525.Az

"Elgünü 12 ildən sonra tapmışdım…" - Şəhid anası


 

"Elgünü 12 ildən sonra tapmışdım…" - Şəhid anası<b style="color:red"></b>

Bu gün haqqında söz açacağım qəhrəmanımız Vətən müharibəsi şəhidi Elgün  Heydər  oğlu Sadıqovdur.

Elgün  Heydər  oğlu Sadıqov Ağdam rayonu Xındırstan kəndində 2000-ci ildə yanvarın 11-də anadan olub. 2006-cı ildə Elgün Sadıqov Ağdam rayon Xındırıstan kənd orta məktəbinin birinci sinfinə daxil olub və 2017-ci ildə həmin məktəbin XI sinifini bitirib. O, 2018-2019-cu illərdə  həqiqi hərbi xidmətə  olub. 15 aprel  2020-ci ildə müddətdən artıq hərbi xidmətə qəbul olunub və Ağdamda “N” saylı hərbi hissədə xidmət edib.

Şəhidin Anası Sadıqova Şənbə xanım deyir ki, onların ailəsində 3 övladı var, iki qız və şəhid Elgün:

"Böyük qızımız Lalə və ikinci övladımız Gülnarə. Evimizin sonbeşiyi Elgün idi. Balam orta təhsilli idi. Hərbi hissədə müddətdən artıq xidmət edirdi. Sürücü vəzifəsində idi. Elgünü 12 ildən sonra tapmışdım. O, mənə çox əziz idi. Həm də mənə çox bağlı idi. Mən onunla nəfəs alırdım. Oğlumun adına Ağdam və Bakıdakı orta məktəblərdə sinif otaqları,həmçinin abidə bulaq kompleksi var.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin! Mənim oğlum mənim igidim idi. Mən onunla həmişə fəxr etmişəm. O, bizə ən təmiz adı qoyub getdi. Bizdə onun adını daima ucalarda yaşadacağıq!"

Şəhidin bacısı Lalə xanım deyir ki, qardaşım çox mehriban idi: "O, hamının sevimlisi olub. O, nəinki bu qonşuların, bütün kəndin sevimlisidir. Heç kəsi incitməzdi, heç kəsə pis olmazdı. O, yaxşı idi deyə, elə bil onu Allah apardı..."

Azərbaycan Ordusunun əsgəri olan Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Elgün Sadıqov 23 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elgün Sadıqov ölümündən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ruhun şad olsun, igid qardaşım!

 

 





03.03.2023    çap et  çap et