqa cür hiss etmişik hər şeyi. O günlərdə Anar deyirdi anamızın yanında necə aparaq özümüzü, necə yalan danışaq ona?! Mən deyirdim, mən edərəm. Sanki unudurdum atamın yoxluğunu, anamla elə danışırdım ki, elə bil Rəsul sağdı. Anamın Fəxri xiyabanda dəfn olunmağını istəmirdim də... Anasının, ailəsinin yanında dəfn olunması daha düzgün idi... Bunu Anara deyəndə elə bil təsəlli oldu ona. 

- Sonralar onların böyük sevgisi və acı ayrılıqları haqda miflər də uyduruldu... İndi internetdə qabağıma çıxır hərdən. Guya Nigar xanım eyvandan baxırmış, cənazə keçir və xəbəri də olmur ki, Rəsulu aparırlar... 

- Nə danışırsız, Nigarın heç halı vardı?! Yataqdan qalxmağa halı da olmurdu. Həqiqətən bu mövzuda o qədər danışılır, "Ala gözlüm" mahnısı ətrafında o qədər yazırlar, sanki adiləşdirirlər bunu. Bizə xoş gəlmir bu. 

- Heç xatirələrinizi yazmaq arzunuz olur?

- Yox, Anar yazıb da ailəmiz haqda... Mən ondan sonra nə yaza bilərəm ki?! 

- Fidan xanım, Anar müəllim danışır ki, Yusif Səmədoğlu ilə birgə Vaqif Səmədoğlunun "Bəxt üzüyü" tamaşasına baxmağa gediblər. Tamaşadan çıxanda Yusif Səmədoğlu deyir - Ay Vaqulya, neyləmisən, qohumlarımız küsəcək bizdən... Görünür qohumların prototipləri çoxmuş əsərdə... Siz Anar müəllimin əsərlərini oxuyanda belə "qohumlar" görə bilirsiz?! 

- Anarın bütün əsərlərini oxumuşam. Yox, məncə, elə "qorxulu" nəsə yoxdu. Vallah o qədər qadınlar tanıyıram, deyirlər Təhminə mənəm... Gülməlidi bu. Neçə Təhminə olarmış. Anar o qədər gözəl işlər görüb ki, o qədər maraqlı əsərlər yazıb ki, bir Təhminənin kimliyi niyə düşündürür bu camaatı bilmirəm... Ümumiyyətlə, o romanı çox işlətdilər... Mən ən çox "Əlaqə" povestini sevirdim cavanlığımda. "Macal" gözəl əsərdi, kiçik bir hekayəsi var - "O haqlı idi" çox xoşuma gəlmişdi oxuyanda. Ümumiyyətlə, nə yazırsa, hamısını maraqla oxuyuram. 

- Yubileyiniz haqda soruşmaq yersizdi bəlkə... 

- Bir neçə gündən sonra yubileyimdi, düzdü. Heç inanmazdım ki, bu yaşa çataram. Heç hiss etmirəm yaşımı. Düzdü sənədlərdən xəbərim var, amma onlara elə də fikir vermirəm. (gülür) 

- Mən də hiss etmədim söhbətimiz boyu bunu... Çox maraqlı auranız və energetikanız var. 

- Sən hər gün gəl danışaq da, belə gözəl sözlər deyirsən adama... (gülüşürük)

P.S. Fidan xanım həqiqətən hər gün ünsiyyət qurub nələrsə öyrənə biləcəyimiz insandı. Söhbətimizin yazdığım və özüm üçün saxladığım bütün anlarında durulurdum sanki... Yaşını demərəm! Amma bu gün anadan olduğu gündür. Əziz Fidan xanımı səmimi qəlbdən təbrik edir, ona cansağlığı diləyirəm.  
 

 





07.03.2023    çap et  çap et