525.Az

Qadın olmaq - Şahnaz Şahindən esse


 

Qadın olmaq - <b style="color:red"> Şahnaz Şahindən esse  </b>

Düz səkkiz ay əvvəl İstanbulda olarkən başlamışdım bu yazını, daha doğrusu qeydlər etmişdim. O gündən bəri hər şey elə telefonun qeydlər bölməsində qalıb, heç nəyə toxunmamışam... Nurcan da, Yasemin də, əslən qazax olan Ruhina da yüzlərlə eyni taleyi yaşayan qadınlardan biridir. Onlar hələ ayaqları torpağı tanımamışdan ərə verilən, sahibliyi, hüquqları valideynindən ərinə keçən qadınlardır. Yaşadığı yerdə əri tərəfindən şiddət görüb, basqı altında yaşamağın mümkün olmadığını biləndə, baş götürüb qardaş ölkəyə gələn Ruhinanın bir qızı var, həyat uğrunda mücadilə verən bu gənc qadının qarşısına nə yaxşı ki, yaxşı insanlar çıxıb. Onu yaşamaq üçün öz evinə alan yaşlı xanım elə evində də işlə təmin edib. Hətta qızının təhsil haqqını belə ödəməklə bu kimsəsiz tək qadına arxa, dayaq olub. Amma gəlin bir anlıq bunların əksini düşünək.., axı uğrumuza pis insanlar da çıxır...

Yaseminin həyat yoldaşı olsa da, həyatla demək olar ki, təkbaşına döyüşür. İlin 365 gününün bir saatını belə bir-biri ilə baş-başa qalmayan, dərdləşməyən, hansısa bir bayramı birlikdə qutlamayan ayrı, müxtəlif dünyanın adamları sanki məcburən bir yerdə yaşamağa məhkum edilmişlər. Bir övlad dünyaya gətirən bu 25 yaşlı qadın, öz ömrünü çoxdan başa vurduğunu söyləyir, indi övladım üçün yaşayıram deyir...

Yazarın gözü də, fikri də daim axtarışdadır. Qadınların ailədə, cəmiyyətdə, eləcə də dünyadakı rolu nədən ibarətdir? Nəyə görə ailələrdə əsasən oğlan uşağının doğulması toy-bayrama çevrilir, hətta bəzi ailələrdə doğuşlar ta oğlan uşağı olana qədər  davam etdirilir!.. Baxmayaraq ki, az qala  hamımızın əzbər bildiyi bir ayə var müqəddəs kitabımız olan Qurani-kərimdə: "Allah dilədiyinə qız, dilədiyinə oğlan uşağı bəxş edər. Kiminə həm oğlan, həm də qız uşağı verər, dilədiyini də sonsuz qoyar..."(Şura 49,50)

Nə qədər desək də, yenə bəzi ailələrdə oğlanı qız uşağından üstün tutur və hətta hər addımda bunu uşaqların özünə də hiss etdirməkdən belə çəkinmirlər. Oğlansansa, deməli bir addım irəlidəsən, üzünə bütün qapılar açıqdır, irad tutmazlar, qoruq-qaytaq eləməzlər, sənə hər şey olar.  Yox əgər qız doğulmusansa onda bir çox qadağalara hazır olmalısan... Elə haqqını birinci sənə həyat verən valideynlərin pozacaq, özü də guya səni düşünərək... Azərbaycanda dövlət səviyyəsində haqq etdiklərin onların vecinə gəlməz, birinci təhsil almaq hüququnu pozarlar. Lap cəhalət dövründəki kimi papaqla vuracaqlar, yıxılmadınsa verəcəklər özündən 10-15 yaş böyük birinə gedəcəksən!.. 

İllah da bir azca imkanlı yerdən ola damad.., bəh-bəh, ta ananın gözünə gecə də sevincindən yuxu getməz... Sənin arzuların, xəyallarınsa ürəyindəcə boğulub gedər!.. Bəs sonra.., ər evinə gedəndən sonra körpə canınla ailə qayğılarına gücün çatmayanda, çiyinlərin yorulanda neyləyəcəksən... Səsini duyuracaq kimin var, qızcığaz?.. Əmin ol ki, bu yenə valideynlərin olmayacaq, geri dönsən "qızın ər evindən meyiti çıxar" deyib ər evinə qaytaracaqlar...

Hərdənbir baxdığım bir sosial proqram var, necə talelər gəlib keçib onun yaddaşından... Amma heç beləsi olmamışdı, adı bir yaxın adamın qətlində hallanan gənc qadın sonda dəhşətli etirafları ilə hələ uzun müddət yaddaşları zəbt edəcək. On dörd yaşında ərə verilən, nə uşaqlıq nə də gəncliyini yaşamayan bu bədbəxt qadın göz yaşlarına boğularaq "məni heç vaxt, heç kim dinləməyib, fikir və düşüncələrim, arzularım heç kimi  maraqlandırmayıb"-dedi... Deməli əşya kimi rəftar ediblər onunla, həm cismi, həm ruhu istismar edilib bütün mənalarda...

Bəli, bu dünyada qadın olmaq zor işdir, hər addımda mücadilə verməkdir. Evliliyin nə olduğunu anlamadan, ailənin bütün məsuliyyəti üstünə yüklənən QADIN!.. Sən kimsən, heç düşündünmü?.. Sən, dözülməz ağrıların birincisini- ən güclüsünü yaşayaraq dünyaya insan gətirən güclü yox, çox güclü bir varlıqsan. Özünü səndən güclü hesab edən neçə sərkərdə son nəticədə döyüşü sənə uduzub çıxdı... Bəlkə elə başına gələnlər sənin güclü olmağındandır, axı insan özünü tanıyanda başqa bir insana çevrilir... Bunun üçünsə sənə fürsət verilməli, şərait yaradılmalıdır...

Qadına ən böyük dəyəri elə "cənnəti anaların ayaqları altına sərən" dinimiz verib, sonra da ölkəmizdə dövlətin qadın siyasətinin əsasını qoyan Ulu öndər Heydər Əliyev. O, qadının cəmiyyətdəki rolunu və təsirini çox yüksək qiymətləndirərək , onu "bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrət" adlandırmaqla, "ucalıq, ülvilik məbədi, ismət, qeyrət, qüdrət rəmzi" hesab edirdi. Qadına böyük hörmət və qayğı ilə yanaşan bu dahi şəxsiyyət həm də onların qarşısında yeni inkişaf yolları açdı, müxtəlif dövlət orqanlarında məsul vəzifələrə gətirilməsində böyük etibar nümayiş etdirdi...

Xurafatın hökm sürdüyü, qadınların heç bir hüquqa malik olmadığı dövrü çoxdan keçmişik, artıq 21-ci əsrin beşdən birini də geridə qoymuşuq, amma yenə də dünyaya dar bir dəlikdən baxanlar var. Təəssüf ki, nə qədər maarifləndirmə aparsaq da, təbliğat işləri görülsə də yenə yeniyetmə qızlarla bağlı tabuları sındıra bilmirik. Əgər bircə ailədə belə erkən nigaha yol açılırsa demək həyəcan siqnalı çalınmalıdır.

Qadın, adı kimi incə, sevimli bir varlıq... Qədim Çin fəlsəfəsinə görə də qadın yer, kişi isə səma enerjisinin daşıyıcısıdır. Yerlə Göyün birliyi, birlikdəliyi həyatın davamlılığı, yaşamın təminatıdır. Qadın-daşqını ram edən dağ, dağları yuyub apara bilən seldir... Qadına münasibət, müraciət əslində cəmiyyətin, toplumun özünün mədəni səviyyəsinin açarıdır. Kökü "katın" olan, əsrlərlə formasını dəyişərək "hatun", "xatun", "qadın"a çevrilən, özündə xanımlıq ehtiva edən, bir kişiyə yar olan, yarısına çevrilən ulu varlıq... Hər acının içindən bir şəkər tapan, ailəsi, həyat yoldaşı, övladı üçün min-bir əzaba qatlaşan fədakar qadın, niyə sənin əsl dəyərini verə bilmirik...

Deyl Kornegi: "Qadınların üzündəki ifadə üzərindəki geyimdən daha çox uğur qazandırır " - deyirdi. Bəli, qadın dünyanın sirli üzüdür, o güləndə dünya da gülür... Qadın və kişi birlikdə bir gücdür, biri digərini tamamlayır, hər ikisi həyatın davam etməsi səbəbidir, uçmaq və uçurmaq üçün açılmış qoşa qanaddır... Qəlb qəlbə, könül könülə söykənəndə isə bu güc yenilməz olur. Deyirlər qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir... Deyirlər...

 





08.03.2023    çap et  çap et